Bakı və Tehran: paralel inkişaf perspektivləri nədən xəbər verir? ANALİTİK+AKTUAL

Baş verən proseslər fonunda Azərbaycan-İran münasibətlərinin strateji həddə inkişaf etməsi çalarlarını müşahidə etməkdəyik və bu kimi məsələlərdə hər iki qonşu ölkənin təsir mexanizmləri də kifayət qədər genişdir

44 günlük Vətən müharibəsindən sonra Qarabağ torpaqlarını və onun ətrafındakı rayonları erməni işğalından azad edən Azərbaycan qalib ölkə olaraq daha bir mühüm addıma imza atdı – Bakı regional mühitə yeni nəfəs verdi, eləcə də öz qəti addımları ilə yeni reallıqların yaranmasına səbəb oldu. Bu reallıqlar fonunda nəzərəçarpacaq daha bir amil qonşu İran İslam Respublikası ilə münasibətlər kontekstində yeni baxışların yaranması faktorudur. Belə ki, ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Rusiyanın vasitəçiliyi ilə Ermənistanın məğlubiyyətini 10 noyabr üçtərəfli bəyanat çərçivəsində rəsmiləşdirməsindən sonra qarşıya qoyulan öhdəliklərdən biri də Ermənistan üzərindən Zəngəzur dəhlizinin açılması, həmin dəhliz vasitəsi ilə Azərbaycanın Qərb rayonlarının Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsidir.

Lakin Ermənistanın digər bir sıra bəndlərlə yanaşı bu məsələ üzərində də siyasi oyunbazlıqlara əl atması, eləcə də prosesi uzatması Azərbaycanın növbəti qətiyyətli addımlara getməsinə şərait yaratdı. Daha dəqiq desək, Azərbaycan sərhədlərin delimitasiyası məsələsində Ermənistanın vaxtı uzatması, bu vasitə ilə Zəngəzur dəhlizinin açılmasına maneələr törətməsi cəhdlərinə qarşı daha bir qərar verdi – qonşu İran üzərindən dəhlizin açılması mümkünlüyü...

Laçın dəhlizi deyilən yer birdəfəlik Ermənistanın üzünə bağlanacaq

Xatırladaq ki, cari ilin mart ayında Azərbaycan və İran arasında Şərqi Zəngəzur-Naxçıvan ticarət dəhlizi ilə bağlı mühüm memorandum imzaladı və həmin memorandumun imzalanması ilk olaraq Ermənistan üçün ciddi xəbərdarlıq siqnalı oldu. Fakt budur ki, Azərbaycan Ermənistan üzərindən Qərbi Zəngəzur dəhlizindən istifadə edə bilməyəcəyi halda həmin dəhliz məhz İran tərəfindən keçəcək, üstəlik, Laçın dəhlizi deyilən yer birdəfəlik Ermənistanın üzünə bağlanacaq.

Və bütün bunlar öz yerində, maraqlı məqamlardan biri də budur ki, Bakı ilə Tehran arasında imzalanan memorandum post-müharibə dövründə ilk vacib sənəd olmasıyla yanaşı, həm də regiondakı ticarət dəhlizlərinin gələcəyinə müsbət təsirlər göstərəcəyini ehtiva etdi. Beləliklə, bu sənədlə İİR ərazisində Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunu və Naxçıvan Muxtar Respublikasını birləşdirən yeni nəqliyyat arteriyası yaradılması nəzərdə tutulur.

Tehranın Bakı ilə bu məsələdə paralel mövqedən çıxış etməsi, əslində, regional dəyişikliyi sübut edən növbəti danılmaz amillərdəndir

Dəhliz isə İran-Ermənistan sərhədindən 5 km cənubdan keçərək Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirən dəmiryol sahəsindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq. Artıq bu danılmaz bir faktdır ki, regionda yeni ticarət dəhlizinin yaranması sadəcə iqtisadi maraqların deyil, habelə Azərbaycanın Ermənistanı iqtisadi müstəvidə təcrid etmək üçün atdığı növbəti siyasi-iqtisadi cəhətdən uğurlu addımdır.

Ən əsası isə Tehranın Bakı ilə bu məsələdə paralel mövqedən çıxış etməsi əslində regional dəyişikliyi sübut edən növbəti danılmaz amillərdəndir. Məsələ həm də ondan ibarətdir ki, Azərbaycan dövləti regional əməkdaşlığı daha da gücləndirməyin marağındadır və hələlik İrəvana müəyyən vaxt verməklə öz prinsipiallığını da qoruyur. Yəni Bakı Ermənistanın dəhlizlə bağlı yekun mövqeyini gözləməməyə qərar verib, amma bununla yanaşı, alternativ Zəngəzur dəhlizi faktını da siyasi-iqtisadi rıçaq olaraq saxlamaqdadır.

Nəticə etibarı ilə yeni dəhliz Ermənistanın deyil, qonşu İranın ərazisindən keçərək yeni kommunikasiya xəttinin yaradılmasına geniş imkanlar verəcək. Üstəlik, Azərbaycan burada heç nə itirmir və İranla yaradılacaq yeni dəhliz həm ticarət dövriyyəsinin artmasına, həm də bu dəhliz vasitəsilə qonşu Türkiyəyə uzanan quru yol əldə etmiş olacaq – itirən isə bir daha Ermənistandır!

İran bu layihənin gerçəkləşdiriləcəyi halında həm regiondakı rolunu, həm də iqtisadi gəlirlərini artırmaq şansını əldə edə biləcək

Başqa tərəfdən, sözügedən anlaşma özü-özlüyündə İran üçün iqtisadi baxımdan olduqca böyük əhəmiyyət kəsb edir. Son bir neçə ildir ki, dərin iqtisadi böhranla və daxili narazılıqlarla mübarizə aparan İran üçün bu memorandum və dəhliz layihəsi yeni nəfəslik rolunu oynayacaq. Başqa tərəfdən, qarşılıqlı jestlər həm də belə nəticə hasil edir - 44-günlük Qarabağ müharibəsi vaxtı sülh danışıqları və ümumilikdə regional geosiyasi proseslərdən kənarda qalan İran bu layihənin gerçəkləşdiriləcəyi halında həm regiondakı rolunu, həm də iqtisadi gəlirlərini artırmaq şansını əldə edə biləcək.

Artıq bu cür də düşünə bilərik ki, İran üzərindən keçəcək yeni dəhliz layihəsi, rəsmi Bakının özünün regionda əsas resurs bazasına malik olduğunu sübut edir, Əlavə olaraq isə Naxçıvana açılacaq birbaşa quru yol dəhlizi üçün alternativ variantların mövcud olduğunu nümayiş etdirmək üçün də ən münbit fürsət əldə edilir.

Nəticədə belə bir sual yaranır: bəs Ermənistan nə əldə edəcək? Fakt budur ki, İrəvandakı hökumət üçtərəfli bəyanatdakı mövcud bəndə əməl etməməsi ilə özünü iqtisadi blokadaya salacaq və bütün layihələrdən təcrid olunacaq. Üstəlik, Ermənistan yaxın gələcəkdə digər beynəlxalq əhəmiyyətli tranzit layihələrə də qoşulmaq şansını itirəcək, misal üçün Şimal-Cənub dəhlizi...

Qərb ölkələri artıq özlərinə alternativ mənbələr axtarışındadırlar və bu fonda onlar üçün yeganə çıxış yolu Azərbaycandan və İrandan keçir

Bu xüsusda biz İİR-in daha bir üstünlük qazana bilməsi şansı barədə qeyd edə bilərik. Məsələn, hazırda Rusiyanın Ukraynada apardığı müharibəsini və Qərb ölkələrinin İranla nüvə sazişini ən qısa zamanda yekunlaşdırmaq istəklərini nəzərə alsaq, bu zaman Bakı-Tehran əməkdaşlığının əhəmiyyətini anlamamaq qeyri-mümkündür. Belə ki, Ukrayna olayları baxımından Qərbin Rusiyaya qarşı tətbiq edilən ardıcıl iqtisadi sanksiyaları yaxın gələcəkdə digər region ölkələrinə də təsir edəcək və bunu istisna etmək də olmaz. Belə olduğu halda Azərbaycan da, İran da öz ehtiyat tədbirlərini eyni cinahdan görməlidirlər ki, həmin təsirlər bu ölkələrdən yan keçsin. İmzalanmış memorandumun görünən məqsədlərindən biri də məhz budur.

Lakin daha bir reallıq budur ki, əsasən Rusiyanın enerji mənbələrindən yararlanan Qərb ölkələri artıq özlərinə alternativ mənbələr axtarışındadırlar və bu fonda onlar üçün yeganə çıxış yolu Azərbaycandan və İrandan keçir. Beləliklə, göründüyü kimi, indiki qlobal iqtisadi və enerji böhranı dövründə Azərbaycan və İran ilk öncə Qərbə alternativ enerji mənbələri kimi daha maraqlıdırlar.

Nəticədə isə biz baş verən proseslər fonunda Azərbaycan-İran münasibətlərinin strateji həddə inkişaf etməsi çalarlarını müşahidə etməkdəyik və bu kimi məsələlərdə hər iki qonşu ölkənin təsir mexanizmləri də kifayət qədər genişdir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə