“Elektron ticarət zamanı istehlakçılar malı təhvil alan zaman da diqqətli olmalıdır“ -HÜQUQŞÜNAS DANIŞDI
“İstehlakçının hüquqları Azərbaycan Respublikasında əsasən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun və digər normativ-hüquqi aktlarla tənzimlənir. Bu hüquqlar onlayn alış-veriş də daxil olmaqla bütün ticarət münasibətlərinə şamil edilir”.
Bu sözləri SİA -ya açıqlamasında hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.
Onun sözlərinə görə, qanun istehlakçılara alqı-satqı prosesində bərabər hüquqlar, təhlükəsiz və keyfiyyətli məhsul alma, düzgün informasiya əldə etmə, zərərin ödənilməsi və müraciət hüququ kimi təminatlar yaradır:
” Online alış-verişdə belə hüquqlar ənənəvi satışla eyni hüquqi statusa malikdir.
Elektron ticarət zamanı istehlakçılar ənənəvi ticarətdə malik olduğu hüquqlarla yanaşı, “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqlardan da istifadə edə bilər. Məsələn, istehlakçılar qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, malın, işin və ya xidmətin ödəniş qaydasından asılı olmayaraq,
7 iş günü ərzində cəriməsiz olaraq və səbəb göstərmədən bağlanmış müqavilənin icrasından imtina edə bilərlər. Yəni, məhsul sifariş verildikdən sonra 7 gün ərzində həmin sifarişdən imtina oluna bilər. Lakin burada bəzi istisnalar mövcuddur. Belə ki, əgər tərəflər arasında digər razılaşma mövcud deyilsə, alıcı aşağıdakı müqavilələrin icrasından imtina edə bilməz:
- 7 günlük müddət ərzində alıcının razılığı ilə müqavilənin icrasına başlanıldıqda;
- alıcının xüsusi tələbi əsasında istehsal və ya uyğunlaşdırma səbəbindən geri qaytarılması mümkün olmayan, tez korlanan və ya məhdud istifadə müddəti olan malların təchizatı üzrə müqavilələrdə;
- audio, video yazılar və ya kompüter proqram təminatının, həmçinin digər malların qablaşdırma materialı alıcı tərəfindən açıldıqda və ya digər qaydada pozulduqda;
- qəzet, jurnal və digər dövri mətbuat təchiz edildikdə.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda qüsur və mühüm qüsur olaraq iki anlayış fərqləndirilir.
Qüsur dedikdə malın (işin, xidmətin) normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə icraçı və ya satıcının mal (iş, xidmət) haqqında verdiyi məlumata uyğunsuzluğu; mühüm qüsur dedikdə isə maldan (işdən, xidmətdən) onun məqsədli təyinatına müvafiq surətdə istifadə olunmasını qeyri-mümkün və ya yolverilməz edən, istehlakçı üçün aradan qaldırıla bilməyən, aradan qaldırılması üçün çoxlu əmək və vaxt məsrəfi tələb edən, malı (işi, xidməti) müqavilədə nəzərdə tutulduğundan başqa şəklə salan, ya da aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsurlar başa düşülür.
Elektron ticarət zamanı istehlakçılar malı təhvil alan zaman da diqqətli olmalıdır. Belə ki, vətəndaşlar malı təhvil alan zaman onu hərtərəfli yoxlamalı, malın müqavilənin şərtlərinə uyğunluğuna əmin olduqdan və mala dair zəruri sənədləri (ödənişi təsdiq edən sənəd, mövcud olduğu təqdirdə zəmanət talonu, texniki pasport və ya onu əvəz edən digər sənəd və s.) əldə etdikdən sonra təhvil-təslim aktını imzalamalıdırlar.
Ödəniş əvvəlcədən ödənilmədiyi təqdirdə isə məhsulu və zəruri sənədlərin mövcuduğunu yoxlamalı və təhvil-təslim aktını imzaladıqdan sonra malın dəyərini ödəməlidirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB