İran Azərbaycan Prezidentinin bəyanatından hansı nəticələr çıxarmalıdır? ANALİTİK+ŞƏRH

İlham Əliyev: “Ümid edirik ki, bizim legitim addımlarımıza emosional reaksiya yəqin ki, müvəqqəti xarakter daşıyır”

SİA olaraq qonşu İranın Azərbaycanın suveren ərazilərindən – Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdən, daha dəqiq desək, Ermənistandan gələrək Laçın dəhlizi vasitəsi ilə qeyri-qanuni yükdaşıma cəhdləri, habelə son dövrlərdə hərbi təlimlər keçirməsinin hansı məqsədlər daşıması barədə yazı və məqalələrlə çıxışlar etmişik.

https://sia.az/az/news/politics/894114.html

https://sia.az/az/news/politics/884980.html

https://sia.az/az/news/articles/893966.html

Bütün bunlar isə bir daha sübut edir ki, ortada Tehranın Bakıya yönəlik hər hansı səmimiyyət xarakterli münasibətindən danışmaq qeyri-mümkündür. Yəni bu reallıq özünü istər torpaqlarımızın işğala məruz qaldığı dövrlərdə də, işğaldan azad edilməsindən sonra da müşahidə olunub. Təbii ki, İranın qonşuluq siyasətinə uyğun olmayan bu addımı dəfələrlə qınanılıb, hətta nota da verilib. Ancaq bundan da nəticə çıxarmayan Tehranın siyasi dairələri məsələni “çözmək” üçün yüksək rütbəli siyasi çevrə adamlarını Bakıya göndərməklə və münbit əlaqələrdən bəhs etməklə kifayətləniblər. Bütün bunların müqabilində isə sözügedən halların yenidən təkrarlanması söz yox ki, Azərbaycan rəhbərliyinin diqqətində saxlanılıb və bugünlərdə Prezident İlham Əliyevin “Anadolu” agentliyinə verdiyi müsahibəsi zamanı sözügedən məsələ ilə bağlı verilən sualı cavablandırması, faktları ortaya qoyması növbəti nəticələrə gəlməyə zəmin yaradır:

*Artıq regional vəziyyət dəyişib və bölgədə sülhün, iqtisadi inkişafın qarşısının alınmasına doğru atılacaq istənilən addımın qarşısı qətiyyətlə alınacaq.

* Azərbaycanın İranla həmsərhəd olan torpaqları işğaldan azad edilib və Bakı bu ərazilərdən qanunsuz tranzit kimi istifadə edilməsinə göz yummayacaq.

* Azərbaycanın qapısı onunla səlis, ədalətli və qeyri-məqsədləri olmayan hər bir ölkə ilə, xüsusilə qonşu ölkələrlə əməkdaşlığını artırmağa, münbit şəraitlər yaratmağa hazırdır.

Dövlət başçısı: “Bu durumda Prezident Administrasiyasının əməkdaşlarına təlimat verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar, bunu rəsmiyyətə çevirmək istəmirik”

Beləliklə, dövlət başçımız “Anadolu” agentliyinə verdiyi müsahibəsi əsnasında önəmli fikirlərini bəyan edib və növbəti dəfə xatırladıb ki, İran TIR-larının qanunsuz şəkildə Qarabağ bölgəsinə getməsi ilk dəfə baş vermir və belə hallar işğal dövründə də dəfələrlə baş verib. Dövlət başçısı qeyd edib ki, bu TIR-lar davamlı şəkildə ora gedib: “Bu barədə bizim məlumatımız vardı, ancaq əlbəttə, indiki kimi tam dəqiq məlumatımız yox idi. Bunu nəzərə alaraq, müxtəlif kanallar vasitəsi ilə İran tərəfinə narahatlığımızı ifadə edirdik. Ancaq bu proses davam edirdi. Müharibə başa çatdıqdan sonra artıq Laçın dəhlizi bizim gözümüzün qarşısındadır. Bizim hərbi postlardan Xankəndiyə gedən yola qədər məsafə bəlkə də 5-6 metrdir. Biz Laçın koridoru boyunca ayrıca Şuşa ətrafında və digər bölgələrdə yetərli qədər texniki vasitələrə malikik, kameralar var. Peyk, pilotsuz uçuş aparatlarından istifadə edirik. Biz gördük ki, TIR-lar müharibədən sonra da ora getməyə davam edir. Bu durumda Prezident Administrasiyasının əməkdaşlarına təlimat verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar, bunu rəsmiyyətə çevirmək istəmirik. Dostca danışsınlar və buna son qoyulmasının vacibliyini söyləsinlər”.

Təbii ki, dövlət başçımız tərəfinin bu addımlarına qarşı münasibətini bildirməsi, ilk növbədə, dünyaya verilən bir mesaj oldu. Daha doğrusu, Azərbaycanın öz ərazilərində heç bir qanunsuzluqara yol verilməyəcəyi faktını ortaya qoydu. O cümlədən, beynəlxalq hüquq tərəfindən tanınan suveren ərazilərimizin bütövlüyünə qarşı yönələn istənilən (!) addımların dərhal alınacağı siqnalı verildi. Lakin təəssüf ki, Bakının dostyana məramı Tehran dairələri tərəfindən düzgün dəyərləndirilmədi. Ona görə də nəticə etibarı ilə rəsmi notanın verilməsi zərurəti yarandı.

Prezident: “Maşının üzərindəki çənə farsca yazılar, aşağıda isə erməni nömrələri”

Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, İran yük maşınlarının nəinki Azərbaycanın ərazisindən qeyri-qanuni istifadə etmələri, habelə Azərbaycanı aldatmaq cəhdləri artıq bütün sədləri aşırdı. Yəni İran TIR-larının Ermənistanın ərazisinə daxil olan kimi dövlət qeydiyyat nömrələrini erməni nömrələri ilə dəyişmələri açıq-aşkar bu yanlış mövqeyi sərgiləyir: “Bu, bizə hörmətsizlikdir, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir, buna son qoyulmalıdır. Səhv etmirəmsə, bu danışıq iyul ayında oldu. Ondan sonra təbii ki, biz bunu izləməyə başladıq. Hər ayın başında bizdə məlumatlar toplanırdı ki, neçə TIR gəldi, neçə TIR çıxdı, nə gətirdi, nə apardı. Onların nömrələrinə qədər bütün məlumatlar bizdə vardı, bunlar mətbuatda yer aldı. Ancaq sonra nə etdilər? İran TIR-larına Ermənistan nömrələri vurmağa başladılar, belə saxtakarlığa əl atdılar. Bizi aldatmağa çalışdılar. Elə fərasətsiz iş gördülər ki… Maşının üzərindəki çənə farsca yazılar, aşağıda isə erməni nömrələri. Onu da deyim ki, eyni nömrələri bir neçə maşının üzərinə yapışdırırdılar. Bu iş o qədər sistemsiz həyata keçirilirdi ki… Bu da göstərirdi ki, bu işi davam etdirmək, ancaq pərdələmək istəyirlər”.

“Biz Azərbaycan ərazisindən keçən yola nəzarət etməyə başladıq və sonrasında Qarabağa gedən TIR-ların sayı sıfıra düşdü”

Prezident İlham Əliyev xatırladıb ki, məhz bu vəziyyətdən bir ay geçdikdən sonra Azərbaycan artıq rəsmi formada diplomatik nota verib.

“İranın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edildi. Şikayətlər səfirə bildirildi və bu duruma son qoyulması xahiş edildi. Bu, avqustun ortasında olmuşdu. Ümid edirdik ki, buna son qoyacaqlar. Lakin 11 avqust - 11 sentyabr aralığında 60 İran TIR-ı qanunsuz şəkildə Qarabağa hərəkət etdi”, deyə bildirən dövlət başçısı Bakının dostyana xahişinin də nəzərə alınmadığını qeyd edərək, artıq daha qəti addımın atılması qərarının verildiyini vurğulayıb. Məhz bu fikrin özündən də nəticə çıxarmaq olar ki, əslində cənab İlham Əliyev baş verənlərin ən optimal, yəni qarşılıqlı anlaşma şəklində aradan qaldırılması üçün maksimum səylərin göstərilməsi tapşırığını verib, amma təəssüf ki, qarşı tərəf həmin addıma qarşılıq verməyib. Nəticədə, Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisindən keçən hissəsində mövcud olan posta nəzarət gücləndirilib: “Bunun qarşısını almaq üçün biz artıq praktik addımlara keçdik. Bizim davranış və addımlarımız məsuliyyətlidir, dostluq münasibətlərinə əsaslanmaqdadır. İlk dəfə sözlə xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə nəzarət məntəqələri, gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola nəzarət etməyə başladıq və sonrasında Qarabağa gedən TIR-ların sayı sıfıra düşdü. Baxın, məsələni bu həddə çatdırmağa gərək vardı?”

“Bu ticarət dost və qardaş olaraq gördüyünüz ölkəyə açıq hörmətsizlik edəcək qədər önəmli idimi?”

Prezident İlham Əliyev daha bir diqqət çəkən məqama toxunaraq Rusiya sülhməramlıları kontingentinin (RSK) məsul olduqları ərazilərimizdə uzağı 25 min insanın yaşadığını xatırladıb və əslində rəsmi Tehranın dost və qardaş adlandırdığı Bakıya qarşı hörmətsizlik etməsinin qəbulolunmaz olmasına işarə edib. Halbuki, İranla Azərbaycan arasında uzun illərə söykənən ticarət amilləri mövcuddur və belə olan halda qanunsuz yükdaşıma cəhdləri hazırkı dövrə qədər mövcud olan bu faktorları kölgəyə salmış olur: “Orada, Rusiya sülhməramlılarının nəzarətindəki Qarabağ bölgəsində cəmi 25 min insan yaşayır. Bu bazar o qədərmi önəmlidir? Bu ticarət dost və qardaş olaraq gördüyünüz ölkəyə açıq hörmətsizlik edəcək qədər önəmli idimi? Biz əlbəttə, beynəlxalq konvensiyalar və beynəlxalq hüquqla müəyyən edilən bütün vasitələrdən istifadə etdik. Bəziləri deyirlər ki, sadəcə, İran maşınlarından gömrük vergisi alırsınız. Biz indi xarici ölkələrə daxil olanda gömrük vergisi ödəyirikmi? Ödəyirik. Onlar da Azərbaycan torpaqlarından keçirsə, vergi ödəməlidirlər”.

“Nə üçün məhz indi? Nə üçün bizim sərhədimizdə?”

İranın Azərbaycanın sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsinə gəlincə, cənab İlham Əliyev təəccübləndiyini və çox dəqiq, eləcə də sərrast faktı önə sürərək xatırladıb ki, ölkəmizin 30 illik müstəqilliyi dövründə qonşu ölkə bu ərazilərə yaxın yerlərdə bir dəfə də olsun təlimlər keçirməmişdi. Halbuki, bu da Tehranın öz işidir və suveren hüququdur. Məqsədi isə həqiqətən də təəccüblü və təəssüfdoğurucudur.

“Ancaq eyni zamanda bunu zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdı. Nə üçün məhz indi? Nə üçün bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti verir. Bu sualı dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi?”, deyə sual edən İlham Əliyev əslində bu vasitə ilə İranın heç vaxt görünməyən siyasi tərəfini hədəfə alır, haqlı olaraq da sərt sualını ünvanlamış olur.

“Ermənilər Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlimlər keçirilmirdi?"

Yəni Cəbrayılın, Zəngilanın, Füzulinin Ermənistanın işğalı altında qaldıqları zamanlarda İran nəyə görə bu ərazilərdə bir dəfə də olsun (?!) hərbi təlimlər, özü də irimiqyaslı hərbi təlimlər keçirməyib? Yenə də hər şey bəllidir – çünki bu torpaqlar nəzarətsiz qalmışdılar və o cümlədən, yalnız qeyri-qanuni məqsədlər üçün istifadə olunurdu, talan edilirdi. Bu baxımdan da dövlət başçımız qəti və legitim suallarını ünvanlayaraq qarşı tərəfin də anlamlı davranacağına ümid etdiyini vurğulayıb: “Ermənilər Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlimlər keçirilmirdi? Nə üçün biz bu torpaqları azad edəndən sonra, 30 illik əsarətə və işğala son qoyandan sonra bu keçirilir? Bu suallar legitim suallardır. Əlbəttə, biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa xələl gətirəcək heç bir hal olmasın. Bir də demək istəyirəm ki, Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır və təmkinlə aparır. Ümid edirik ki, bizim legitim addımlarımıza emosional reaksiya yəqin ki, müvəqqəti xarakter daşıyır”, Prezident vurğulayıb.

Beləliklə, fakt budur ki, Prezident İlham Əliyev daim qonşuluq münasibətlərində öz xoş məramlarını, dost əlini uzadıb, habelə həmin münasibətlərdən doğan digər faktorlar əsasında çoxsaylı güzəştlərə gedib, şəraitlər yaradıb. Lakin nəticədə bu kimi dostyana addımlar qiymətləndirilmirsə, dəyərləndirilmirsə, demək ki, qəti addımların da atılması istər-istəməz zərurətə çevrilir. Dövlət başçısı İlham Əliyev də həmin kontekstdən çıxış edərək, Azərbaycanın suveren ərazilərində digər ölkələr tərəfindən heç bir qanun pozuntularının olmayacağı faktını bilavasitə, əməli şəkildə ortaya qoyub.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə