“Paşinyan Baş nazir kreslosunda rahat oturmayacaq” - ŞURA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Ermənistanda 44 günlük müharibədən sonra məğlubiyyət fonunda baş vermiş siyasi böhrandan sonra keçirilən təkrar seçkilərdə yenidən qələbə qazanan Paşinyan Baş nazir postuna parlament tərəfindən təsdiqləndi”. Bunu SİA-ya açıqlamasında Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi yanında ictimai Şuranın sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, hakimiyyətə küçədən gələn Paşinyan Ermənistanın siyasi kursunu Qərbə tərəf çevirərək Rusiyadan uzaqlaşmağa başladı: “Düzdür verdiyi açıqlamalarda bunu bildirməsə də atdığı siyasi addımlarda bu özünü qabarıq surətdə bildirirdi. Qarabağda ağır məğlubiyyətə uğrayan Ermənistan müharibə dönəmində də əsas olaraq Qərb dövlətlərindən kömək istəyir onlara yalvarırdı. Rusiyanın yaratdığı KTMT-nin üzvü olan Ermənistan yalnız təxribat, şər, böhtan ataraq ondan Azərbaycana qarşı yardım istəyirdi. Rusiya prezidentinin məlum açıqlamasından sonra "Qarabağ Azərbaycan ərazisidir" Ermənistan əsas himayəçisi Fransanın ətəyindən açıq-aşkar tutmağa başladı. Fransa prezidentinin bir neçə sərsəm açıqlamasından başqa Qərbin Ermənistana hansısa ciddi bir dəstəyi görsənmədi. Yalnız ermənipərəst KİV-lər istisna olmaqla. Azərbaycan hökumətinin apardığı xarici siyasət və haqlı mövqeyimizin beynəlxalq aləmə cənab Prezident tərəfindən yüksək peşəkarlıqla çatdırılması Ermənistanın apardığı ikiüzlü siyasətini məhv etdi. Paşinyan hökuməti bütün cəbhələrdə məğlub oldu. Lakin buna baxmayaraq Ermənistan cəmiyyəti yenə də Paşinyan hökumətinə etimad göstərdi. Paşinyan yenidən baş nazir postuna seçildi. Bunun səbəbi Ermənistanın məğlubiyyət səbəbinin Paşinyan tərəfindən xalqa günahkarın ondan əvvəlki Koçaryan-Sarkisyan hökumətinin olduğunu izah etməsi və müharibədən sonra yaranan anti-Rusiya mühitin formalaşmasına oldu”.

A.Xəlilov bildirdi ki, bundan sonra Paşinyan daha açıq şəkildə Qərbə tərəf siyasi kurs götürəcək: “Ermənistanın əsas müxalifətini rusiyayönümlü olması isə qızğın siyasi mübarizənin gedəcəyini proqnozlaşdırmağa əsas verir. Paşinyanın son vaxtlar 10 noyabr Aktının müddəalarından imtina etmə xarakterli çıxışları da Azərbaycanı daha radikal addımlar atmağa vadar edə bilər. Belə olduğu təqdirdə Paşinyanın baş nazir kreslosunda heç də rahat oturması görünmür. Onun Qərb qarşısında götürdüyü öhdəlikləri də nəzərə alsaq Ermənistanın tezliklə yenidən siyasi böhran qarşısında qalacağını gözləmək olar. Ümumiyyətlə hesab edirəm ki, Ermənistanın indiki durumda ən yaxşı siyasi addımı Azərbaycanla sülh müqaviləsini imzalamaq olardı. Ermənistan hökuməti bu addımla gələcəkdə onsuz da baş verəcək siyasi böhran zamanı iki cəbhədə döyüşməli olmayacaq. Qərb nə qədər də Ermənistana maliyyə yardımları etsə də çökmüş iqtisadiyyatı qaldırmağa illər lazımdı. Bunun üçün isə Ermənistana stabillik vacibdir. Bu olmadıqda heç bir islahat aparmaq mümkün olmayacaqdır. Ermənistan hökuməti bunu düşünməli sülh müqaviləsi imzalamalı, akta uyğun olaraq komunikasiya xətlərini açmalı, iqtisadi əlaqələri qurmalıdır. Ermənistanın gələcəyi bundan asılıdır. Paşinyan hökuməti buna getməsə nə qədər də Qərbin himayəsi olsa da bu coğrafi ərazidə onun sakit gələcəyi yoxdur. Bugünkü müasir dünyada əsas göstərici iqtisadi faktorlardır. Bu olmasa mövcud dövlətlərin gələcəyi sual altında olacaqdır. Azərbaycan uzun illər atəşkəsi saxlamaqla stabil mühit yaradaraq iqtisadiyyatını gücləndirdi, ordu qurdu, müasir güclü dövlət yaratdı. Bunun memarı Ümummilli Lider Heydər Əliyev idi. Bu gün torpaqlarımızın azad olunması bu siyasətin bariz nümunəsidir. Ermənistan cəmiyyəti buna fikir verməli nəticə çıxarmalıdır. Revanş haqqında yox öz gələcəklərini düşünməlidirlər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə