Bildiyimiz kimi, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. SİA mövzu ilə bağlı QHT rəsmiləri arasında sorğu edib.
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İsgəndərli: "Sentyabrın 12-də baş vermiş hadisələr bir daha sübut edir ki, Ermənistan 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasından boyun qaçırır və götürdüyü öhdəlikləri həyata keçirmək istəmir. Ermənistan nəinki Moskvada, eyni zamanda, Brüsseldə əldə olunmuş razılaşmaları yerinə yetirmək istəyində olmadığını törətdiyi bu təxribatlarla göstərir.
Əgər Ermənistan, həqiqətən də, sülh əldə etmək istəyində olsaydı, indiyədək beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparmazdı, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj etməzdi.
Ermənistan rəhbərliyi 44 günlük müharibədən nəticə çıxarmaq əvəzinə, əksinə olaraq, ordusunu bərpa etmək istiqamətində iş aparırdı. Azərbaycanın suveren ərazisi olan Qarabağa hərbçilər və silah göndərirdi.
Laçının təhvil verilməsi Ermənistan hakimiyyətinin daxildə təzyiqləri neytrallaşdırmaq üçün ictimai rəyi əsas problemlərdən yayındırmaq üçün Azərbaycanla sərhəddə təxribat yaratdı. Eynilə bu cür ssenari 2020-ci ilin iyul ayında Tovuz hadisələri zamanı istifadə edilmişdir.
Təbii ki, belə bir vəziyyətdə Azərbaycan öz ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyini qorumaq məqsədilə növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına cavab vermək üçün adekvat addımlar atmaq məcburiyyətində qalıb. BMT Nizamnaməsinin 51-ci maddəsi hər hansı dövlətin beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verir. Bu, o deməkdir ki, beynəlxalq hüquq hər bir dövlətin özünümüdafiə haqqını tanıyır.
Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Ermənistanın Azərbaycana qarşı təxribatların qarşısını almaq və ərazilərini qorumaq məqsədilə Azərbaycanln təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektləri darmadağın etdi. Çətin ki, Ermənistan bu obyektrləri yaxın illərdə bərpa edə.
Azərbaycan beynəlxalq hüquqi baxımdan tam legitim olaraq, yalnız hərbi obyektləri hədəf aldığına görə və Ermənistanda yerləşən mülki obyektlərin heç birinə ziyan vurmadığına görə, kimsə Azərbaycanı BMT-nin Cenevrə Konvensiyaları pozmaqda günahlandıra bilməz.
Ermənistanın xeyli sayda hərbi texnikası, S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edildi.
Bu hadisələr bir daha onu göstərdi ki, Ermənistanın Azərbaycanla münasibətdə davamlı sülhə razılaşmaqdan başqa yolu yoxdur".

“Elmi Araşdırmalar” İB sədri Telman Qasımov: “Məlumdur ki, sentyabr ayının 13-də Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı aqressiv hücumlara başlamış və Ordumuz tərəfindən layiqincə cavabları verilmişdir. Ermənistanın Azərbaycanla sərhədlərinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlər ordumuz tərəfindən darmadağın edilmişdir. Bu da bəllidir ki, həmin o hərbi obyektlər Azərbaycanın təhlükəsizlik və dövlətçiliyinə təhdid edildi. Bu obyektləri bərpa etmək üçün Ermənistana hələ uzun illər lazım olacaq.
Bundan başqa Azərbaycanın həmin bölgələrdəki bütün nəqliyyat kommunikasiya sistemini və çox mühüm yüksəklikləri nəzarətə götürmüşdür. Məndə olan məlumatlara görə, Ordumuz Ermənistanın həmin o bölgələrdəki yüksəkliklərinin 500 kvadrat metr ərazisini nəzarətə götürmüşdür. Xeyli sayda da postlar ələ keçirilmişdir. Düşünürəm ki, bundan sonra nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək.
Ordumuz Ermənistanı xeyli sayda hərbi texnikası, milyardlardan artıq dəyəri olan 2 C-300 raket sistem kompleksi, 400 nəfərdən çox canlı itkisi, 800-ə yaxın yaralı, 49 itkin düşəni və 50 əsiri Azərbaycan Ordusu tərəfindən ələ keçirilib. Təbii ki, bütün bunların fonunda Ermənistanın yüzlərlə yaralısı var. Onların bütün hərbi təyinatlı obyektləri və xeyli sayda strateji mövqeləri məhv edilib. Ermənistanın itkiləri Azərbaycandan qat-qat çoxdur. Azərbaycan Ordusu Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını onlara bir daha göstərdi.
Bu da bəllidir ki, son zamanlar Ermənistan ciddi cəhdlə revanşa, yeni hərbi əməliyyatlara hücuma hazırlaşırdı. Biz bunların hamısını müşahidə edirdik. Onlar həm Qarabağda, həm də sərhəddə təxribatların sayını artırmışdılar. Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu məhz Ermənistan ərazisində cəmi 7 saat davam edən unikal əməliyyat gerçəkləşdirərək bu planları alt-üst etdi.
Bundan sonra Ermənistan başa düşməlidir ki, kimsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya, Azərbaycana qarşı təhdid edə bilməyəcəkdir. Onlar bundan sonra ağıllarını başlarına toparlamalıdırlar. Bu, onların son şansıdır. Mən düşünürəm ki, Azərbaycan Ordusu Ermənistanın bu təcavüzkar, bu aqressiyasının qarşısını almaqdan ötrü daha ağıllı, planlı və bundan sonra yaranacaq hər hansı bir təhdidə qarşı daha aktiv cavab verəcək.
Ermənistanda bu dəqiqə daxili siyasi vəziyyət də çox ağırdır. Orada müxalifət və narazı olan qüvvələr Paşinyanın istefasını tələb edirlər. Bunlar hələ anlaya bilmirlər ki, istər Paşinyan, istər onu əvəz edən hər hansısa bir qüvvə olsun hakimiyyətə belə gəlsə yenə də Azərbaycanın sözü regionda keçərlidir, Azərbaycan regionun, xüsusən də öz bölgəsinin, öz ərazisinin sahibidir. Ermənistan artıq getdikcə bu revanşist və bu şovinist siyasəti ilə regionda yox, ümumiyyətlə, xəritədə yox olacaq.
Erməni əhalisi ölkəni kütləvi sürətdə tərk edib qaçır, sərhədyanı bölgələr boşalır. Siz təsəvvür edin ki, kəndlərdə məktəblər bağlanıb, heç 1-ci sinifə bir nəfər gedən də yoxdur. Gedənlər hamısı özləri ilə mülklərini, əşyalarını aparırlar və evlərini də satıb gedirlər. Yəni, bu onun göstəricisidir ki, onlar bir daha Ermənistana qayıtmaq istəmirlər. Çünki ümidləri ölüb. Laçın dəhlizini əlimizə keçirdikdən sonra bütövlüklə bunların ümidləri ölüb. Onlar elə bir vəziyyətə gəlib düşüblər ki, Azərbaycanla sərhəddə olan kəndlərdə belə qalıb məskunlaşmaq istəmir, yalnız Ermənistanın dərinliklərinə köçüb getmək istəyirlər. Təbii ki, bütün bunların fonunda Ermənistan öz havadarları var. Hansılar ki, onlara dəstək olurlar və vəziyyəti daha da ağırlaşdırırlar. Onlar bunları oyuna salıblar. Ermənilər birdəfəlik anlamalıdır ki, bəsdir onun-bunun əlində oyuncaq oldular”.
Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu: “Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Azərbaycan sərhədində baş verən gərginliyin əsas səbəbi Ermənistanın Azərbaycan sərhədini pozması, sərhədi keçərək dağ massivlərində minalanma işi aparması və təxribat törətməsidir. Ordumuz da onlara cavab verərək, qarşısını alıb. Nəticədə isə, Azərbaycanın Daşkəsən rayonunda Zəngilana qədər bütün Ermənistanla sərhəd olan əraziləri atəşə tutulub. Bu zaman hərbçilər və dinc əhalimiz zərər görüb. Azərbaycan Ordusu da məcbur qalaraq düşmənin atəş hədəflərini susdurub və oranı nəzarətə götürüb. Nəticədə, Azərbaycan Ordusu düşmənin 53 postunu dağıdıb və 5 yüksəkliyi nəzarətə götürüb”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB