İstənilən təxribatın qarşısını Azərbaycan polisi qətiyyətlə alacaq - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

İstənilən təxribatın qarşısını Azərbaycan polisi qətiyyətlə alacaq - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Bakının Səbail rayonunun "Fəvarələr Meydanı"nda feministlər və onların dostları olan bəzi “facebook” fəalları birlikdə icazəsiz aksiya təşkil etməyə cəhd göstərmişdir. Əslində, hər bir ölkə vətəndaşının etiraz etmək və sərbəst toplaşmaq hüququ var, ancaq əlbəttə ki, qanun və qayda ilə". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Ramiz Alıyev təəssüflə deyib ki, ölkəmizdə fəaliyyət göstərən bəzi feminist komandasının nümayəndələri və onların dostları olan bəzi “facebook” fəalları icazəsiz bu aksiyanı keçirməyə cəhd etməklə hüquq-mühafizə orqanlarının əməkdaşlarını təxribata sürükləmək istəyiblər: “Maraqlı məsələlərdən biri də odur ki, aksiya təşkilatçıları sanki hazırda Ermənistanda baş verən aksiyaların davamını burada etmək niyətində idilər. Qəribədir ki, erməni müxalifəti öz dövlətini müharibədə məğlub olmaqda ittiham edərək və ona əsaslanaraq aksiyalar keçirdir və hazırki Ermənistan dövlətini istefaya səsləyirlər, bizim ölkə qalibdir və bu cür aksiyaların keçirilməsinə səbəb yoxdur.

Biz hazırda xalq olaraq öz qalibiyyətimizi dünyaya nümayiş etdirməliyik və onun təbliğatı ilə məşğul olmalıyıq. Bunu özünü azərbaycanlı sayan hər bir vətəndaşımızın etməli olduğunu düşünürəm. Təxribatla məşğul olub, ölkəmizin imicinə zərər vurmağa cəhd göstərənlər isə hesab edirəm ki, dövlətimizin qalibiyyətini həzm edə bilməyən dairələrin sifarişlərini yerinə yetirən, onların alətinə çevrilən bir qurub vətən xainidir!

Əslində, Ermənistanda baş verən aksiyaların da əsil səbəbini və kimlər tərəfindən idarə olmunmasını, sifarişlərin hansı dairələrdən gəlməsini çox gözəl bilirik. Eyni ssenarini ölkəmizdə tətbiq etmək istəyən dairələr və onların ölkəmizdə olan əlaltıları bu cür aksiyalar keçirtməklə ölkələrdə qarışıqlıq yaratmaq niyyətindədir. Aksiya zamanı dövlətimizə və onun hüquq-mühafizə orqanlarına qarşı səsləndirilən təhqirlər dolu şuarlar isə həmin aksiyada olan feminist və onların dostlarına uyğun ifadələr idi".

Politoloq hesab edir ki, bu cür aksiyaların təşkil olunması və aksiya iştirakçılarının məhz feministlərdən və onları arxasına alaraq hay-küy salan “Facebook” fəallarından ibarət olması, artıq onların sifarişi haradan almasını göstərir: "Bir məqamı da diqqətə çatdırmaq istəyirəm ki, kimliyindən asılı olmayaraq, hər kəs anlamalıdır ki, hansı dairələrdən sifarişlər alırlar alsınlar, nə ölkəmizin qalibiyyətinə ləkə vura biləcəklər, nə də xalq-dövlət birliyinə əngəl ola biləcəklər! Dövlətimizə qarşı yönəlmiş istənilən təxribatın qarşısını polisin qətiyyətlə alacağından heç kimin şübhəsi olmasın!"

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə