Ermənistan hələ də hansı istiqamət götürəcəyini təyin etməyən bir gəmiyə bənzəyir. Bu ölkədə nə normal ideologiya, nə də mövcud çətinliklərini arada qaldıracağına, eləcə də gələcəyini necə quracağına dair heç bir konsepsiya yoxdur. Dövlət qurumları belə bu ölkədə normal fəaliyyət göstərə bilmir. Ermənistan bir dövlət olaraq kimin dost, kimin düşmən olduğunu təyin edə bilmədiyi kimi, kiminlə hansı formada münasibətlər qurmalı olduğunu da müəyyənləşdirə bilməyib, amma bu ölkə kimlərinsə ambisiyalarının, oyunlarının qurbanına çevrilərək yaman zəhərlənib, hansıki bu zəhərdən təmizlənmək üçün antidotlara, yəni zəhər əleyhinə zərdaba ehtiyac duyulur.
Artıq ordusu, yaxud silahlı qüvvələri barədə yaradılan mif tamamilə darmadağın edilibsə, deməli, sərsəm revanşist fikirlər, hansısa yeni absurd iddialar çox gülünc səslənir. Bu ölkənin ümumiyyətlə təhlükəsizlik anlayışı barədə sanki təsəvvürü belə yoxdur. Çox qısa zaman ərzində, 44 gün müddətində belə müharibəyə, Azərbaycanın keçirdiyi hərbi əməliyyatlara davam gətirməyib imza atdıqları məğlubiyyət sənədindən sonra erməni cəmiyyətində guya yenidən vəziyyətin, şərtlərin dəyişdirilməsinin reallaşdırılacağı imkanları barədə qeyri-normal ideyalar ortaya atılıb. Görəndə ki, 44 günlük müharibənin məntiqi nəticəsi olan məğlubiyyətini hələ izah edə bilməyən, rüsvayçı məğlubiyyətini ört-basdır edə bilməyən bir ölkədə kimlərsə dilemma ilə, iddialarla çıxış etmək niyyətindədir, dərhal anlaşılır ki, erməni cəmiyyətini yenə də zəhərləyirlər. Təcrübə göstərir və təsdiq edir ki, uzun müddət zəhərlənmiş sözügedən bu cəmiyyət zəhərdən təmizlənmədiyi üçün faciələrlə üzləşməli olub və 44 günlük müharibədə səbəbsiz yerə qırğına verilən, həyatından məhrum olanların yaxınlarının hazırki ağrı-acıları, haqqında qeyd onunan faciələr barədə ən sadə nümunədir. Belə faciələrə erməni cəmiyyəti dəfələrlə məhz zəhərlənərək sürüklənib, acısını da çəkib və hələ də çəkməkdədir.
“Demək olar ki, heç bir institut olmadığı halda, Ermənistanda hansı institusionallıqdan söhbət gedə bilər? Yəni, institutların məhv edildiyi bir dövlətdə müxalifət necə institusional işlə məşğul ola bilər? Bu, bir təlxəklik, göstərilən şou və sanki sirkdir. Diplomatik xidmət, xüsusi xidmət orqanları, müdafiə institutları və dövlət idarəetmə sistemi bərbad vəziyyətdədir”, deyən Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan haqlıdır. Ona görə haqlıdır ki, dövlət məhz bu prioritetləri həyata keçirmək üçündür. “Dövlət xalqın daimiliyini, əbədiliyini, xalqın təhlükəsizliyini təmin etməyə borcludur. Dövlət xalqın təhlükəsizliyini təmin etməlidir. Əgər dövlət təmin edə bilmirsə, bu, sadəcə olaraq, həmin xalq üçün böyük bir faciədir”, deyən Serj Sarkisyanın isə sözlərində qeyri-adi bir şey yoxdur. Əksinə, kimin deməsindən asılı olmayaraq, sadalananlar bir həqiqətdir, amma bu həqiqətə Ermənistanda rast gəlinə bilməz və Sarkisyanın da məqsədi doğru yolu göstərmək deyil, erməni xalqını bir də zəhərləyib, öz çirkin niyyətinə çatmaq, hakimiyyəti yenidən ələ keçirməkdir. Məhz elə bu zəhərdən də erməni cəmiyyətini təmizləmək üçün zəhər əleyhinə zərdab, antidotlar lazımdır.
Heç bir erməni siyasətçisi, heç bir eks-prezident ölkənin başına gələnlərdə, rastlaşdıqları faciədə özünü günahkar hesab etmək istəmir. Bu gün Paşinyan hakimiyyətini günahlandıran, qızıldan dağlar vəd edən Koçaryanların, Sarkisyanların da hakimiyyət illəri yaddaşlardan silinən deyil və onların hakimiyyət illərində erməni xalqına heç də bal paylanılmayıb. Yaxud, Paşinyanı məğlubiyyətdə günahlandıranlar, onu düzgün yol seçməməkdə ittiham edənlər axı öz hakimiyyətləri illərində özləri də doğru yolu seçməmişdilər. İndi barəsində danışılan 44 günlük müharibənin məğlubiyyət acısında Sarkisyanların da, Koçaryanların da payı kifayət qədərdir. Elə isə onlar hansı üzlə, hansı haqla və hansı əsasla yenidən erməni xalqını qızışdırıb qırğına vermək istəyirlər? Əgər onların hansısa konsepsiyası belə yoxdursa, dediklərinə özləri də inanmırlarsa, uydurmalarla xalqı qızışdırırlarsa, deməli erməni xalqını yenidən zəhərləyirlər və bu zəhər əleyhinə antidot axtarmalıdır biçarə erməni xalqı.
Deyək ki, erməni xalqı haqqında qeyd olunan zəhərdən öz cəmiyyətini guya təmizləmək üçün 2018-ci ilin yazında hərəkətə keçdi və öncəki rejim süpürülüb atıldı, hansıki həmin o süpürülmüşlər özlərini daha vacib hesab edərək indi ortaya atılıblar və yenə də xalqı zəhərləmək niyyətindədirlər. Heç o 2018-ci il hadisələrindən istifadə edərək hakimiyyətə gələn Nikol Paşinyan da xalqına bal paylamadı, baxmayaraq ki, bunu vəd edərək gəlmişdi. Əksinə, o səriştəsiz olduğunu ifşa etdi, düşünülməmiş addımları ilə gülüş hədəfinə çevrildi, həll edilməsi illər boyu gözlənilən məsələlərə dırnaqarası yanaşdı, hətta bir qədər də irəli gedərək, saymazlıq etdi və danışıqlar yolu ilə həll ediləcəyi nəzərdə tutulan münaqişəni hərbi əməliyyatlar, müharibə müstəvisinə daşıdı. Nəticədə də erməni xalqı çox böyük itgilər verməli oldu, hansıki acısını hələ də yaşamaqdadır və deməli küçə nümayişçisi özü də təmsil etdiyi xalqı, cəmiyyəti zəhərləmişdi. Paşinyan da öz lovğalığı, diletantlığı və miqyasından böyük danışmağı, populizmi ilə zəhərləmişdi erməni cəmiyyətini və həmin zəhər böyük itgilərlə o xalqın, o cəmiyyətin yaddaşına yazıldı.
Doğrudur, məxməri inqilab deyilən küçə nümayişləri, Nikolun hakimiyyəti ələ keçirməsi Serj Sarkisyan rejiminə qarşı antidot oldu, ancaq bu antidotun da çoxlu yan təsirləri, zərərli təsirləri, özünün zəhərli olduğu ortaya çıxdı. Ortaya çıxdı ki, Ermənistanda hakimiyyəti ələ keçirən, yaxud keçirmək istəyən mütləq cəmiyyəti zəhərləmək metodundan, üsulundan istifadə edir. Bu zaman isə yenə torpaq iddiaları ortaya atılır, köhnə xülyalar bir də gündəmə gətirilir, daxili auditoriyaya hesablanan vədlər verilir, hazırki revanşist fikirlərin nümunəsində cəmiyyət qızışdırılır və qırğınlara sürüklənir. Bir növ, həmin o iddialar, yaradılan miflər, verilən vədlər erməni cəmiyyəti üçün zəhərə çevrilir və həmin cəmiyyəti durmadan məhv edir. Buradan da belə nəticə hasil olur ki, deməli, ilk növbədə erməni xalqına, cəmiyyətinə dövlət orqanizminin, Ermənistan ictimaiyyətinin hüceyrələrini zəhərləməkdə davam edən zəhərə qarşı antidot lazımdır. Sözsüz ki, bu ölkə həmin o zəhərdən mümkün qədər tez təmizlənsə, daha yaxşı olar, əks halda faciələri biri-birini əvəz etməli olacaq və bütövlükdə həmin cəmiyyəti tamamilə məhv edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB