İlhamə Quliyeva ilə Flora Kərimova davası davam edir

İlhamə Quliyeva ilə Flora Kərimova davası davam edir
Noyabrın 21-də ATV kanalında yayımlanan "Burda və indi" verilişində iti ilə birgə qonaq olan xalq artisti Flora Kərimova yenə Türk dünyasının sənət kraliçası İlhamə Quliyevanın ünvanına atmacalar atıb. İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərlinin SİA-ya verdiyi məlumata görə, səhnədə olan gənclərə müraciət edən Flora Kərimova "gənclər böyük sənətkarların məsləhətlərinə qulaq asmasın" – deyib. Aparıcının "kimdir o sənətkar" sualına F.Kərimova belə cavab verib: "Deyim? İlhamə Quliyeva".

Mətbuat katibinin açıqlamasına görə, hər zaman İlhamə Quliyevanın uğurlarına göz yuma bilməyən Flora Kərimova bu dəfə də "ənənəsi"nə sadiq qalıb: "Növbəti dəfə gündəmə gəlmək üçün İlhamə xanımdan danışan F.Kərimova unutmasın ki, onun bir sıra işləri hələ məhkəmədədir. Dəfələrlə məhkəmə proseslərində İlhamə Quliyevaya uduzan F.Kərimova bundan usanmayaraq yenə ağlına gələnləri deməklə məşğuldur. Ancaq hər kəsin qiymətini verən xalq, tamaşaçıdır. Tamaşaçılar da aydın görür ki, bütün bunlar şou, reklam xətrinə deyilmiş fikirlərdir. İlhamə xanım indiyədək bir dəfə də olsun bu cür mənasız söz-söhbətlərə baş qoşmayıb, heç vaxt F.Kərimovanın adını dilinə gətirməyi özünə layiq bilməyib. Bu gün səhnədə olan istər gənc müğənnilər, istərsə də bəzi sənətkarlar hər zaman İlhamə xanıma hörmətlə yanaşır, onlar sənətkardan məsləhət alırlar. İlhamə xanımın fikirləri hər zaman örnək olub, sözü daşdan keçib. Bütün bunlar isə F.Kərimovanı narahat etməyə bilməz. Çünki özü heç vaxt gənclərə dəstək durmur, onlara sənətin sirlərini öyrətməyə cəhd etmir. Əksinə bu cür müqəddəs iş tutan insanları hədəfə alır. Yaxşı olardı ki, F.Kərimova bütün bu söz-söhbətə, deyingənliyə son qoyub sənəti, işi ilə məşğul olsun. Axı indi onun daha maraqlı işi var, gününü məhkəmə proseslərində keçirir. Özünə yeni bir məhkəmə predmeti gəzməsini məsləhət görmürük".

Bütün xəbərlər Facebook səhifəmizdə