Paşinyanın yekəbaşlığı, Putinin qapazı və Əliyevin yumruğu KÖŞƏ YAZISI

Nikol Paşinyanın noyabrın 9-da Moskva görüşündən qaçması və üçtərəfli görüşün baş tutmamasına, daha dəqiq desək, ləğvinə səbəb olmasının ardınca, erməni baş nazirinin dekabrın 15-də Brüsseldə, ATƏT-in patronajlığı altında keçiriləcək görüşdə iştirak edəcəyini təsdiq etməsi istər-istəməz Kremlin qıcıqlanmasına səbəb oldu.

Bakı isə əvvəldən bəyan edib ki, istənilən görüşlərə və danışıqlara hazırdır, bu xüsusda sərhədlərin delimitasiyası və demarkasiyasına, habelə, sülh sazişinin imzalanmasına, kommunikasiyaların açılmasına, blokadadan çıxarılma prosesinin sürətləndirilməsinə doğru istiqamət alıb.

Belə olan halda Moskvadakı dairələrin hələ oktyabr ayının sonlarından noyabrda mümkün üçtərəfli görüşün keçiriləcəyi ətrafında məlumatlar sızdırmaları, artıq həm Azərbaycanın, həm də Ermənistanın siyasi-ictimai rəyində hərəkətliliyə səbəb olmuşdu. Ancaq sonradan Nikolun növbəti cığallığı və prosesi yubatmağa çalışması, hətta buna müyəssər olması Moskvanın qəzəbinə səbəb oldu, xüsusilə, Brüssel görüşünün vaxtı və yeri tam dəqiqləşdirildikdən sonra. Amma söz yox ki, Vladimir Putin Moskvanın Brüssellə əvəzlənməsini elə-belə, yəni boş buraxmayacaqdı və əvvəl-axır Nikolu öz qarşısında növbəti dəfə diz çökdürəcəkdi. Bu isə təbii ki, Soçi görüşüdür!

Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak edəcəyi bu görüşdə bir çox gündəmdə dayanan məsələlərin üçtərəfli və sonradan ayrı-ayrılıqda, yəni Rusiya prezidenti ilə ikitərəfli müzakirələri aparılacaq və əlbəttə ki, yalnız Putin deyil, elə Əliyev də Paşinyandan müəyyən və bəlli hesablarını sormalı olacaqlar - suallar, tələblər kifayət qədərdir zatən.

Lakin bəri başdan deyə bilərik ki, Brüssel görüşündən xeyli əvvələ və anidən təyin edilən Soçi görüşü, eyni zamanda, Qərbə, bəzi Avropa dairələrinə verilən siqnal idi ki, özünüzü heç də yormayın, regional məsələlərə yalnız regional ölkələr qarışır və müştərəf həll yolları tapılır. Bu da ki, öz yerində.

Amma keçək daha bir məsələyə, bu günlərdə, yəni Soçi görüşündən əvvəl Paşinyanın onlayn mətbuat konfransına və orada səsləndirdiyi fikirlərinə. Onun ifadələri artıq sübut edir ki, bu uğursuz kapitulyant, deyəsən, yenidən pipik çıxarmağa başlayıb və həmin pipiyi ilə təlxəklik, polyaçilik nümayiş etdirir. Misal üçün, Amerikadan dəvət aldığı və söz yox ki, Sorosun maliyyəsi, egidası altında baş tutacaq “Demokratiya sammitində” Azərbaycandan, hətta Rusiyadan şikayət edəcəyini gizlətməyib. Üstəlik, Azərbaycanı güc yoluna təhrik edə biləcək ifadələrini səsləndirib. Bəs hansılar idi bu ifadələr:

Misal üçün deyib ki, Qarabağ mövzusu yalnız ATƏT-in Minsk qrupu çərçivəsində müzakirə ediləcək (?!). Maraqlıdır, 30 ildir yeyib-içib, gəzib, tuluqlarını dolduran və sonra da bir-birlərini əvəzləyərək İrəvanın başına tumar çəkən bu mənasız qrup hələ də bizi aldadacağınımı sanır? Əbəs yerə, özü də Paşinyanla birlikdə!

Halbuki Azərbaycan, ümumiyyətlə, Qarabağ mövzusunu heç kimlə müzakirə etmir və yalnız öz haqlı şərtlərini qüvvədə saxlayır. Belə ki, Azərbaycanın suveren əraziləri siyasi alver predmeti deyil və olmayacaq. Qarabağ mövzusu regional çərçivəyə keçid alıb və bundan sonra ölü, lazımsız, məntiqsiz və ürəkbulandıran bir qurumun Qarabağ məsələsinə burun dürtməsinə, ümumiyyətlə, ehtiyac qalmayıb.

Daha bir fakt budur ki, Nikol üçtərəfli razılaşmanı icra etmir və əsasən, Azərbaycana təhlükəsiz və maneəsiz hərəkət etməsi üçün Bakıya dəhliz vermir. Özü də verərsə belə, yolların haradan keçəcəyini İrəvan müəyyən edəcəkmiş (?!) Deməzsən ki, aldatdım? Maraqlıdır, məğlub olan sən, diz çökən sən, demək olar ki, bütün dünya liderlərinə gecə-gündüz telefon zəngləri edərək zəhlələrini aparan sən, indi də başında oturduğun İrəvan şərt irəli sürəcək? Yeri gəlmişkən, bu yerdə Paşinyanın gedəcəyi Amerikadan dünyaya yayılmış məşhur orta barmaq jestini göstərməyin tam yeridir!

Beləliklə, Soçi görüşünün vaxtının Brüssel görüşündən əvvələ salınmasının özü artıq belə qənaətə gəlməyə zəmin yaradır ki, Nikolun yekəbaşlığı onun növbəti qapazaltıya dönməsi ilə nəticəsini tapacaq. Putin qapazını ilişdirməyinə ilişdirəcək, amma Əliyevin yumruğu qalxarsa, bax onda...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə