"TEKNOFEST" Festivalının Azərbaycan və Türkiyə üçün əhəmiyyətli rolu - ŞƏRH

"TEKNOFEST" Festivalının Azərbaycan və Türkiyə üçün əhəmiyyətli rolu - ŞƏRH

Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan "TEKNOFEST" festivalı ilk dəfə 2018-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində təşkil olunmuşdur. Festival hər dəfə Türkiyənin şəhərlərində keçirilmiş və bundan sonra da davam etdiriləcəkdir.

Türkiyədən kənarda 26-29 may tarixlərində "TEKNOFEST" Azərbaycanda, Kristal zal və Dənizkənarı Bulvar ərazisində təşkil olundu. "TEKNOFEST" elm, inkişaf, bilik, texnologiya bayramıdır. "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalının təşkilatçıları Azərbaycan Respublkasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və "Türkiye Teknoloji Takımı – T3 Vəqfi" olub. İlk dəfə olaraq Türkiyədən kənarda Azərbaycanda keçirilən festival hər iki ölkənin qardaşlıq, dostluq və strateji müttəfiqlik əlaqələrinin gələcəyə birgə addımlamaq mesajıdır.

2 fevral 2021-ci il tarixində Cənab Prezident İlham Əliyev "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" adlı Sərəncam imzalamışdır. Həmin Sərəncamda qeyd olunan bəndlərlə festivalı ziyarət edərkən tanış olduq. Festivalın Azərbaycanda keçirilməsi əlaqələri daha da genişləndirir. Artıq xarici vətəndaşların da diqqət mərkəzində olan festivala 33 ölkədən 500-dən çox nümayəndə heyəti ziyarətə gəlib. Burada gənclərə özlərini sınamaq, arzularını gerçəkləşdirmək üçün yenilik təqdim edilirdi. Dünyanın ən böyük texnologiya festivalında bir sıra müsabiqələr keçirilmişdir. Festival çərçivəsində Sosial Yönümlü Texnologiyalar, "Yaşıl" Texnologiyalar, Aqrar Texnologiyalar, Robotexnika, Baku Skills, Pilotsuz Uçuş Aparatları, Sailplaner, "Smart Qarabağ" hakatonu, Take Off Startap Sammiti, "Rocket League" oyunu və Həvəskar Peyk Modelləşdirilməsi müsabiqələri keçirilmişdir.

Festival ərəfəsində, 28 may 2022-ci il tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ölkəmizdə rəsmi səfərdə oldular. Səfər çərçivəsində prezidentlər və ailə üzvləri "TEKNOFEST Azərbaycan" aerokosmik və texnologiya festivalında iştirak etdilər. Festival Türkiyə və Azərbaycan birliyinin növbəti nümayişidir. Burada Türkiyə Respublikasının və ölkəmizin dövlət nümayəndələri, həmçinin dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər də iştirak edirdi. Ölkəmizdə keçirilən "TEKNOFEST" festivalı bir daha onu göstərir ki, qardaş Türkiyə daim Azərbaycanın yanında olub və bundan sonra da olacaqdır. Biz 30 il ərzində qardaşlıq dəstəyini hər zaman hiss etmişik və Türkiyə-Azərbaycan birlikdədir. Dünya siyasətində özünəməxsus yeri, nüfuzu olan, siyasi, iqtisadi, hərbi qüdrəti ilə də başqa dövlətlərə nümunə göstərilən bu qardaşlıq türk dünyasının birlik və həmrəyliyinə də önəmli töhfələr verir.

28 May Müstəqillik Günündə Azərbaycana səfərə gələn Prezident Rəcəb Tayyib Ərdoğan bir daha dünyaya sübut etdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi nüfuzlu və qüdrətli bir qardaş ölkə var. 15 iyun 2021-ci il Qurtuluş Günündə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü siyasətdə, enerji, iqtisadi əlaqələrdə, mədəniyyətdə, təhsildə, nəqliyyat layihələrinin həyata keçirilməsində, ordu quruculuğu istiqamətində göstərir.Azərbaycan və Türkiyəni birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, həm də bizim keçmişimiz və bugünki siyasi maraqlarımızdır.

Nigar İmaməliyeva

YAP Yasamal rayon təşkilatı AMEA Folklor İnstitutunun

ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə