Böyük Qayıdış-sürətli abadlıq və quruculuq işləri TƏHLİL

Müstəqillik tariximizdə Azərbaycanda bütün sahələrdə əldə edilən inkişaf təhsil sahəsindən də kənar ötməmişdir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən təhsilə böyük önəm verilməsi, yeni proqram və layihələrin, təhsil islahatlarının həyata keçirilməsi Azərbaycan təhsilinin dünya standartları səviyyəsində qurulmasına gətirib çıxarıb. Həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənib. Ölkədə təhsilin müasir tələblərə cavab verən normativ-hüquqi bazası yaradılıb. Təhsil müəssisələri yenidən qurulub, yeni korpuslar istifadəyə verilib. Bunu Azərbaycanın hər bir bölgəsində görmək mümküdür.

30 ilə qədər işğal altında olan Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Azərbaycan Prezidentinin xüsusi diqqəti sayəsində abadlıq-quruculuq işləri aparılır. Yeni məktəblərin salınması da görülən işlər sırasındadır. Bildiyimiz kimi, Cocuq Mərcanlı işğaldan azad olunduqdan sonra burada aparılan abadlıq-quruculuq işləri nəticəsində tezliklə bu ərazi müasir məkanlar sırasına daxil olundu. Xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin qətiyyəti və iradəsi sayəsində 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarına qədər davam edən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun qeyd etdiyimiz qəsəbəsi ilə yanaşı, 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Bu kənd 2016-cı ildə ikinci həyatını yaşamağa başladı.

AZƏRBAYCANIN KONSTRUKTİV MÖVQEYİ, HAQQ-ƏDALƏTİN BƏRPASI

Məlum aprel döyüşləri - Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi tarixi hadisəyə çevrildi. Bu, Azərbaycanın konstruktiv mövqeyi idi, haqq-ədalətin bərpası idi. Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, insanların öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı. Bu məsələdə dövlətimizin başçısının 2017-ci il yanvarın 24-də imzaladığı "Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında" Sərəncamı xüsusi əhəmiyyətə malikdir. Kənddə böyük quruculuq işlərinə başlandı. Böyük Qayıdışın başlanğıcı olan bu kəndin bərpası ilə bağlı görülən işlər çərçivəsində fərdi yaşayış evləri, infrastrukturun tikintisi ilə yanaşı, 96 şagird yerlik yeni məktəb binası da tikilib istifadəyə verildi. Müasir standarlara cavab verən məktəbdə ölkəmizin bir çox yerlərində olduğu kimi, informatika, gənclərin çağırışaqədərki hazırlıq kabinələri, müəllimlər otağından ibarət məktəb binası lazımi inventar və avadanlıqlarla, istilik sistemi və internetlə təchiz edilib. Qeyd edək ki, məktəbin həyətində qazanxana, voleybol və basketbol meydançaları yaradılıb, yaşıllıqlar da salınıb.

Böyük Qayıdışın başlanğıcı olan bu kəndin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər bir daha təsdiqləyirdi ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, düşmən tapdağı altında qalan əzəli torpaqlarımızın azad olunması uğrunda mübarizədən çəkinməyəcəkdir. Belə də oldu. Bu gün Cocuq Mərcanlıda tikilən məktəb, inşa olunan məscid kimi işğaldan azad olunan digər ərazilərimizdə də tikilir, yenidən qurulur. Görülən işlər, davamlı səylər nəticəsində bərpa işləri uğurla davam edir. Yeni tipli məktəblər salınır. İşğaldan azad olunan ərazilərdə həyat yenidən qurulur.

Təhsil müəssisələrinin inşası ilə bağlı tədbirlər də davamlı olaraq həyata keçirilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşada inşa olunan 1 nömrəli məktəbin tikintisi davam edir. Məktəbin tikintisi cari ilin dekabr ayında yekunlaşacaq. Eləcə də Ağdam şəhərlərində məktəb tikintisi davam etdirilir. Hər iki şəhərdə ümumilikdə 960 şagird yerlik təhsil müəssisələri inşa olunur. Zəngilan rayonunun Ağalı kəndində isə həyata keçirilən "Ağalı kənd" layihəsi çərçivəsində 288 şagird yerlik tam orta məktəb inşa olunur. Dövlət başçısı "Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Bu gün ümumtəhsil orta məktəblərlə yanaşı, müasir çağırışlara cavab olaraq peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycanda peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. "Füzuli Peşə Liseyinin binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncamına əsasən, Füzuli Peşə Liseyinin binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.

Vurğulayaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva mayın 10-da Füzuli rayonuna səfər çərçivəsində Füzuli şəhərində inşa olunacaq Peşə Liseyinin təməlini qoyublar. Füzuli şəhərində Peşə Liseyinin təməlinin qoyulması da bu istiqamətdə həyata keçirilən layihələrdən biridir. Peşə Liseyinin ərazisi 3,2 hektar sahəni əhatə edəcək. Füzuli şəhər Peşə Liseyinin inşası zamanı yaşıllıq zolaqlarının yaradılması xüsusilə diqqətdə saxlanılıb. Belə ki, yaşıllıq sahəsi bu kompleksin ərazisinin 43,7 faizini təşkil edəcək. Lisey ildə 800-yə yaxın tələbə qəbul etməklə yanaşı, 1000-dək tələbə üçün qısamüddətli kurslar və ömürboyu təhsil proqramları təmin etmək imkanında olacaq. İşğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına yönəlib.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasındadır. Məhz bu inkişaf, güclü iradə, müdrik siyasətin nəticəsidir ki, işğaldan azad olunan ərazilərimizdə kompleks işlərin həyata keçirilməsi start götürüb.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə