Paşinyan Qasparyanın üzünə durdu

"Onik Qasparyan müharibəni dayandırmağın zəruriliyi barədə danışmayıb, heç nə deməyib". SİA xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü parlamentin iclasında Qarabağdakı müharibə ilə bağlı bir sıra detallara toxunarkən deyib.

Paşinyana görə, son vaxtlar bu mövzuda bir sıra fərziyyələr mövcuddur və buna bir az aydınlıq gətirilməlidir.

Ümumiyyətlə, Baş nazirlə rəsmi olaraq vəzifədən çıxarılan baş qərargah rəisi Onik Qasparyan arasında mübahisələr davam edir. Xüsusilə, hökumət başçısı, Baş Qərargah rəisi Onik Qasparyanın 2020-ci ilin noyabrında guya müharibənin dördüncü günü döyüş əməliyyatlarına son qoymağın lazım olduğunu söylədiyinə, əks halda Ermənistanın resurslarının çox yaxında tükənəcəyi barədə dediklərinə də münasibət bildirib və bunun doğru olmadığını israr edib.

“Onik Qasparyanın bəyanatındakı bu məqamın reallıqla heç bir əlaqəsi olmadığını tam məsuliyyətlə bildirmək istəyirəm. Baş Qərargah rəisi bunu deməyib, transkript də daxil olmaqla rəsmi olaraq qeyd edilib. Söhbət 30 sentyabr Təhlükəsizlik Şurasının iclasından gedir ki, Qasparyan əksinə, düşmənin heç bir uğur qazanmadığını, ordu öz vəzifələrini yerinə yetirdiyini və sona qədər yerinə yetirəcəyini söyləyib”, deyə erməni baş nazir bir növ Qasparyanın üzünə durub.

O, qeyd edib ki, üstəlik, Qasparyan 30 sentyabrda belə bir şey deyə bilməzdi. Paşinyan, 44 günlük müharibə başlamazdan bir ay əvvəl, daha dəqiq, 21 avqust tarixində Təhlükəsizlik Şurasının iclasında Baş Qərargah rəisinin özünün Qarabağ istiqamətində erməni tərəfinin yalnız düşmənin hücumunu poza, həm də dəstəsini məğlub edə bilər, ifadəsini xatırladaraq, dediklərini sübut etməyə çalışıb.

Nikol Paşinyana görə, bütün bunlar siyasi rəhbərliyin barışıq üçün addım atmadığı anlamına gəlmir və o müharibə dövründə üç dəfə atəşkəs barədə razılığın əldə edildiyini də xatırladıb.

Göründüyü kimi, Ermənistanın müharibəyə şərait yaratması, müharibəni davam etdirməsi daxili auditoriyada narazılıqlar doğurub və hələ də səlahiyyətlilər arasında günah keçisi axtarışı davam edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə