Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub - YENİLƏNİB-FOTOLAR

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub. SİA xəbər verir ki, açılış mərasimində Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Milli Məclisin deputatları, və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılış rəmzi sayılan qırmızı lent kəsilib.

Tədbirdə çıxış edən rektor M.Babanlı qeyd edib ki, universitetin iki sinif otağı və mühazirə zalına 15 iyul gecəsi Fətullahçı Terror Təşkilatının xain çevriliş cəhdi zamanı şəhid olan Prof.Dr. İlhan Varank və Erol Olçokun adları verilib: "Azərbaycan və Türkiyə arasında münasibətlər hər zaman yüksək səviyyədə inkişaf etdirilib. İkinci Qarabağ müharibəsində universitetimizin 23 tələbəsi şəhid olub. Universitetimizdə şəhid adları veriləcək auditoriyalar açılacaq. İlk olaraq türkiyəli professorların adı verilən sinif otaqları oldu. Vətən müharibəsində həyatını itirən ADNSU-nun şəhid tələbələrinin adları da sinif otaqlarına veriləcək".

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxışında bildirib ki, 15 iyul gecəsi heç vaxt insanların yaddaşlarından silinməyəcək: "Kimliyi məlum olmayan, dövlətin suyunu içən, pulunu yeyənlər vəhşicəsinə, namərdcəsinə günahsız insanların canını aldılar. Türkiyə daim öz sözünü deməkdə azad və güclü dövlətdir. Türkiyə Azərbaycanın haqlı davasında yanında və arxasında olan ilk dövlət olub. Bu dəstək bundan sonra da eyni şəkildə davam edəcək. Bu gün açılışı olan mərkəz "bir millət, iki dövlət" anlayışını daha da gücləndirmiş olacaq".

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bu gün çox kədərli olduğunu vurğulayıb: "Sinif otaqlarından birinə adı verilən İlhan Varank qardaşım olub. Qardaşım öz həyatını türk gənclərinin yaxşı gələcəyi üçün qurban verdi".

"Azərbaycan "Teknofest" festivalı sayəsində gənc nəslə texnoloji sahədə olan yenilikləri öyrədəcək imkan yaratmış olur. İki ölkə qardaşlığı bu vasitə ilə daha da güclənmiş olacaq. Bu kimi geniş tədbirlərlə türk dövlətlərinin gücünü bütün dünyaya göstərmiş oluruq. 15 iyul çevrilişində bizim yanımızda olduğunu bildirən ilk dövlət məhz Azərbaycan oldu. Biz də Türkiyə olaraq daim qardaş ölkənin yanındayıq" - türkiyəli nazir əlavə edib.

Tədbirin sonunda qonaqlara xatirə hədiyyəsi təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə