Qərb Əli Kərimli və Cəmil Həsənli ilə yollarını ayırır

Müxalifətin üzləşdiyi ağır durum onların öz günahlarının, səhvlərinin nəticəsi olduğunu demək olar. Çünki müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin böyük əksəriyyəti siyasətə gəlir mənbəyi kimi baxır. Cəmiyyətin nifrət obyektində olmalarına baxmayaraq sədrlik kreslosunu da, məhz buna görə tərk etmək istəmirlər. AXCP və Müsavat kimi partiya sədrləri xarici qüvvələrdən və ya fondlardan maliyyə yardımları almağa meyillidirlər. Fəaliyyətlərini və işlərini də daha çox xarici maraqlı dairələrin istək və arzularına əsasən qururlar. Yəni, fəaliyyət istiqamətləri “Fatı qalx, Fatı otur” prinsipinə əsaslanaraq qurulub. Ancaq siyasətdə uğur qazana bilməyiblər. Çünki müxalifət başbilənlərindən birinin, bir zaman dediyi kimi, "pul qoyub, pul götürmək olar, amma pul qoyub, siyasətdə uğur əldə etmək olmaz". Belələri haqqında çoxsaylı faktlar, sübutlar göstərmək olar. AXCP sədr Ə.Kərimlinin, “Milli Şura”nın oyuncaq sədri Cəmil Həsənlinin, Müsavat başqanı A.Hacılının və digərlərinin siyasi fəaliyyətlərinə nəzər yetirdikdə, hər şeyin məlum olduğunu görmək olar. Bu məxluqlar az qala yaşlarının yarısını siyasətə qurban versələr də, qazandıqları ancaq xalqın ittihamı, tənqid və iradları olub. Ağa qara demək, xalqın sevincinə, hakimiyyətin apardığı uğurlu siyasətə qərəzli yanaşmaq onların həyat tərzidir.

Fikir verin, Azərbaycanın müzəffər ordusu 30 il işğal altında olmuş torpaqlarımızı 44 günlük Vətən müharibəsi dönəmində erməni işğalından azad edib şanlı tarix yazdığı halda sözügedən müxalif məxluqlar hərbi qələbəmizə qısqanclıqla yanaşır, sosial şəbəkələr də şər və böhtanlar səsləndirir, videolar paylaşırlar. Təkzibolunmaz fakt budur ki, indiki dağıdıcı müxalifət ötən əsrin 90-cı illərində öz mənafeləri naminə Azərbaycan xalqını və dövlətini faciələrə sürükləmişlər. AXC- Müsavat cütlüyünün Azərbaycan ərazilərini hərraca qoyması, ermənilər tərəfindən işğal olunmasına şərait yaratmaları, 20 yanvar faciəsi və Xocalı soyqırımı kimi qanlı hadisələrdən istifadə edərək silah gücünə hakimiyyətə yiyələnmək istiqamətində addımlar atmalarını misal olaraq göstərmək olar. Görünən odur ki, meydan təfəkkürlü müxalifət hələ də dəyişməyib. Hələ də təxribatlar törətməyə, ölkədəki ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstərirlər. Təbii ki, belə məxluqların yenilənməsinə ehtiyac var. Ancaq görünən odur ki, bunun reallaşmasına sədrlik kreslosuna gəlir mənbəyi kimi baxan məxluqlar heç cürə imkan verməyirlər. Yalnız rayon təşkilatlarının qətiyyətinə və prinsipiallığına ehtiyac var. Yəqin ki, bu gözləntilər də yaxın vaxtlarda həyata keçəcək.

Müxalifət partiyalarının çöküşü dərinləşir

Diqqətçəkən məqam ondan ibarətdir ki, müxalifət daxilində ciddi ixtilaflar, qarşıdurmalar mövcuddur və mövcud ağır durum getdikcə daha da dərinləşməkdədir. Bütün bunlar onu göstərir ki, onlar nəinki həmrəy olub birləşmək, heç sakit şəkildə eyni düşərgədə fəaliyyət aparmaq düşüncəsinə malik deyillər. Araşdırmalara və proseslərə əsasən, demək olar ki, hazırkı mərhələdə daha cox AXCP-Müsavat qarşıdurması diqqəti çəlb edir. Xüsusilə də, Müsavatın "Milli Şura" deyilən qondarma qurumdan çıxmasından sonra iki partiya arasında münasibətlərin gərginləşdiyi müşahidə olunur. ADP sədri Sərdar Cəlaloğlu iddia edir ki, müxalifətin ciddi iflasa uğramasının başlıca günahkarı AXCP və Müsavatdır: "Bu partiyaların bir araya gələ bilməməsi həmişə birlik istəklərini reallaşdırmağa imkan verməyib. Vaxtilə "Demkonqres"in, "Azadlıq" siyasi blokunun, "SİDSUH"-un və digər qurumların dağılmasında da onlar rol oynayıb. AXCP ilə Müsavatın qarşılıqlı ittihamları və bir-birini qəbul etməməsi həmişə müxalifət düşərgəsində ciddi parçalayıcı amil olub".

Müxalifətin sosial şəbəkələrdə yersiz dava-qovğaları bir daha təsdiqləyir ki, sivil yolla mübarizəni deyil, xaos yaratmaq, ölkəni qarışdırıb çirkin məqsədlərinə nail olmaq hədəfini seçib. Müxalifətin əsas təxribatçı qrupunun simalarından olan AXCP sədri Ə.Kərimli və onun ortağı C.Həsənli müxalifətdə özlərindən başqa heç kimi qəbul etmirlər. Bu məxluqlar çalışırlar ki, digər partiyaları gözdən salıb, özlərini “ana müxalifət” kimi təqdim etsinlər. Təbii ki, bu da müxalif düşərgədə birmənalı qarşılanmır. Əksər siyasi partiya funksionerləri Ə.Kərimlini və C.Həsənlini sərt şəkildə ittiham edirlər. ADMP sədri, Milli Məclisin deputatı Elşən Musayev "Səs" qəzetinə açıqlamasında bildirdi ki, sözügedən şəxslər öz yaramaz maraqlarının təmin olunması üçün şeytanla da əməkdaşlıq etməkdən çəkinməzlər: "Adını çəkdiyiniz insanlar şeytanla da əməkdaşlıq edər, nəinki arxivdəkilərlə. Məsələn, Eldar Namazov gəlib desə ki, filankəs pul təklif edir, 50-50-yə bölüb işimizə başlayaq, Kərimli iki əlini birdən qaldırıb razılıq verər. Bunlarda o qürur, o təpər hardadır ki, mənəvi məsələlərə diqqət yetirsinlər? Liderini satan adamlardan nə gözləyirsiniz? Təbii, bu əməkdaşlıq mümkündür. Sadəcə, məsələ burasındadır, bunların beşi birinə dəymir, biri beşinə. Yəni əməkdaşlıq eləsələr də eyni gündədirlər, eləməsələr də".

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə