Cıdır düzündə musiqi bayramı, birlik bayramı, qayıdış bayramı, ləyaqət bayramı - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may tarixində “Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncam imzalaması ilə Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olması rəsmiləşdirilmişdir. Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, Qafqazın konservatoriyası olmuşdur. Sərəncam Şuşa şəhərinin bu statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, o cümlədən memarlıq və şəhərsalma mədəniyyətinin dünyada tanınmasına xidmət edir.

Hələ 1977-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşa şəhərində tarixi-mədəniyyət abidələrinin qorunması və bərpa edilməsi, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində 1992-ci ilin mayın 8-də qədim Şuşa şəhəri böyük bir xəyanətin qurbanı oldu, düşmən tərəfindən işğal edildi və şəhərdə tarixi, mədəni, dini abidələr erməni vandalları tərəfindən yerlə yeksan edildi. İşğalın davam etdiyi 28 il ərzində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 22 ümumtəhsil məktəbi, 7 uşaq bağçası, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey dağıdılmış, məbədgahlar və məscidlər təhqir edilmiş, 20 kitabxana yandırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistanı acı məğlubiyyətə uğradaraq kapitulyasiya aktına imza etməyə məcbur etdi. Qəhrəman Ordumuz tarixi ədaləti bərpa etdi və 2020-ci ilin noyabr ayının 8-də Şuşa şəhəri işğaldan azad edildi. Bu tarixi qələbədən sonra düşmən təslim olmağa məcbur oldu. Şuşanın azad olunması və onun yenidən bərpası, Azərbaycan mədəniyyətində öz layiqli yerini alması Ulu Öndərin ən böyük hədəflərindən idi. Ölkə başçısının tapşırığı ilə Şuşa şəhərinin, onun mədəni-tarixi abidələrinin bərpası istiqmədində bərpa-quruculuq işlərinə başlanılmış və işlər sürətlə davam etdirilir. Hazırda Heydər Əliyev Fondu tərəfindən dahi Azərbaycan şairi Vaqifin məqbərəsi bərpa edilir. Bundan başqa Rəsm Qalereyasının, Qarabağ mehmanxanasının, Şuşa Xalça Muzeyinin bərpası üzrə işlər davam etdirilir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və diqqətlə yanaşılmasını tələb edir. Şuşada həyata keçirilən bərpa-quruculuq işləri, Prezident İlham Əliyevin “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncamı bu diqqət və qayğının bariz nümunəsidir. Şuşanın bərpası bu şəhərə Azərbaycan ruhunun qayıdışıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Şuşanın girişində Azərbaycan bayragı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır”. Azad olunduqdan sonra bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi, məhz Şuşa rayonuna təyin edilmişdir. Prezident İlham Əliyev hələ fevralın əvvəlində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Şuşanın mədəniyyət paytaxtı elan ediləcəyini demişdi. Qeyd olunan Sərəncamın imzalanma tarixi kimi məhz 7 may tarixinin seçilməsi özündə mühüm mesajlar ehtiva edir. Azərbaycan xalqının Şuşa həsrətinin, nisgilinin ifadəsi olan 8 may günü ərəfəsində və Möhtəşəm Zəfər Günümüz – 8 noyabr günündən, Şuşamızın azadlığa qovuşduğu düz 6 ay sonra Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi tariximizin saxtalaşdırılmasına “töhfə verən” digər dövlətlərə də mesajdır.

Sərəncamın 7 may tarixində imzalanması həm də Türkiyə Prezidentinin Azərbaycana gəlişindən əvvəl şəhərin statusunun rəsmiləşməsi, liderlərin səfəri haqda informasiyalarda dünyanın diqqətini Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olmasına yönəldə bilər.Əvvəlcədən anons edildiyi kimi, mədəniyyət paytaxtımız Şuşada Ramazan bayramı günlərində möhtəşəm tarixi anlara şahidlik edən “Xarıbülbül” musiqi festivalı keçirildi. Şəhidlərimizin işıqlı ruhuna, əziz xatirəsinə həsr olunan Festival hər bir azərbaycanlı üçün sözlərin ifadə etməyə yetərsiz olduğu təkrarsız təəssüratlarla, böyük qürur, sevinc və fəxarətlə yadda qaldı. Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunmuşdu. 32 ildən sonra keçirilən budəfəki “Xarıbülbül” festivalı Heydər Əliyev Fondu tərəfindən milli koloritdə və ən kiçik detalına qədər böyük zövqlə, həssaslıqla təşkil olundu. İllər sonra azad Şuşamızda, Cıdır düzündə səsləndirilən “Bayatı Şiraz” sədaları, “Qarabağ Azərbaycandır!” şüarları hər bir azərbaycanlının qəlbini riqqətə gətirdi. Festival çərçivəsində Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim olundu, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olundu.

“Xarıbülbül” festivalında möhtərəm Prezidentimiz İlham Əliyevin nitqini bütün Azərbaycan xalqı hər zaman olduğu kimi ürəkdən alqışladı: “Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyil. Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Biz bütün bu illər ərzində bir amalla yaşamışıq – torpaqları azad edək, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduq. Bugünkü tədbir bir daha onu göstərir ki, biz Şuşaya qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq. … Bax, bizim qayıdışımız budur. Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz – burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə – hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!”

Biz Azərbaycanın yeni, şanlı, şərəfli Zəfər tarixini yazan Prezidentimiz, Qalib Sərkərdəmiz, müzəffər Ali Baş Komandanımızla fəxr edirik. Qəhrəman Azərbaycan xalqı bu il təqvimdəki hər əlamətdar tarixi məğrur, qalib xalq kimi qeyd edir. Müstəqil Azərbaycan bu gün güclü, yüksək siyasi nüfuzu olan və dünyada söz sahibi olan ölkələrdən biridir. Vətən müharibəsi ölkəmizdəki Xalq-Lider-Ordu birliyinin gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. Yaşasın qəhrəman Azərbaycan xalqı! Yaşasın Prezident İlham Əliyev!

Bəyim Nəbiyeva

YAP Səbail rayon təşkilatının baş məsləhətçisi, rayon Gənclər Birliyinin İdarə heyətinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə