Revanşistlər unutmasınlar ki, dəmir yumruq bu dəfə daha bərk dəyə bilər - DEPUTAT REAKSİYA VERDİ
“Düşünürəm ki, Ermənistanın son günlər həyata keçirdiyi təxribatlar davam edəcək. Çünki Paşinyan andiçmə mərasimini həyata keçirməyib və məhz buna görə də o, Ali Baş Komandan kimi ordunu idarə edə bilmir. Bundan əlavə revanşist qüvvələr də öz məkrli planlarını həyata keçirmək üçün bu addımları atırlar”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputatın sözlərinə görə, bu gün Ermənistanın Baş Qərargahında müxtəlif qüvvələrə tabe olan qoşunlar, əsgərlər, zabitlər var: “Onlar da bu proseslərdə iştirak edirlər. Fikrimcə, bütün bunlar Sarqsyanın, Koçaryanın, yəni Qarabağ klanının işləridir. Onlar çalışırlar ki, Azərbaycan ordusunu bu təxribatlara cəlb etsinlər. Lakin Azərbaycan Ordusu bu təxribatlara uymur, onlar ordumuz tərəfindən gəldikləri kimi də qovularaq çıxarılırlar. Gündəmdə olan digər məsələ isə Azərbaycan, Rusiya və Ermənistan arasında delimitasiya üzrə komissiyanın yaradılmasıdır. Bu məsələ barədə Rusiya rəhbərliyi danışıb və eyni zamanda Azərbaycan tərəfi də təkliflər edir. Yəni, sözügedən komissiya yaradıldıqdan sonra keçmiş sovet respublikaları arasındakı sərhədə uyğun olaraq xəritələr, ən son texnologiyalardan istifadə etməklə delimitasiya, sonra isə demarkasiya məsələsi həyata keçiriləcək. Bu da təbii ki, Erməniləri razı sala bilməz. Çünki əsas yüksəkliklər, digər ciddi kommunikasiyalar Azərbaycanın ərazisinə düşür. Məhz bütün bunlara görə, erməni tərəfi bu prosesi gecikdirməyə çalışır”.
A.Nağıyev vurğulayıb ki, Ermənistan daxilində olan xaotik, siyasi böhran vəziyyəti get-gedə dərinləşməkdədir: “Müxtəlif siyasi partiyalar seçkilərin nəticələri ilə razılaşmırlar. Ən böyük problemlərdən biri də revanşist qüvvələrin məhz bu seçkilərdə məğlub olmasıdır. Erməni xalqı özü üçün pisin yaxşısını seçdi. Lakin seçicilər bir daha başa düşür ki, böyük müharibədənsə, sülh daha yaxşıdır və onlar sülhə səs verdilər. Paşinyan andiçmə prosesindən sonra istər həbslərlə bağlı, istər yeni hökumətin formalaşmasından sonra Koçaryan-Sarqsyan və onların tərəfdarları ilə bağlı müvafiq qərarlar qəbul edəcək. Əks halda unutmasınlar ki, məhz həmin o dəmir yumruq daim onların başlarının üstündədir və bu dəfə daha bərk dəyə bilər. Bugünkü proseslər, əsasən təxribatlar hamısı siyasi məsələlərlə əlaqədardır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB