"Ermənistan: Qərbə bağlanmış ümidlər”

"Ermənistan: Qərbə bağlanmış ümidlər”

Müasir beynəlxalq münasibətlərdə, demək olar ki istənilən münaqişənin müharibə fazasına keçməsinin qarşısını alacaq diplomatik səylərin mövcudluğu, həmin münaqişənin sülh yolu ilə həllinə töhfə verərək, güc tətbiqi təhdidini minimuma endirir. Yetər ki, masa ətrafında alınmış qərarlar, masa dağıldıqdan sonra öz tətbiqinə nail olsun və tezliklə icra edilsin. Sülh yaradacaq olan bütün fəaliyyətlər isə təkcə regional yox, eyni zamanda beynəlxalq mərkəzlər tərəfindən də dəqiqliklə izlənilməli, sülh pozucuların təxribat meylləri adekvat cəzalandırılmalıdır.

Suveren hüquqlarla beynəlxalq birliyin müstəqil üzvü olan hər bir dövlətin sözsüz ki, həmin birlik qarşısında yerinə yetirməli olduğu mühüm öhdəlikləri vardır və güc tətbiqi heç bir halda bu öhdəliklərdən yayınmaq üçün bəhanələr təqdim edə bilməz. Heç bir dövlət, başqa bir dövlətin beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünə və siyasi suverenliyinə hücum edə bilməz, bu aqressiya istənilən halda işğal faktıdır və təcavüzkar dərhal cəzalandırılmalıdır.

Bütün bu sadalananlar təbii ki utopik düşüncə deyil; sülh və təhlükəsizliyə cavabdehlik daşıyan aktorların ən önəmli vəzifəsidir. Buna baxmayaraq, hüququn bir çox hallarda iki üzlülüyü, bəzi aqressorların cəzalandırılmadan qalmasına, bu cəzasızlığın isə növbəti işğal üçün iştah yaratmasına gətirib çıxarır.

Beynəlxalq öhdəliklər və hüququn aliliyinə baxmayaraq, Ermənistanın otuz ilə yaxın müddət ərzindəki işğalçı mövqeyinin sadəcə ara-sıra ziyarətlər və masada qalmış həll paketləri ilə sovuşdurulması, “yeni müharibə-yeni ərazilər” xülyasına qapılaraq, özgə torpaqlara yenidən tamah salmasına gətirib çıxarmışdı. Nəticədə, bütün dünyanın gözü qarşısındakı işğala, Xocalı kimi bir soyqırıma göz yuman, səsini çıxarmayan bir birliyin, otuz ildən sonra dili söz tutsa nə deyə bilərdi ki? Qətnamələrdəki hüquqi prinsipləri nəzərə alaraq, Azərbaycanın özünün təhlükəsizliyini özü təmin etməsi və həyata keçirmiş olduğu düşməni sülhə məcbur etmə əməliyyatı isə görünür bir çox “sülhə cavabdeh” dövlətin “sülh” anlayışına tərs düşüb. Axı qərb yüz illərdir “sülh üçün davamlı müharibə” tezisindən örnək alırdı.

İbn Haldun “Coğrafiya taledir” deyərkən, həmin coğrafiyanı özünə hazır torpaq tapandan yox, qan tökərək özünə vətən yaradanın talehindən bəhs edir. Yüz illərdir əcdadlarımızın üzərində qan tökdüyü bu torpaqlarda bugün onların nəvə-nəticələri vətən sevdasından şəhid olarkən, hansısa aktorun kənardan gəlib, nəticə yaratmağa, torpaqsızlara torpaq, evsizlərə hazır ev verməyə çalışması təbikii Azərbaycan kimi dövlət ənənəsinə və suveren dövlətçiliyə sahib bir güc mərkəzi üçün qəbuledilməz faktordur.

“Yaxşı müharibə və pis sülh yoxdur” deyən Benjamin Franklinin düşüncə tərzinin tam əksini özünün milli idealı hesab edən Ermənistan rəhbərliyi, müharibənin hər növünü bir xilas olaraq dəyərləndirərək, ardıcıl aldığı zərbələrdən usanmadan itirərək, sülhdən kənar bütün alternativləri dəyərləndirməyə çalışır. Ermənistanın itkiləri isə təkcə maddi yox, həm də mənəvidir. Ermənistan təkcə top-tank, canlı qüvvə, strateji nöqtə, mühüm döyüş mövqeləri itirməklə bərabər, həm də ağıllanacağına dair bütün ümidləri tükədir. Çünki, müharibənin ardından qalib ölkənin yerdə diz çökmüş məğlub tərəfə regional inkişaf üçün təklif irəli sürməsi, tarixdə görülməmiş iqtisadi jest mənasındadır. Ermənistan isə bütün aqressiv davranışları ilə özünü bütün regional proseslərdən kənar saxlayaraq, uçurumun kənarına doğru sürükləyir. Maraqlısı isə budur ki, uçurumun kənarına doğru sürətlə qaçan Ermənistan rəhbərliyi, həmin uçurumda əlindən tutub saxlayanın kim olduğunu və nə üçün əl uzatdığını belə dövlətçilik ağlı ilə ölçüb-biçmədən dərhal əl uzadaraq, yardım umur.

Görünür sentyabr ayı ermənilərin milli ənənəvi təxribat ayıdır. Çox yox, hələ iki il bundan əvvəl, 2020-ci ilin sentyabr ayındakı təxribatlarının öz adlarına sadəcə 44 gün ərzində necə bir biabırçı məğlubiyyətlə nəticələndiyini unudublar. Hər təxribat erməni tərəfinə əvvəlki sahib olduqlarının həsrətini çəkdirir. Çünki, ardıcıl itkilərlə məhvə doğru sürüklənərək, hər yöndən itirir.

Erməni təxribatları isə sadəcə döyüş cəbhəsində yox, diplomatik korpusumuza qarşı mülki cəbhədə də davam etməkdədir. Mülki cəbhədə isə ermənilərlə bərabər günahda şərik olanlar da var. Vyana konvensiyasının müddəalarını yerinə yetirməkdən, ölkəsindəki diplomatik korpusun nümayəndələrinin təhlükəsizliyini təmin etməkdən bu qədər aciz qalan bir Avropa dövlətinin, uzaqdan gəlib Qarabağda sülhyaratma missiyasında iştirak etmək istəməsi, bu dövlətin ayağının yorğanından uzun olduğunu göstərir. Təhlükəsizliyə təminat və töhfə vermək istəyən ölkə, ilk öncə ölkəsindəki diplomatik nümayəndəliklərin cavabdehi olduğu təhlükəsizliyinə nəzarət etməlidir.

Yüksək sürətlə özünü məhvə doğru aparan Ermənistan adlı təxribat maşınının sükanında əyləşmiş şəxslərin, özgə yol göstəricilərlə gələcək inşa etməyə çalışmaları həm absurddur, həm də bütövlükdə region üçün təhlükəlidir. Sülh adı altında yerləşmiş olduqları regionlara sülhdən başqa hər şey, müharibələr, qətliamlar gətirən bu xarici təşfiqatçılara arxalanmaq və yeni təxribatlara hazırlaşmaq meyli, kapitulyasiyanın ardından Ermənistanın ödəyə bilməyəcəyi qədər ağır hesab mənasına gəlməkdədir.

Qərbin gözdən qaçırmaqda olduğu məqam bundan ibarətdir ki, səssiz qaldıqları erməni ekstremizminə dönüşən lobbi fəaliyyəti, daha doğrusu terroru ilk növbədə bu dövlətlərin öz sərhədləri daxilində baş verdiyindən, onların özünün milli təhlükəsizliklərinə təhdiddir. Diplomatik korpusa hücum edənlərlə birgə, həmçinin həmin hücumun qarşısını almaqda aciz qalan ölkə də milli təhlükəsizliyinə yaranmış bu ekstremist təhlükə qarşısında məsuliyyət daşımaqdadır: həm hücuma məruz qalan Azərbaycan qarşısında, həm də özünün daxili auditoriyası və beynəlxalq ictimaiyyət qarşısında. Fransanın sabiq prezidenti Nicolas Sarkozy “Etiraflarım” əsərində Fransa və fransız ictimaiyyəti haqqında danışarkən fransız ədalətini belə təsvir edir: “cinayətkarlara qarşı hədsiz bağışlayıcı, günahsızlara qarşı olduqca qatı, qurbanlara çox uzaq...”. Həqiqətəndə Fransadakı sonuncu təxribatlar göz önünə alındığı zaman, mövcud situasiyanı bundan daha aydın açıqlamaq olmazdı.

Maraqlıdır ki, regionda sülhə və əməkdaşlığa ən çox ehtiyac duyanla, sülhü hər vəchlə sabotaj etməyə çalışan tərəf eynidir. Sülh və təhlükəsizliyə cavabdehlik daşıyanlarla, sülh və təhlükəsizliyə ən çox təhdid yaradan ölkələrin eyni olması kimi. Həqiqətən beynəlxalq münasibətlərin bugününü təhlil etdiyimiz zaman ortaya cavablandırılması çətin belə bir sual çıxmış olur:

-Axı beynəlxalq güc mərkəzlərinin sülh yaratmaq istədikləri regionlarda, təcavüzkara, aqressora dəstək verən, onları ruhlandıran elə özləri deyilmi?

Ermənistan sülh masasına əyləşməyə çalışdığı hər dəfəsində cəbhədə törədilmiş hər təxribatın ardından bir “sülh dövləti” çıxır. Birmənalı şəkildə dərk etmək lazımdır ki, Ermənistan bugün siyasi, iqtisadi və hərbi baxımdan tükənmiş haldadır. Ruhdan düşmüş və qorxudan mövqelərini tərk edərək qaçmış bir ordunun özünü toparlaması üçün illərlə zaman zəruri ikən, kənardan qulağına pıçıldanmış sözlərlə özünü qlobal və regional aynalarda şir olaraq qələmə verir.

Dünyadakı münaqişə regionlarında müharibələr artıq əldə oyuncaq vasitələrə, dövlətlər, xalqlar isə maşaya çevrilmiş haldadır. Maşanı tutaraq, münaqişələri hər dəfəsində qızışdırmağa çalışanlar isə “sülhpərvər missiya” üzvləridir. Dünya artıq yeni reallıqla barışmalı və dərk etməlidir ki, Azərbaycan günümüzdə beynəlxalq sülh və təhlükəsizliyə töhfə verən, nəqliyyat-kommunikasiya dəhlizləri ilə regionlararası birləşdirici funksiyanı üstlənən, beynəlxalq enerji problemində hazırki şəraitdə əvvəlki dövrlərdən də artıq rol oynayan və hüququn aliliyini təmsil edən güc mərkəzidir. Qarabağ məsələsi isə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmış məsələdir və yenidən qızışdırılmağa çalışılması, həmçinin sərhəd təxribatları sadəcə və sadəcə Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribat səciyyəsi daşımaqdadır. Cənab Prezident tərəfindən də dəfələrlə vurğulandığı kimi, Azərbaycan heç bir dövlətin ərazi bütövlüyünə qəsd etməyib və belə bir iddiası da yoxdur. Amma, Azərbaycan otuz il əvvəlki ölkə deyil ki, kənardan alqış alan sərhəd keçib istədiyi havanı çalsın. Azərbaycanın istənilən təxribatın qarşısını almağa hazır güclü ordusu var və sentyabr ayının 12-sindən 13-nə keçən gecə düşmən də növbəti təxribatı zamanı bunu bir daha dərk etmiş oldu.

Torpaqlarımıza göz dikənin ərazi bütövlüyünü sual altında qoyarıq. Nəticədə tarixi nöqteyi-nəzərdən buna haqqımız çatır. Azərbaycan beynəlxalq hüquqla tanınmış sərhədlərini və ərazi bütövlüyünü, bu torpaqlardakı siyasi suverenliyini milli iradəsi ilə işğaldan azad edərək, BMT qətnamələrinin də icrasını təmin etmişdir. 30 ilə yaxın müddət ərzində disfunksional gediş-gəlişlərlə münaqişəni bulandırmağa çalışan aktorlar isə, ilk növbədə milli təhlükəsizliklərinə təhdid formalaşdıran ekstremist lobbi fəaliyyətinə nəzarət etməli, xüsusilə də diplomatik korpus əməkdaşlarının cavabdeh olduqlarını məsuliyyətini “sülh və təhlükəsizliyə cavabdeh dövlət” fonunda təmin etməlidirlər.

Sülhpərvər missiya üstlənməyi arzulayan aktorların təcavüzkar meyllər göstərən dövlətə siyasi dəstək verməsi, “hərbi hədiyyə”lərlə növbəti təxribatlar üçün şirnikləndirməyə çalışması sülhün gündəm olduğu region üçün destruktiv cəhddən başqa bir şey deyildir. Nəticədə Nikol Paşinyan bir zamanlar rus texnikaları ilə də paylaşdığı selfilərlə gücünü göstərəcəyini zənn edirdi. Amma zəruri siyasi və hərbi bilik və təcrübədən məhrum olan bu siyasi yeniyetmənin nəzərdən qaçırdığı məqam budur ki, bir orduya xaricdən hər cür silah-texnika almaq mümkündür, amma, vətən qeyrəti, inam və ölümü gözə alacaq qədər bağlılıq alınıb-satılma məfhumlar deyil, içdən və qandan qaynaqlıdır. Bu baxımdan onlar üçün məğlubiyyət hər zaman qaçınılmazdır və mütləqdir.

Bahadur Hüseynov

Beynəlxalq Münasibətlər üzrə magistr

Bütün xəbərlər Facebook səhifəmizdə