"Radikal qrupların ictimai rəyi manipulyasiya etmək cəhdləri nəticə verməyəcək" - POLİTOLOQ ŞƏRH ETDİ
“Ayrı-ayrı radikal qrupların ictimai rəyi manipulyasiya etmək cəhdləri heç bir nəticə verməyəcək”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə ayrı-ayrı ölkə və qurumların Azərbaycana olan təzyiqləri və ölkə daxilindəki radikal müxalifətin fəaliyyəti ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin bölmələrinin artıq bir neçə gündür ki, Kəlbəcər və Tovuz istiqamətində törətdikləri təxribatlar bu ölkənin siyasi-hərbi hakimiyyətinin təcavüzkarlıq məqsədlərindən əl çəkmədiyini bir daha sübut edir: "Qəti şəkildə demək olar ki, sərhəddə baş verən təxribatlar sülh danışıqlarının pozulmasına xidmət edir. Törədilən təxribatlar, atəşkəsin pozulması, ərazilərin minalanması, rəsmi İrəvanın silah alışı ilə bağlı Hindistan və İranla apardığı danışıqlar, böhtan, şantaj kampaniyası və ən nəhayət Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi təzadlı bəyanatlar bu dövlətin sülhə hazır olmadığını açıq şəkildə ortaya qoyur.
Rəsmi İrəvanın bu şəkildə olan davranışları Ermənistanın Cənubi Qafqazda sülh və əməkdaşlıq, Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində təşəbbüsləri heçə saydığını nümayiş etdirir. Lakin təəssüf ki, işğalçı məlum olduğu halda, təcavüzkar məlum olduğu halda ABŞ, İran, Fransanın timsalında Azərbaycan əleyhinə bəyanatların şahidi oluruq. Düzdür bizlər uzun illər ərzində dünyanın Azərbaycan qarşı haqsız mövqeyinin dəfələrlə şahidi olmuşuq. Amma Fransa və İran kimi dövlətlərin indi sərgilədiyi mövqe bütün əndazələri aşır.
İkinci bir tərəfdən Azərbaycan və Türkiyənin aktiv şəkildə həyata keçirdiyi və özündə Türk dünyasının birliyini və inteqrasiyasını ehtiva edən siyasi fəaliyyət də dünya güclərini narahat edir. Böyük Türk birliyini həzm edə bilməyən güclər bütün vasitələrdən istifadə edərək Türk Dövlətləri Təşkilatında təmsil olunan ayrı-ayrı dövlətlərə qarşı bu və ya digər formada təzyiqlər göstərməyə cəhdlər edirlər.
Son iki gündür ki, Qazaxıstan və Qırğızıstanda baş verən hadisələr, Özbəkistandakı vəziyyət, ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan əleyhinə bəyantları, Yunanıstan vasitəsilə Türkiyəyə qarşı həyata keçirilən fəaliyyət onu deməyə əsas verir ki, beynəlxaq güclər olduqca narahatdırlar və çalışırlar ki, Türk dövlətləri öz daxili problemləri baş-başa qalsın və bununla da əsas hədəfdən yayınsınlar.
Ən narahatverici məqam isə odur ki, adını çəkdiyim dövlətlərin hər birinin daxilində ayrı-ayrı ölkələrin maraqlarına xidmət edən qruplaşmalar, ictimai şəxslər, siyasi partiyalar, dövlət məmurları, QHT-lər və s. mövcuddur. Məhz onların vasitəsi ilə ölkələrin daxilində gərginlik yaratmaq, iştişaşlar törətmək əsas hədəfdir və bu işdə müxtəlif ölkələrin xüsusi xidmət orqanları olduqca fəal şəkildə işləyirlər.
Təəssüf ki, bu cür qruplar Azərbaycanda da var və bizlərin hər biri radikal müxalifət təmsilçilərinin, AXCP, Musavat, Milli Şura kimi qrupların zaman-zaman öz bəyanat və açıqlamaları ilə düşmənin dəyirmanına necə su tökdüyünə şahidlik etmişik. Azərbaycan əleyhinə qətnamələr qəbul edən ayrı-ayrı ölkələrin və hətta ermənilərlə eyni mövqe sərgiləyən radikal müxalifət təmsilçiləri və onların ayrı-ayrı xarici ölkələrə sığınmış tərədarlarının fəaliyyəti göz önündədir və bu baxımdan da görünən dağa bələdçi lazım deyil.
Ölkəmiz üçün olduqca mühüm və həssas olan bu dönəmdə belə özünü milli birlikdən kənarda saxlayan və xalqla, dövlətlə həmrəylik nümayiş etdirə bilməyən bu ünsürlər etiraz aksiyalarına çağırışlar etməklə, bu aksiyalardan şou yaratmaqla bir daha hansı məqsədlərə xidmət etdiklərini ortaya qoyurlar. Əslində bunlardan hər hansı başqa addım gözləməyə də dəyməz. Belə ki, sentabr ayında ermənilərin təxribatlarına cavab olaraq Azərbaycan ordusunun keçiridiyi əməliyyata kölgə salmağa cəhd edən, ermənipərəst mərkəzlərin tezislərinə əsaslanaraq ictimai rəydə çaşqınlıq yaratmaq istəyənlərdən, dünyada neftin qiymətinin aşağı düşməsinə, çörəyin qiymətinin artmasına sevinənlərdən başqa nə gözləmək olar ki?
Onlar indiyə qədər olduğu kimi, yenə də anti-Azərbaycan mərkəzlərin sifarişlərini yerinə yetirdiklərini əməlləri ilə sübut edirlər. Azərbaycan hakimiyyətini yerli-yersiz tənqid etmək, müxtəlif yalanlar və böhtanlarla ölkəmizin imicini zədələmək yolu seçmiş radikal müxalifətin açıq-aydın ayrı-ayrı dövlətlərin sifarişini yerinə yetirdiklər gün kimi aydındır.
Təbii ki, hər bir demokratik dövlətin ümumilikdə ölkənin milli mənafeyini ön planda tutan, xalqın problemlərini gündəmə gətirən konstruktiv müxalifətə ehtiyacı var. Belə bir siyasi qüvvənin mövcudluğu həmin ölkəyə yalnız fayda gətirə, onun inkişafında, dünya birliyinə inteqrasiyasında mühüm amilə çevrilə bilər. Demokratiya yolunu seçən və bu yolda böyük məsafə qət edən müstəqil Azərbaycan Respublikası da ölkədə konstruktiv müxalifətin formalaşmasında maraqlıdır. Ancaq təəssüf ki, bu sözləri nə AXCP-yə, nə Musavata, nə də Milli Şura adlanan antimilli qurumda təmsil olunan digərlərinə aid etmək olmaz.
Onlar bir şeyi unudurlar ki, xalq artıq bunların kim olduğunu, nəyə, hara xidmət etdiyini bilir və ola ona görə də onların ictimai rəyi manipulyasiya etmək cəhdləri heç bir nəticə verməyəcək. Hakimiyyətdə olduqları bir il ərzində ölkəni uçuruma sürüklədiklərini, səriştəsizlikləri nəticəsində ölkəmizin iqtisadi böhranın məngənəsində boğuldunu, ölkənin vətəndaş müharibəsi həddinə çatdığını, məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluğun gündəlik həyatımızın reallığına çevrildiyini heç kim unutmayıb.
Bəli, 1993-cü ildən bugünədək Azərbaycan tamamilə dəyişib və inkişaf edib. Ölkədə dəyişməyən tək şey adını çəkdiyim bu qrupların təfəkkürləridir. Onlar 1992-ci, 1993-cü ildə necə olublarsa, bu gün də o vəziyyətdə qalıblar. Bu gün də həmin düşərgənin liderləri siyasi mübarizəni intellektual səviyyədə deyil, küçə təfəkkürü səviyyəsində aparır, xəyallarla yaşayırlar. Onların xəyallarının həqiqətə çevrilməsi isə qeyri-mümkündür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB