Milli peşəkar hərbçi kadrların hazırlanması gələcəyə hesablanmışdı TƏHLİL

Dövlət başçısının Sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illiyi qeyd olunacaq

Hər bir ölkə üçün ordu quruculuğu prosesində milli hərbi kadrların hazırlanması mühüm əhəmiyyətə malik sahə kimi daim prioritet təşkil edir. Müstəqil Azərbaycan Respublikasında bu sahəyə xüsusi diqqət yetirilir, Vətənə, dövlətə, dövlətçiliyə sədaqətli, yüksək mənəvi-psixoloji hazırlığa malik peşəkar hərbçi kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu ordu quruculuğu strategiyasında ixtisaslı hərbi kadrların hazırlanması xüsusi yer tutur. Hələ Sovetlər İttifaqı dövründə Ulu Öndərin rəhbərliyi müstəqil Azərbaycanın milli zabit kadrlarının yetişdirilməsi zərurətini uzaqgörənliklə diqqətə alan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılıb. Dahi rəhbər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ilk dəfə Naxçıvanda milli ordu hissələri yaradılmışdır. Ulu Öndər ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə milli ordu quruculuğu sahəsində daha geniş tədbirlər görülmüş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri formalaşmışdır. Ulu Öndərin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialının yaradılması da bu sahədə görülən işlərin tərkib hissəsidir.

Ümummilli Lider Heydər Əliyev belə deyirdi: "Hərbi peşə insandan həm fiziki hazırlıq, həm nizam-intizam, həm dövlətə, vətənə, ölkəyə, doğma torpağa sədaqət, həm də böyük cəfakeşlik, zəhmətsevərlik, mərdlik, qəhrəmanlıq, mətinlik tələb edir". Ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu hərbi təhsil ocağına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin diqqəti sayəsində son illərdə Azərbaycan Ordusu istər döyüş qabiliyyətinə, istər maddi-texniki bazasına görə dünyada lider yerlərdən birini tutur.Bildiyimiz kimi, 2021-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin fəaliyyətə başlamasının 50 illiyi tamam olur. Bu yubileyin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Ulu Öndərin daim qayğı ilə yanaşdığı və xüsusi diqqət yetirdiyi bu tədris ocağı ötən müddət ərzində respublikamızda milli peşəkar hərbçi kadrların hazırlanması sahəsində müstəsna xidmətlər göstərmiş, cəmiyyətdə hərbi peşənin nüfuzunun yüksəlməsində və taleyini hərb sənətinə həsr edən gənclərin sayının davamlı artmasında əhəmiyyətli rol oynamışdır.

Sərəncama əsasən, Cəmşid Naxçıvanski adına hərbi liseyin ölkədə ordu quruculuğu işində təqdirəlayiq fəaliyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 50 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçiriləcək.Liseyin yetirmələri müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılması və möhkəmləndirilməsi işinə dəyərli töhfələr vermiş, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə həmişə ön cəbhədə yer almışlar. Sərəncamda qeyd olunduğu kimi, onlar böyük rəşadət nümayiş etdirərək “Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” adlarına layiq görülmüş, orden və medallarla təltif olunmuşlar. Hərbi liseyin məzunları Vətən qarşısında vəzifə borclarını bu gün də şərəflə yerinə yetirirlər. Hazırda Silahlı Qüvvələrindəki zabitlərin əksəriyyəti məhz Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunlarıdır.Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla uğurla reallaşdırılır. Dövlət başçısının rəhbərliyi Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün milli ordumuzun dünyanın ən qüdrətli orduları sırasına daxil olmasına imkan yaradıb.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə