Anım Gününün dərin ümummilli əhəmiyyəti var -SAHİBƏ QAFAROVA

Anım Gününün dərin ümummilli əhəmiyyəti var -SAHİBƏ QAFAROVA

27 sentyabr Azərbaycan xalqı üçün xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyır. Altı il əvvəl həmin gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin başladığı Zəfər yürüşü ölkə tarixində yeni mərhələnin əsasını qoyub.

SİA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 30 sentyabr 2026-cı il tarixli plenar iclasında 27 Sentyabr – Anım Günü ilə bağlı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində qazanılan Qələbə nəticəsində şəhər və kəndlərin böyük hissəsi Ermənistanın 30 illik işğalından azad edilib və Azərbaycanın ərazi bütövlüyünün bərpasına şərait yaranıb.

Sahibə Qafarova bildirib ki, 2023-cü ilin sentyabrında keçirilən birgünlük antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının mühüm mərhələsini tamamlayıb. Bununla da dövlətin suverenliyi tam bərpa olunub və Konstitusiyanın qüvvəsi ölkənin bütün ərazisində təmin edilib.

Milli Məclisin sədri qeyd edib ki, bu tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji xəttin nəticəsidir.

“Azərbaycan düşmən üzərində tarixi qələbələri xalqımıza bəxş etmiş Müzəffər Ali Baş Komandana, cəsur əsgər və zabitlərimizə əbədi olaraq minnətdardır”, – deyə Sahibə Qafarova vurğulayıb.

O bildirib ki, Vətən və xalq yolunda canından keçmiş şəhidlərin xatirəsi daim əziz tutulur və heç vaxt unudulmayacaq.

Milli Məclisin sədri xatırladıb ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, artıq altı ildir Azərbaycanda Anım Günü qeyd olunur.

Sahibə Qafarova qeyd edib ki, sentyabrın 27-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Parkında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediblər. Həmin gün dövlət və hökumət nümayəndələri, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri də Zəfər Parkını ziyarət edib, ölkənin şəhər və rayonlarında anım tədbirləri keçirilib.

“Anım Gününün dərin ümummilli əhəmiyyəti vardır. Şəhidlərin xatirəsinin qorunub saxlanılması nəsillər arasında əlaqəni möhkəmləndirir, suveren və qüdrətli Azərbaycanın dəyərini daha yaxşı anlamağa kömək göstərir”, – deyə Milli Məclisin sədri bildirib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə