Şəhid ailəsi ziyarət edilib FOTOLAR

Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər Hövsan qəsəbə sakini Vətən Müharibəsi şəhidi, "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunmuş miçman Rəcəbov Ruslan Rəcəb oğlunun doğum günündə məzarını ziyarət edib və ruhuna dualar oxunub. Şəhidin əziz xatirəsi ehtiramla yad edilib. Ailədə görüş zamanı şəhidlərimizə olan hörmət və ehtiramını bildirən Ə.Əzizov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun gücünün, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətinin gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb.

Rayon təşkilat sədri V.Seyidov bildirib ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır. V.Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək, təşkilat adından "Anım lövhəsi"ni şəhid ailəsinə təqdim edib.

Göstərilən diqqət və qayğıya görə, şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildiriblər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə