Azərbaycan-Pakistan əlaqələri yeni mərhələyə daxil olub - ŞƏRH

“Pakistan bizim torpaqlarımızın işğalı səbəbindən Ermənistanı tanımayan və Ermənistanla diplomatik əlaqələr qurmayan az sayda ölkələrdən biridir. Bu, ölkələrimiz arasında qardaşlıq əlaqələrimizin daha bir nümayişidir". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı qəbulu zamanı bildirib. Azərbaycanın suverenliyini ilk tanıyan ölkələrdən biri kimi Pakistan ölkəmizlə siyasi, iqtisadi və mədəni əlaqələrin yeni tarixi şəraitə münasib şəkildə yenidən qurulmasına çalışmışdır. Azərbaycanın Qarabağ uğrunda ağır müharibə şəraitində yaşadığı dövrlərdə beynəlxalq münasibətlərdə Pakistan rəsmilərinin dünya dövlətlərini BMT, İKT kimi nüfuzlu təşkilatlarda Ermənistanı təcavüzkar ölkə kimi tanınmasına çağırması böyük əhəmiyyət daşıyır. Dövlət müstəqilliyimizin ilk illərindən Ümummilli Lider Heydər Əliyev Pakistan-Azərbaycan münasibətlərinə böyük önəm verərək iki ölkə arasında olan münasibətləri dəyərləndirərək bu əlaqələri belə səciyyələndirirdi: "Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri var. Bu əlaqələr keçmiş tarixi ənənələrimizin üzərində qurulub".

1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqarinin Azərbaycanda rəsmi səfərdə olması və iki ölkə arasında bir sıra sənədlərin, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokolun imzalanması, "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə"nin bağlanması, bu əlaqələrin daha da genişlənməsinə səbəb olmuşdu. 9 aprel 1996-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistana rəsmi səfəri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verib.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci il aprelin 12-də Pakistana 2 günlük rəsmi səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşündə ölkələrarası münasibətlər müzakirə olunub, nəqliyyat, informasiya və kommunikasiya, aviasiya, mədəniyyət, maliyyə və təhsil sahəsində 6 əməkdaşlıq sazişi imzalanıb. Keçirilən görüşlər, imzalanan bu və ya digər sənədlər Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın davamlı olduğunu göstərir.

Hazırda Azərbaycan-Pakistan əlaqələri yeni mərhələyə daxil olub. Pakistan Azərbaycana yaxın müttəfiq ölkələrdən biridir və Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini müdafiə etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünə, terrorçuluğuna, mülki insanlara qarşı hücümlarına Pakistan hər zaman mövqeyini bildirdi və Azərbaycana dəstək nümayiş etdirdi və yanımızda olduqlarını sərgilədilər. Vətən müharibəsində Pakistan Senatı və Milli Assambleyası tərəfindən qətnamələr qəbul edildi. Belə ki, Pakistan Senatında ötən ilin oktyabrında Kabinet Katibliyi üzrə Daimi Komitəsi tərəfindən Ermənistanın ölkəmizə qarşı təcavüzünü pisləyən və Azərbaycana dəstək ifadə edən qətnamənin yekdilliklə qəbul edilməsi və s. möhkəm dostluğun əsl nümunəsidir. Təbii ki, bu münasibət dövlətlərimiz arasında əlaqələrin inkişafından və səmimi qardaşlıq münasibətlərindən qaynaqlanır.

"BİZ BÜTÜN MƏSƏLƏLƏRDƏ QARDAŞLARIMIZI DƏSTƏKLƏMƏLİYİK"

Cənab Prezident müharibənin ilk günlərindən Pakistanın ali rəhbərliyinin ərazi bütövlüyümüzün bərpasında Azərbaycana tam dəstəklərini ifadə etdiklərini bildirib: "Bu, bizim əməkdaşlığımızın çox mühüm elementi və qardaşlıq əlaqələrimizin həqiqi nümayişidir. Pakistanın digər yüksək rütbəli rəsmiləri, parlament üzvləri və ictimai xadimlər Ermənistan ordusunun tam məğlubiyyəti və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük müharibə ərzində bizi dəstəklədilər. Dağlıq Qarabağ münaqişəsi Azərbaycan tərəfindən güc və siyasi yolla həll olundu".

Qardaş ölkə Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır. Azərbaycan da öz növbəsində Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir və məsələnin həllində qardaş Pakistanın yanında olduğunu dəfələrlə bəyan etmişdir. Dövlət başçısı bildirib ki, Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir: "Bizim açıq mövqeyimiz dəfələrlə nümayiş etdirilib. Bu mövqe ədalət, beynəlxalq hüquq və qardaşlıq əlaqələrimizə əsaslanır. Biz bütün məsələlərdə qardaşlarımızı dəstəkləməliyik".

Azərbaycan vətən müharibəsində kimin kim olduğunu bir daha gördü. "Mən Bakıda keçirilən sammitdə şəxsən iştirak etdiyinə və Qoşulmama Hərəkatı çərçivəsində bizim təşəbbüsləri dəstəklədiyinə görə Pakistanın Prezidentinə çox minnətdaram", deyən Azərbaycan Prezidenti dövlətlərarası əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çəkib: "Biz müdafiə və müdafiə sənayesi sahələrində çox yüksək səviyyəli tərəfdaşlıq nümayiş etdiririk. Sizin bizim ölkəmizə səfəriniz bunun daha bir göstəricisidir. Biz Pakistanın müdafiə sənayesi məhsullarına çıxışımız olduğuna görə məmnunuq. Bildiyiniz kimi, biz bu məhsulları alırıq, bu da bizim hərbi potensialımızı gücləndirir. Düşünürəm ki, qarşıdakı illərdə biz hərbi əməkdaşlığımızı genişləndirməli və tərəfdaşlığımızı gücləndirmək üçün birgə hərbi təlim və başqa təşəbbüslər planlaşdırmalıyıq".

"BÜTÜN ŞƏHƏR VƏ ÖLKƏ BOYU PAKİSTAN BAYRAQLARININ OLMASI TƏƏCCÜBLÜ DEYİL, BUNUN NƏTİCƏSİNDƏ ÖLKƏLƏRİMİZ VƏ XALQLARIMIZ ARASINDAKI QARDAŞLIQ GÜCLƏNƏCƏK"

Pakistan-Azərbaycan əlaqələri həm də hərbi əməkdaşlıq müstəvisində inkişaf edir. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikası ilə Pakistan arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında saziş bunun bariz nümunəsidir. Qeyd olunan sənəddə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib. Sentyabrın 27-də Azərbaycana qarşı işğalçı Ermənistanın həyata keçirdiyi hərbi təxribata Pakistanın qardaş Türkiyə ilə birlikdə Azərbaycanın yanında olduğunu bəyan etməsi Azərbaycan-Türkiyə-Pakistan qardaşlığını bütün dünyaya nümayiş etdirdi. Dövlət başçısı "Biz hər zaman Azərbaycanı kimin dəstəklədiyi və müharibə zamanı bizi kimin dəstəklədiyi barədə mesaj veririk", deyərək bildirib ki, bütün şəhər və ölkə boyu Pakistan bayraqlarının olması təəccüblü deyil, bunun nəticəsində ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq güclənəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...