İƏT Gənclər Forumunun prezidenti Xocalı soyqırımı ilə bağlı bəyanat verib

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏTGF) prezidenti Taha Ayhan Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində törətdikləri soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına və dövlətinə başsağlığı verib. SİA xəbər verir ki, bəyanatda Xocalı soyqırımının Ermənistan ordusunun dinc Azərbaycan xalqına qarşı həyata keçirdiyi işğal, etnik təmizləmə və soyqırımı siyasətinin dəhşətli nəticəsi olduğu vurğulanır, bu cinayət beynəlxalq hüququn norma və prinsiplərinin, fundamental insan hüquqlarının ciddi şəkildə pozulması kimi qiymətləndirilir. Diqqətə çatdırılır ki, bəşəriyyətə qarşı törədilən bu dəhşətli cinayət nəticəsində 63 uşaq, 106 qadın və 70 qoca olmaqla 613 dinc mülki vətəndaşı qətlə yetirilib. İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Xocalı soyqırımını törədən erməni qatillərinə qarşı beynəlxalq hüququn tətbiq edilməsi üçün BMT və İƏT da daxil olmaqla, bütün beynəlxalq səy və kampaniyalarda Azərbaycanın yanında olduğu bildirilir. İƏTGF-nin 2008-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan "Xocalıya ədalət!" beynəlxalq təbliğat və təşviqat kampaniyasını dəstəklədiyi vurğulanır. Bu kampaniya çərçivəsində İƏTGF Avrasiya Regional Mərkəzi ilə birgə hər il sosial məlumatlandırma tədbirləri təşkil edir. Forumun prezidenti İslam Zirvəsinin 12-ci sessiyasının Qahirə yekun sənədinə və İƏT Xarici İşlər Nazirləri Şurasının digər qərarlarına, xüsusilə 2020-ci ilin noyabrında Niameydə keçirilmiş 47-ci iclasda qəbul edilmiş 1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəyliyə dair qətnamələrə istinad edərək, İƏT coğrafiyasındakı gənclər təşkilatlarını, o cümlədən İƏTGF-nin bütün üzv qurumlarını gənclər arasında Xocalı həqiqətlərinin yayılması istiqamətində səylərini əsirgəməməyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...