NATO ilə Rusiya arasında mübarizə meydanı -CƏNUBİ QAFQAZ - TƏHLİL

NATO ilə Rusiya arasında mübarizə meydanı -CƏNUBİ QAFQAZ - TƏHLİL

Cənubi Qafqaz geosiyasi və strateji əhəmiyyətinə görə həmişə dünya dövlətlərinin xarici siyasətində ön planda durur. Bu region bir vaxtlar beynəlxalq gündəmdən kənar hesab edilsə də, Sovet İttifaqının dağılmasından, eləcə də sonradan yeni müstəqil dövlətlərin yaranmasından sonra həm qonşuları, həm də nüfuzlu qeyri-regional aktorlar üçün daha çox əhəmiyyət kəsb edib. Bu gün Cənubi Qafqaz Xəzər neftinin və qazının nəqli marşrutunda strateji mövqe tutan rəngarəng geosiyasi region sayılır.

Əlbəttə ki, sözügedən region Sovet İttifaqının dağılması nəticəsində yaranmış münaqişələr, həmçinin sosial-siyasi və iqtisadi problemlərlə üz-üzə qalmalı olub. Cənubi Qafqazda uzanan münaqişələr uzun müddət bu region üçün gərginlik mənbəyinə çevrilib. Doğrudur, NATO qeyri-müttəfiq ölkələrdəki münaqişələrin həllində birbaşa iştirak etməyib, amma etiraf etmək lazımdır ki, NATO ilə Rusiya arasındakı münasibətlər bu reagiondakı, Cənubi Qafqazdakı böhrana əhəmiyyətli dərəcədə təsir göstərib və hələ də öz təsirini itirməyib.

Bir-birinə zidd maraqlar məkanı olan Cənubi Qafqaz

Bolqarıstan və Rumıniya 2004-cü ildə NATO-ya, 2007-ci ildə isə Avropa Birliyinə üzv olduqdan sonra Cənubi Qafqaz dərhal NATO və Avropa təhlükəsizliyinin bütün strukturu üçün yeni sərhəd hesab edilməyə başladı. Ümumiyyətlə, NATO və onun üzvləri üçün Avrasiyanın təhlükəsizliyi baxımından Cənubi Qafqazın rolu son dərəcə vacib hesab olunub. Cənubi Qafqaza iqtisadi maraqların mərkəzi və mühüm nəqliyyat dəhlizi kimi baxıldığını etiraf edən avropalı politoloqlar da az deyil. Eyni zamanda, bu regiona maraq, ilk növbədə regionun Xəzər hövzəsi olmaqla təbii sərvətləri, eləcə də Rusiya, Türkiyə və İran olmaqla üç böyük, iddialı Avrasiya dövlətinin yaxınlığında olması ilə də əlaqədardır.

Sözügedən regionun nəqliyyat və enerji dəhlizi kimi mühüm əhəmiyyətə malik olması da bu regiona olan marağın daim artmasında mühüm rol oynayır. Bu gün Avropa Rusiya neftinə və təbii qazına olan asılılıqdan yaxa qurtarmaq arzusundadır və bu hal özü də Cənubi Qafqaz regionuna olan diqqəti artırır, çünki Xəzər hövzəsindəki təbii resurlara, enerji resurslarına maraq indi daha da artır. Avropa İttifaqı Rusiyanın ehtiyatlarından imtina etdiyi zaman Xəzər hövzəsi məhz bu siyasətin mərkəzi hesab olunur.

Öz geosiyasi oriyentasiyası baxımından üç Cənubi Qafqaz respublikası bir-birindən fərqlənir. Beləki, Azərbaycan dünya güclərinə münasibətdə müstəqil siyasət aparır, Ermənistan KTMT-nin üzvüdür, Gürcüstan isə açıq-aşkar şəkildə NATO-ya meylli mövqe nümayiş etdirir. Bu fərqlilik də əlbəttə ki, bir-birinə əks tərəflərin bir regionda iştirakına, ən azından həmin regiona nüfuz etməsinə şərait yaradır. Daha dəqiq desək, bununla da Rusiyanın regionda iddialılığı bir az da artır, NATO-nun mövcud olmamasına şərait yaranır. Bununla da regiondakı vəziyyətlə bağlı cəsarətlə demək olar ki, Cənubi Qafqaz Rusiya ilə NATO arasında oyun meydanı, mübarizə meydanı olaraq diqqəti cəlb edir.

NATO məhdud rola və imkanlara malik olmasına rağmən, keçmiş və hələ də davam edən münaqişələr fonunda Rusiya regionda daha çox iştirak edir və uzun müddətdir ki, regionda əhəmiyyətli təsirə malik olduğu göz önündədir. Ümumiyyətlə, Sovet İttifaqının dağılmasından sonra Rusiyanın postsovet ölkələrində hökmranlıq etmək niyyətində olduğu dərhal özünü büruzə vermişdi və bu strategiyanı xarici siyasətinin prioriteti elan etdiyi də sirr deyildi. Ermənistanda və Gürcüstanın separatçı bölgələrində hərbi mövcudluğu da daxil olmaqla, Rusiyanın regionda geniş mövcudluğu fakt olaraq qəbul edilir. İndi artıq Qərb və Rusiya arasındakı gərginlik rusların regiona marağını daha da artırır. Deməli, artıq Rusiyanın regiona marağı təkcə Cənubi Qafqaz siyasəti ilə əlaqədar deyil, bilavasitə Rusiya-NATO münasibətlərinin hansı müstəvidə, hansı səviyyədə olması ilə bağlıdır. Bir sözlə, Rusiya NATO-dan daha üstün mövqeyini əldən verməməyə, daha da möhkəmləndirməyə çalışır. NATO da öz növbəsində fəaliyyətsiz deyil və proqramlarının geniş çeşidi, yəni üzvlü və ya üzvlüyü olmayan şəkli vahid regional təhlükəsizlik mənzərəsini dəyişdirmək məqsədi daşıyır. Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramı NATO üzvləri və tərəfdaş ölkələr arasında siyasi və hərbi körpülərin qurulması üçün əvəzsiz alət hesab olunur və öz fəaliyyəti ilə NATO və Cənubi Qafqaz ölkələri arasında müdafiə sahəsində əməkdaşlığın və hərbi qarşılıqlı fəaliyyətin stimullaşdırılması və inkişafı üçün çox uğurlu mexanizm kimi sayılır.

Mübarizə meydanı olması Cənubi Qafqaz üçün təhlükə yaradırmı?

Maraqlıdır, NATO ilə Rusiya arasında olan mübarizə fonunda bu regionda hansısa təhlükələr varmi? Əgər varsa, nədən ibarətdir. Təbii ki, təhlükələrin mahiyyətini anlamaq üçün maraqların toqquşduğu sahələri müəyyən etmək gərəkir. Bunlar, ilk növbədə, Xəzərin neft-qaz yataqlarıdır. Bu sahədə NATO-nun maraqları Rusiyanın maraqları ilə ciddi şəkildə toqquşur. Elə Rusiyanın onilliklər boyunca “dondurulmuş münaqişələr”dən istifadə etmək niyyəti də səbəbsiz deyildi. Az qala əsrin üçdə birinə yaxın müddət ərzində Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistanı Rusiyanın həm iqtisadi, həm də hərbi cəhətdən dəstəkləməsi bu baxımdan təsadüfi sayıla bilməz.

Bəllidir ki, Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu balanslaşdırmaq üçün Qərbin effektiv siyasi və ya hərbi vasitələri yoxdur. Eyni zamanda, Ermənistanda Rusiyanın hərbi mövcudluğu Qərbin neft və qaz infrastrukturu və boru kəmərləri üçün ciddi və birbaşa təhlükə hesab olunur. Qərb heç bir şəkildə Rusiyanın üç Cənubi Qafqaz respublikasında öz yerini bərkitməsi ilə razılaşa bilmir. Mövcud vəziyyət Rusiyanın maraqlarına sərf etsə də, Qərb üçün bu sərfəli deyil. Çünki Rusiyanın iqtisadi və hərbi təsir dairəsini qoruyub saxlaması istənilən Cənubi Qafqaz dövlətinin NATO-ya tərəf yön almasının qarşısını alır.

Yeni qlobal risklər yarandıqca, təhlükəsizlik məsələsi ənənəvi institutların tez uyğunlaşmasını, məsuliyyətlərini, vəzifələrini və bəzən də onların sərəncamında olan vasitələri genişləndirməyi tələb edir. Bu gün əsas məsələlərdən biri məhz enerji təhlükəsizliyidir. NATO enerji təhlükəsizliyinin sürətlə Avropanın təhlükəsizliyi üçün mühüm məsələyə çevrildiyini və müttəfiqlər üçün ən mühüm çağırışlardan biri olduğunu başa düşdükcə, Cənubi Qafqazın əhəmiyyəti onun üçün daha da artır. Lakin enerji təhlükəsizliyi məsələsində NATO-nun Cənubi Qafqaz regionunda əsas rolunun qarşısında duran maneələr də var. Məsələn, Rusiyanın NATO ilə ortaq fəaliyyətlərdə iştirak etmək istəməməsi əsas maneələrdəndir. Eyni zamanda, enerji təhlükəsizliyi məsələsində daha çox iştirakla bağlı NATO daxilində də fikir ayrılıqları var və bu məqam da maneə hesab olunur.

Maneələrə baxmayaraq, enerji mənbələrinin şaxələndirilməsinə və enerji tranziti məsələlərində əməkdaşlığa getdikcə artan ehtiyac Qərbin Rusiya və Rusiyadan yan keçən etibarlı tranzit marşrutu kimi Cənubi Qafqaz regionuna daha çox əhəmiyyət verməyə vadar etmiş ola bilər. Həmçinin, Xəzər regionunun gələcək inkişafı Mərkəzi Asiyanın resurslarına əsas çıxışın təmin edilməsi ilə əlaqədar dünyada strateji tarazlığa mühüm təsir göstərməlidir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Cənubi Qafqazın rolu ABŞ tərəfindən də müsbət qarşılanır. Ağ Ev Azərbaycanın təşəbbüsü ilə “Şahdəniz II” yatağından hasil edilən qazın Avropa istehlakçılarına çatdırılmasını, “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir. Ona görə ki, enerji mənbələrinin şaxələndirilməsinə yönəlmiş mövcud alətlər və yeni təşəbbüslər Avropanın enerji təhlükəsizliyini və bütövlükdə Alyansın təhlükəsizliyini artırır. Burada NATO-nun da rolu Avropa İttifaqının enerji təhlükəsizliyi siyasətinə dəyər qatmaq və enerji təhlükəsizliyinə yol açmaq hesab olunur. Bu baxımdan, NATO Cənubi Qafqazda siyasi və iqtisadi sahədə baş verən prosesləri yaxından izləməkdə maraqlı görünür. Bu isə, öz növbəsində, maraqların toqquşması deməkdir. Deməli, Cənubi Qafqaz NATO ilə Rusiya arasında mübarizə meydanı olaraq qalır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə