Azad olunan ərazilərdə "yaşıl enerji" siyasəti yeni imkanlar yaradacaq ŞƏRH

Prezident İlham Əliyevin Kəlbəcərin elektrik enerjisi ilə təminatına 24,5 milyon manat ayrılması ilə bağlı Sərəncamı

Prezident İlham Əliyev Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin elektrik enerjisi ilə təchizatı haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 24.500.000,0 (iyirmi dörd milyon beş yüz min) manat ayrılıb.Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir”.

Azad edilmiş torpaqlara həyat qayıdır

Hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi, həmin rayonlarda yenidənqurma və bərpa işlərinə bütün dövlət və özəl sektorun qoşulmasını əsl birliyin göstəricisidir. Məhz bu birliyin bariz nümunəsi olaraq ölkədə aparılan enerji siyasətinin tərkib hissəsi kimi həmin ərazilərdə, o cümlədən Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin elektrik enerjisi ilə təchizatı haqqında Azərbaycan Prezidentinin Sərəncamına əsasən elektrik enerjisi infrastrukturunun yenilənməsi və bərpası işlərini də göstərmək olar.Ölkə Prezidentinin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı artıq bir sıra yarımstansiyaların açılışı həyata keçirilib. hər səfərdən sonra həitn rayonların bərpa işlərinə vəsait ayırması dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur.

İşğaldan azad edilmiş bütün şəhər və rayonların baş planlarının hazırlanması ilə bağlı Prezidentin tapşırığının icrası hazırda yüksək surətlə davam etməkdədir. Eyni zamanda, işğaldan azad edilmiş rayonlarda “yaşıl enerji” zonasının yaradılması məqsədilə ilkin olaraq pilot layihələr qismində bəzi yerlərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının da tətbiqi baş tutacaq. Ağıllı kənd layihəsi ilkin olaraq Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq.

Qarabağ alternativ enerji mənbəyinə çevriləcək: Qarabağ “yaşıl enerji” zonasıdır.

Prezident İlham Əliyev hələ müharibədən əvvəl iki iri beynəlxalq şirkətin ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırması barədə müqavilələr imzalandığını və azad edilmiş ərazilərdə də bunun üçün yaxşı imkanlar olduğunu xatırladaraq dedi: “Kəlbəcər-Laçın zonasında külək stansiyaları, çünki orada çox güclü küləklər olur, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları, çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür və əgər belə demək olarsa, günəş şüalarının keyfiyyəti də buna imkan verir. Qeyd edək ki, İkinci Vətən Müharibəsindən 7 aydan çox keçməsinə baxmayaraq, ölkə Prezidentinin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı artıq bir sıra yarımstansiyaların açılışı həyata keçirilib. Belə ki, vətən müharibəsi başa çatandan cəmi bir neçə ay sonra Qarabağın elektriki enerjisi zəncirinin əsas hissələrini təşkil edən 8 meqavat gücə malik “Güləbird” Su Elektrik Stansiyası, 110/35/10 kilovoltluq Şuşa, Füzulu və Şükürbəyli yarımstansiyalarının açılışının edilməsi proseslərin hansı sürətlə aparıldığını göstərir.

Prezident İlham Əliyev: “2021-ci ilin sonuna qədər azad edilmiş ərazilərdə bütün elektrik enerjisi infrastrukturunun qurulması yekunlaşacaq”

Azərbaycan Prezidenti İlham Əliyev apreldə Dövlət Televiziyasına verdiyi müsahibəsində bildirmişdi ki, 2021-ci ilin sonuna qədər azad edilmiş ərazilərdə bütün elektrik enerjisi infrastrukturunun qurulması yekunlaşacaq. Prezident qeyd edib ki, bununla paralel olaraq, əsas infrastruktur layihələrinə də start verilib: “Azad edilmiş ərazinin elektrik təchizatı hesab edirəm ki, bu ilin sonuna qədər başa çatacaq. Həm xətlər çəkilir, həm yeni yarımstansiyalar tikilir. Şuşa şəhəri indi elektrik enerjisi ilə tam təmin edilib və hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir. Bu, çox ağır bir işdir. Çünki bu infrastruktur layihəsi Murov dağlarından keçməlidir. Orada dağların hündürlüyü 3 500 metrə çatır və hələ ki, hava şəraiti o qədər də münasib deyil, qar əriməyib”.

10 Noyabr Bəyannaməsinin imzalanmasından cəmi 1 ay sonra Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın Azərbaycan işığı ilə təchiz edilməsini bacaran “Azərişıq” bu məsuliyyətli işin də öhdəsindən gəlmək üçün maksimum səylə fəaliyyət göstərir.

Həmçinin, Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadənin sözlərinə görə, hazırda azad edilmiş ərazilərdə işlər sürətlə aparılır. Onun sözlərinə görə, izolyasiyalı və mühafizə olunan yüksəkgərginlikli elektrik xətlərindən istifadə bizə Qarabağda 6000 hektardan çox əraziyə qənaətə imkan yaradacaq. Cəbrayıl rayonu ərazisində - Araz çayı üzərində yerləşən "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı işlər yekunlaşmaq üzrədir. İranla əldə edilmiş razılaşmaya əsasən, ümumi gücü 280 meqavat olan hər iki stansiyadan 716 milyon kVt/s elektrik enerjisi istehsal ediləcək ki, onun da 356 milyon kVt/s-ı Azərbaycanın payına düşəcək. Hazırda işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı üçün “Yaşıl enerji” konsepsiyası işlənir. Azad edilmiş ərazilərdə təqribən 45 kiçik su elektrik stansiyası fəaliyyət göstərib, düşmən ərazini tərk edərkən bu su elektrik stansiyalarının bir çoxunu dağıdıb və talan edib. Hazırda “Azərenejri” ASC işğaldan azad olunmuş ərazilərdə elektrik enerjisi şəbəkəsinin formalaşdırılması işləri görür və bu stansiyalar istifadəyə verildikdən sonra o şəbəkələr vasitəsi ilə ərazinin elektrik enerjisi təminatında istifadə olunacaq”.

Qız Qalası" su elektrik stansiyalarının ümumi şəbəkəyə qoşulması üçün Cəbrayılda 330 kilovoltluq yeni yarımstansiya tikiləcək: “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi layihəsi bizim enerjisistem üçün çox böyük əhəmiyyət kəsb edəcək. “Xudafərin” su elektrik stansiyasının gücü 200 MVt-dır, “Qız qalası” su elektrik stansiyasının gücü isə 80 MVt-dır. “Xudafərin” SES-in 100 MVt-ı, “Qız qalası” SES-in isə 40 MVt-ı Azərbaycanın payına düşür.Bəli indi həmin ərazilərdə yenidənqurma və bərpa işlərinə start verilib. Artıq Şuşa şəhəri fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur. Cənab Prezidentin iştirakı ilə Laçının Güləbird kəndindəki Su Elektrik Stansiyası istismara verildi. Bu SES işğaldan azad olunan ərazilərdə istifadəyə verilən ilk elektrik stansiyasıdır. Yaxın zamanlarda Laçında dağıdılmış daha 4 SES bərpa ediləcək, Kəlbəcərdə 12 SES yenidən qurulacaq, “Xudafərin” və “Qız qalası” su elektrik stansiyaları tikiləcək.

Qısa zamanda işğaldan azad olunmuş ərazilərdə generasiya gücü 240 meqavata çatdırılacaq ki, bu da böyük gücdür. Bütün bunların fonunda onu demək olar ki, qısa zamanda işğaldan azad olunan ərazilərimizdə nəzərdə tutulan bütün sosial layihələr uğurla həyata keçiriləcək.Kəlbəcər-Laçın zonası bərpa olunan enerji mənbələrinin yaradılması, su elektrik stansiyalarının tikintisi üçün əlverişli təbii şəraitə malikdir. Vaxtilə bu ərazilərdə çoxsaylı stansiyalar qurulub, işğal dövründə ermənilər onlardan istifadə ediblər. Lakin kapitulyasiyadan sonra bütün stansiyalar dağıdılıb və yararsız hala gətirilib.

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bütün stansiyaları bərpa edəcək, yeniləri tikiləcək. Bu isə elektrik enerjisinə olan tələbatın ödənilməsində mühüm rol oynayacaq. Eyni zamanda biz əldə olunan yeni uğurlarla bu sahədə ixrac potensialımızı yüksəldə bilərik.

RƏFİQƏ HYSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...