Tətil dövründə Milli Məclisin beynəlxalq fəaliyyəti davam edib -SAHİBƏ QAFAROVA
Tətil dövründə Milli Məclisin beynəlxalq fəaliyyəti davam edib.
Tətil dövründə qanunvericilik işinə fasilə verilsə də, Milli Məclisin beynəlxalq fəaliyyəti davam edib.
SİA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 30 sentyabr 2026-cı il tarixli plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, sözügedən dövrdə Milli Məclisin 27 deputatı 14 xarici ölkəyə 32 səfər həyata keçirib. Deputatlar 4 beynəlxalq təşkilatın tədbirlərində iştirak edib, həmçinin Qazaxıstan və Rusiyada keçirilən parlament seçkilərini müşahidə ediblər.
Sahibə Qafarovanın sözlərinə görə, həmin müddətdə 14 ölkənin və 4 beynəlxalq təşkilatın 24 nümayəndə heyəti olmaqla, ümumilikdə 142 xarici qonaq Milli Məclisdə olub.
Milli Məclisin sədri qeyd edib ki, ötən dövrdə bir sıra xarici ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Slovakiya Prezidenti Peter Pelleqrini, Fələstin və Tacikistanın baş nazirləri, Pan-Afrika Parlamentinin Prezidenti, TürkPA-nın baş katibi, Gürcüstan parlamentinin sədr müavini, Çin Xalq Respublikasının hakim partiyasının rəhbər vəzifəli şəxsləri, eləcə də Çin və Özbəkistanın baş prokurorları ilə keçirilən görüşlər Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı baxımından əhəmiyyətli olub.
Sahibə Qafarova bildirib ki, Pan-Afrika Parlamentinin Prezidenti Fatih Boutbiq ilə görüşdən sonra Pan-Afrika Parlamenti ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında Anlaşma Memorandumu imzalanıb.
Onun sözlərinə görə, bu sənəd Parlament Şəbəkəsinin yaradılmasından ötən 5 il ərzində imzaladığı 10-cu əməkdaşlıq sənədidir.
Milli Məclisin sədri, həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, eləcə də Almaniyanın yeni təyin olunmuş səfirləri ilə görüşlər keçirdiyini diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB