"Azərbaycanın dağ-mədən potensialının istifadəsi iqtisadi şaxələndirməni gücləndirir" - POLİTOLOQ ŞƏRH ETDİ
"Bu müşavirə olduqca vacib idi. Çünki son dövrlərdə Azərbaycanın qeyri-neft sektorunun inkişafı ilə bağlı mühüm qərarlar qəbul edilir. Yaz aylarında genişmiqyaslı aqrar islahatlarla bağlı proqramın qəbul olunması da bu istiqamətdə atılan mühüm addımlardan biridir".
Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, həmin proqram kənd təsərrüfatının inkişafı ilə yanaşı, kənd təsərrüfatı məhsullarının müasir tələblərə uyğun emalının təşkilini və emal sektorunun inkişafını da nəzərdə tutur:
"Bununla yanaşı, qeyri-neft sektorunun digər istiqamətləri də dövlətin diqqət mərkəzindədir. Dağ-mədən sənayesi Azərbaycanda tarixən inkişaf etmiş sahələrdən biridir. Lakin sovet dövründə bu sahə əsasən həmin dövrün standartlarına və ittifaq miqyasındakı iqtisadi prioritetlərə uyğun inkişaf etdirilirdi. Kiçik Qafqaz dağlarında yerləşən bir sıra faydalı qazıntı yataqları isə SSRİ miqyasında daha perspektivli hesab olunan yataqlara nisbətən ikinci dərəcəli əhəmiyyət daşıyırdı. Nəticədə həmin yataqların bir hissəsinin tam miqyasda istismarı həyata keçirilmədi.
Bu isə müstəqillik dövründə həmin təbii sərvətlərdən Azərbaycan iqtisadiyyatının və xalqının maraqları naminə istifadə etmək üçün imkan yaradıb. Hazırda əsas məqsəd mövcud potensialdan səmərəli istifadə etməklə dağ-mədən sənayesinin inkişafını təmin etməkdir.
Yataqların istismarı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi və xammaldan hazır məhsulun istehsalına qədər vahid istehsal zəncirinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Bu, yeni iş yerlərinin yaradılmasına, regionların iqtisadi inkişafına, xüsusilə Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan, Şəki-Zaqatala və digər bölgələrin sənaye potensialının artırılmasına töhfə verə bilər.
Dağ-mədən sənayesi investisiya tutumlu sahələrdən biridir. Buna görə də xarici investorların bu sektora cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması vacibdir. Vaxtilə neft-qaz sektoruna böyük həcmdə xarici investisiyaların yatırıldığı kimi, bundan sonra sərmayələrin dağ-mədən sənayesi və digər qeyri-neft sahələrinə yönəldilməsi də iqtisadi şaxələndirməyə xidmət edə bilər.
Təbii ki, biz hələ bu prosesin başlanğıcındayıq və qarşıda görüləsi çox iş var. Bununla belə, yaradılmış şərait və mövcud potensial qarşıya qoyulan hədəflərə çatmaq üçün geniş imkanlar yaradır. Düşünürəm ki, yaxın perspektivdə həyata keçiriləcək konkret layihələrin nəticələri və bu istiqamətdə görülən işlərin iqtisadi səmərəsi daha aydın şəkildə özünü göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB