İranın Ermənistan üçün “qırmızı”, “qara”, “boz” xətti... TƏRS BAXIŞ+AKTUAL

Və ya ehhh müsəlman, müsəlman..!

Məlum olduğu kimi, bugünlərdə erməni KİV-ləri İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri və səfirliyin hərbi attaşesi Bəhmən Sadeqin ölkənin müdafiə nazirliyinin müşayiəti ilə Basarkeçər (Geqarkunik) vilayətinə səfər edərək, Ermənistan-Azərbaycan sərhədləri boyunca Azərbaycan ordusunun yeni mövqelərinin müşahidəsini aparıblar. O cümlədən, hərbi hissənin komandanı, erməni general-mayoru Araik Arutyunyan iranlı diplomatları sərhəddəki vəziyyətlə bağlı məlumatlandırıb. Ərazilərdə müşahidə aparan iranlı səfir Zohuri iki ölkə arasındakı sərhədyanı münaqişələrdən narahatlığını ifadə edib və tərəfləri “təmkinli” (?!) olmağa çağırıb, eləcə də məsələnin “sülh yolu” ilə həllinin vacibliyindən danışıb. O, eyni zamanda həlak olan erməni hərbçilərinin ailələrinə də başsağlığı ünvanlayıb...

Qarabağın işğalı vaxtı ərazilərimizdəki tikililərin çapılıb-talanmasında iştirak edən İran furaları, qanunsuz ticarətlərin həyata keçirilməsi və daha nələri isə xatırlamaq belə istəmirsən!

Söz yox ki, bu informasiya azərbaycanlı ictimai rəydə təəccüb doğurmaya bilməzdi. Məsələn, sözügedən ziyarətdən sonra belə bir sual yaranır: hazırkı zamana qədər sərhədləri ABŞ və Fransa səfirləri ziyarət ediblər və onlar əvvəldən və açıq-aydın şəkildə erməni cinahında dayandıqlarını nümayiş etdiriblər. Əbəs deyil ki, “əzabkeş” qonşumuzun rəhbərliyi bu ərazilərə amerikalı və fransalı həbrçilərin yerləşdirilməsi təklifləri ilə çıxış etmişdi.

Ancaq bizə “qardaş” deyib, altdan-altan min-bir siyasi oyunbazlıqlardan çıxan İranın rəsmi nümayəndəsinin (!) sərhədyanı ərazilərə gəlişi belə deməyə əsas verir ki, bu tipli “qardaşlıq” bundan sonra da belə davam edərsə, onda həmin münasibətdən əsər-əlamət belə qalmaya da bilər. Axı nəyə görə? Bizim minilliklər boyu əlaqələrimiz hansı səbəbdən bir işğalçı xislətinə qurban verilməlidir?

Qarabağın işğalı vaxtı ərazilərimizdəki tikililərin çapılıb-talanmasında iştirak edən İran furaları, qanunsuz ticarətlərin həyata keçirilməsi və daha nələri isə xatırlamaq belə istəmirsən!

Yaxud, indinin özündə Laçın dəhlizində dəfələrlə qeydə alınmış qeyri-qanuni keçidlər də bu gün internet məkanında kifayət qədərdir. Elə buradaca xatırlatmağın tam yeridir ki, Prezident İlham Əliyev Laçın dəhlizində və bütövlükdə separatçıların qaldıqları ərazilərdə (RF-nın sülhməramlılarına təhkim olunmuş ərazilər) nələrin baş verməsindən xəbərdar olduğunu bəyan edib!

Hətta belə bir təəssürat yaranır ki, səfir və attaşe sanki düşmən dövlətin mövqelərini izləyir...

Siz təkcə səfirin fotolarına baxın və onun necə dərindən müşahidə aparmasına diqqət yetirin! Bəlkə də heç erməni hərbçiləri Azərbaycaın yerləşdikləri mövqelərini bu qədər izləməyiblər.

İndi Zohuriyə sual etmək lazımdır ki, cənab səfir, binoklla Azərbaycan ordusunun mövqelərini izləyərkən anidən özünüzü fransız, yaxud amerikalı kimi hiss etdinizmi?

Hə, yeri gəlmişkən, İranın XİN-nin rəhbəri Cavad Zərif açıq şəkildə bəyan etmişdi ki, Ermənistanın ərazi bütövlüyü İran üçün qırmızı xəttdir. İndi isə biz bunu əməli şəkildə görməkdəyik, yəni İranın Ermənistandakı səfiri və hərbi attaşesi sərhədlərimizə yaxın ərazilərə gedərək, ərazilərimizi ən azından ermənilərin baxışları ilə görürlər, bəlkə belə deyil? Deyilsə, bunu başqa cür necə izah etmək olar?

Görünür ki, Tehranda Ermənistanın “ərazi bütövlüyü” ilə bağlı qayğılanmağa başlayıblar. Halbuki, İranın özünün çoxsaylı problemləri başından aşıb-daşır. Misal üçün, ərəb qonşuları ilə, eləcə də narkotik ticarəti problemi, yaxud terror təhdidləri və ya ölkənin cənub-şərqindəki su qıtlığı və daxili qiyamlar...

Veclərinə belə deyildi ki, işğal olunmuş ərazilərimizdə müqəddəs yerlər, məscidlər və pirlər donuz tövlələrinə çevrilib

Xatırlatmağın tam yeridir ki, vaxtilə erməniləri özlərinə “qohum xalq” adlandıran İran hakimiyyəti bu gün də Ermənistan üçün narahatlığını ifadə edirsə, müsəlman ölkə - Azərbaycan torpaqları 30 il boyunca işğala məruz qalarkən, analoji addımları, ümumiyyətlə, xatırlamaq olmur. Yəni İran səfirləri və hərbi attaşeləri ən azından, o zamankı münaqişə xətlərinə bir dəfə də olsun səfər etmədilər. İranın ali rəhbərlərinin veclərinə belə deyildi ki, işğal olunmuş ərazilərimizdə müqəddəs yerlər, məscidlər və pirlər donuz tövlələrinə çevrilib.

Amma bütün bunlara rəğmən, bu haqda kiçicik bəyanat belə səslənmədi, sadəcə, “tərəfləri sülhə” çağırdı və hər hansı qırmızı, qara, boz xətlər barədə danışmadı. Ehhh müsəlman, müsəlman..!

Bəs buna nə cavab verəcəklər əcəba?!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə