"Bircə Ermənistan nala-mıxa vurur" POLİTOLOQ RƏYİ

“Azərbaycan və Türkiyə prezidentləri Bakıda keçirdikləri son ortaq mətbuat konfransında müharibədən sonra bölgədə “altılıq formatı”nın (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya və İran) yaradıla biləcəyini söylədilər. İran xarici işlər naziri Bakıda olarkən Tehranın bu formata tərəfdar olduğunu söylədi. Gürcüstan prezidenti də son açıqlamalarının birində “altılıq formatı”na maraq göstərdiklərini dedi”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Rusiyanın xarici işlər naziri iranlı həmkarı ilə Moskvada görüşündə bunları deyib: “İran, Türkiyə və Gürcüstan da bölgənin dinc və firavan yaşamasında maraqlıdır: “Üç Qafqaz respublikasının Rusiya, İran və Türkiyənin iştirakı ilə, yeni reallıqları – müharibənin olmamasını və bütün blokadaların aradan qaldırılması barədə razılığın əldə edildiyini nəzərə alaraq yeni münasibətlər qurması barədə təşəbbüslər səsləndirilir”. Başqa sözlə, Moskva da Bakı və Ankaranın təklif etdiyi “altılıq formatı”nın əleyhinə deyil.

Bircə Ermənistan nala-mıxa vurur. Ermənistan müharibədə məğlubiyyətinin həzmetmə dövrünü yaşayır, başlarını itiriblər, ona görə regional əməkdaşlıqdan danışmağa halları yoxdur. Halları olmasa da, 11 yanvarda Moskvada əldə edilən razılaşmaya görə, İrəvan Bakı ilə kommunikasiya xətlərinin açılması müzakirələrinə başlamalıdırlar. Çünki martın 1-ə qədər konkret plan liderlərin masası üzərində olmalıdır. İrəvan məsələni uzaqbaşı bir-iki ay gecikdirə bilər, sonra Moskva qarşısında hesabat verməlidir. Dağlıq Qarabağın statusu Azərbaycanı maraqlandırmadığı kimi Rusiyanı da maraqlandırmır. 6 ölkədən 5-i regional əməkdaşlığa başlanmasını gözləyir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə