Avropa Komissiyası Çexiyanın mövqeyini dəstəklədi

Avropa Komissiyasının rəhbəri Ursula von der Layen, Çex Respublikasının Rusiyaya qarşı tutduğu mövqeylə tamamilə həmrəydir. SİA xəbər verir ki, Avropa Komissiyasının sözçüsü Erik Mamer Brüsseldə keçirdiyi brifinqdə belə deyib.

"Avropa Komissiyasının rəhbəri Çex Respublikasının mövqeyi ilə tamamilə həmrəydir və bütün vacib məsələlərdə baş nazirlə əlaqə saxlayır", deyə Erik Mamer bildirib.

Qeyd edək ki, Çexiya baş naziri Andrey Babiş, şənbə axşamı, səlahiyyətlilərin Rusiya xüsusi xidmət orqanlarının 2014-cü ildə Vrbetitsadaki bir sursat anbarında baş verən partlayışda şübhəli olduğunu söyləyib. Çex Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Jan Hamacek də öz növbəsində, 48 saat ərzində ölkəni tərk etməli olan 18 rus diplomatın ölkədən çıxarılacağını söyləyib. Eyni zamanda, Praqa Vrbetitsadaki partlayışların istintaqının bütün təfərrüatlarını Moskvaya açıqlamaq niyyətində olmadığını söyləyib. Bazar günü isə Rusiya diplomatlarının Praqadan qovulmasına qarşı cavab tədbirlərini açıqlayıb. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə çağrılan Çex Respublikasının səfiri Vitezslav Pivonka, 24 saat ərzində Rusiya Federasiyasının ərazisini tərk etməli olan 20 səfirlik işçisinin “persona non qrat” elan edildiyi barədə məlumat verib.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi, Çexiya Vrbetitasındakı partlayışda Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı açıqlamaların absurd, əsassız və uzaq düşüncə olduğunu vurğulayıb. Qeyd edilib ki, Qərb insanları daxili problemlərindən yayındırmaq üçün “hər şeydən - hər hansı bir mifdən, hər hansı bir saxtakarlıqdan” istifadə edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə