Azərbaycan Prezidenti üçtərəfli Bəyanatın icrası ilə bağlı fikirlərini açıqlayıb

Üçtərəfli Bəyanatdakı əsas məsələlər öz həllini tapdı. Bildiyiniz kimi, Ermənistan bu Bəyanata imza atmaqla öz üzərinə öhdəliklər götürmüşdür və bu öhdəlikləri məcbur olub yerinə yetirdi. Bu öhdəliklərin yerinə yetirilməsi müharibədən dərhal sonra baş vermişdir. Yəni, o zaman işğal altında olan bölgələrdən erməni qüvvələrinin çıxarılması orada açıq-aydın göstərilirdi və müharibə bitəndən sonra 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonları bizə qaytarıldı.

SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyənin Anadolu agentliyinə müsahibəsində bildirib.

Bəyanatdakı maddələrin icrasından danışan dövlətimizin başçısı deyib: “O zaman Ermənistan bu məsələyə çox məsuliyyətli yanaşırdı. Nə üçün? Çünki qorxu içində idi. Çünki bilirdi ki, əgər 10 noyabr tarixində bu Bəyanata imza atmasaydı, onların durumu daha pis ola bilərdi. Yəni, bizi dayandıracaq bir qüvvə yox idi və savaş dönəmində dəfələrlə mən Azərbaycan xalqına müraciət edərək deyirdim ki, Ermənistan bizə tarix versin, təqvim versin nə zaman bizim torpaqlarımızdan çıxır, biz dərhal müharibəni dayandırmağa hazırıq. Bu tarix bizə noyabrın 9-da verildi, Ermənistan faktiki olaraq kapitulyasiya, yəni, təslim aktını imzaladı və noyabrın 10-da müharibə dayandı. Ona görə o önəmli məsələlərin həlli Ermənistanın qorxu içində olmasından qaynaqlanır”.

“İkinci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir”

Sülhməramlı qüvvələr gəldikdən bir müddət sonra qalan məsələlərin icrasının dayandığını qeyd edən Prezident İlham Əliyev buna misal olaraq Ermənistandan sülhməramlı qüvvələrin məsuliyyətində olan ərazidən – Laçın dəhlizindən azad edilmiş torpaqlara 62 nəfərdən ibarət təxribat qrupu göndərildiyini xatırladaraq bunun 10 noyabr Bəyanatına tam zidd olduğunu bildirib.

“Digər məsələ dəhlizlərin açılmasıdır. Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Bəyanatda göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı olmalıdır. Bu, bağlantı təmin edildimi? Xeyr. Amma bu bağlantını təmin etmək üçün o qədər də böyük zamana ehtiyac yoxdur. Orada quru yollarla məsafə cəmi 40 kilometrdir. Biz müharibədən sonra keçən bir il ərzində min kilometrdən çox yol çəkdik – həm torpaq yol, həm asfalt yol. İndi orada 40 kilometr yolun açılması böyük problem deyil. Ancaq buna baxmayaraq, - hətta Ermənistan buna razılıq da verib, - aparılan müzakirələr nəticəsiz qalıb. Yəni, Ermənistan 10 noyabr Bəyanatını, onun şərtlərini kobudcasına pozur. Biz hələlik səbirli, təmkinli davranırıq. Amma bizim səbrimizin də həddi var və İkinci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə Ermənistan rəhbərliyinə şans veririk ki, noyabrın 10-da imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə