Nikolun quldurları və onların xain ağası TƏHLİL

Xalqını rüsvay edən, təlxək hərəkətləri, uyğunsuz davranışları və ifadələri ilə özünü də lağ hədəfinə çevirən, özü və ətrafını, eləcə də təmsil etdiyi xalqı, dövləti alçaldıcı təslimçilik sənədinə imza atmaqla aşağılayan Nikol Paşinyan baş naziri olduğu ölkəsindən nəinki tamamilə nüfuzdan düşüb, hətta ona olan nifrət tamamilə yüksəlib və ən pik həddə çatıb. Təbii ki, belə olan şəraitdə kürsüsünü itirmək təhlükəsini hamıdan yaxşı elə baş nazirin özü başa düşür. Çünki, belə şəraitdən istifadə edərək çevrilişi reallaşdırıb və adını da demokratik inqlab qoyub hakimiyyəti zəbt edən elə özü olub.

Vəziyyətinin hədsiz dərəcədə acınacaqlı, hakimiyyətinin tükdən asılı vəziyyətdə olduğunu çox aydın şəkildə dərk edən erməni baş nazir imitasiya etməyə çalışır ki, guya öz işini normal şəkildə davam etdirir və guya belə də olmalı imiş. Məğlubiyyətlərini qəbul edən və Dağlıq Qarabağ müharibəsində, döyüşdə məğlubiyyətini rəsmiləşdirən Nikol Paşinyan hökuməti və oturduğu yeri qurtarmaq üçün yeni bir plan həyata keçirməyə başlayıb. Bu manipulyator indi də iş adamları ilə görüşü gündəmə gətirir. Kapitulyasiya sənədinə imza atan baş nazir hərbi sənayenin inkişafı üçün utanmadan təlimat verir. Təbii ki, bu gözdən pərdə asmaqdan başqa bir şey deyil və Nikol erməni cəmiyyətinin gözündən pərdə asır. Özü də bu pərdəni bir komuflyaj kimi istifadə etməyi nəzərdə tutur. Təsəvvür edək ki, dövlət tərəfindən mərmisiz hərbi təyyarənin alınması üçün 130 milyon dollar ayrılan rəhbər, bu gün hərbi sənayenin inkişafı barədə danışır. Çəkinmədən, xəcalət çəkmədən danışır. Bu bir növ ona bənzəyir ki, sadəcə olaraq, baş nazir, özünü baş nazir kimi hiss etmək üçün heç bir addımını əsirgəmir, guya dayanmaq istəmir, guya daim aktiv fəaliyyətdədir.

Məsələn, iki gün əvvəl Nikol Paşinyan Sənayeçilər və Sahibkarlar Birliyinin prezidenti Arsen Qəzaryan, “Alex” Holdinqin qurucusu Samvel Aleksanyan, “Sovrano” şirkətinin sahibi Arman Sahakyan, “Spayka” şirkətinin sahibi David Qəzaryan və “Menu” qurucusu Vahan Kerobyan ilə görüşüb. Guya bu görüşlərin ermənilər, erməni cəmiyyətinin maraqları üçün təşkil edildiyi görüntüsü yaradılır. Amma heç də belə deyil axı. Düzdür bu şirkət rəhbərləri erməni əsillidirlər. Bunlar da öz vətənlərində yaşamaq maraqlarındadırlar. Amma, əlbətdə ki, onları, həmin iş adamlarını ilk növbədə öz qazancları maraqlandırır, Nikolun özü üçün nəzərdə tutduğu siyasi divident yox.

Yeri gəlmişkən, bir neçə gündür Samvel Aleksanyan haqqında şayələr yayılıb ki, Nikol Paşinyanın onu qorumaq üçün quldur dəstələri yaradıb. Hətta silah-sursat payladığı barədə davamlı şayiələr yayılır. Maraqlıdır, ya siyasət adamı, dövlət başçısı, ya da biznesmen üçün, iş adamı üçün sursat və müdafiəçi qismində quldur dəstəsi nəyə lazımdır? Bunlar kimi, nəyi və nə üçün müdafiəetməyi planlaşdırırlar? Yaxud, kimdən müdafiə olunmaq nəzərdə tutulur? Ümumiyyətlə, ölkədə bu şəkildə dəstə yaradılması hansı məntiqə sığışır və bu qeyri-rəsmi dəstə yaratmaq, silahlandırmaq hansı təcrübədən götürülüb? Bu, Nikol Paşinyanın dünyaya sivil dövlət, demokratik ölkə, təhlükəsiz diyar kimi təqdim etmək istədiyi sivil ölkənin dırnaqarası “Ermənistan modeli” hesab olunurmu?

Son kadrlardan da görünür ki, erməni baş nazir öz cangüdənlərini əhəmiyyətli dərəcədə artırıb. Yəni, Nikol Paşinyan, xalqın adından istifadə edərək hakimiyyəti ələ keçirən, qamarlayan birinin qəflətən nəyə görə bu qədər cangüdənə ehtiyac duyması özü də çox düşündürücüdür. Əvvəla, bu qədər cangüdənə rəsmi olaraq ehtiyac var idisə, yəni tələb olunurdusa, niyə əvvəldən bu qədər, bu sayda deyildi? Digər tərəfdən, sual oluna bilər ki, niyə məhz məğlubiyyətindən, ölkəsində insanların, erməni vətəndaşların ona qarşı qəzəbindən sonra mühafizəçi sayı bu qədər artdı? Təbii ki, bu Paşinyanın qorxusunu, kütlənin tızyiqindən ehtiyat etməsini təsdiq edir. Onu da təsdiq edir ki, Nikol aqressiv erməni kütlənin əlinə keçəcəyi təqdirdə Mirzoyandan daha dəhşətli vəziyyətə salınacağını da çox yaxşı bilir.

Bütün bunlarla yanaşı Paşinyana xatırlatmaq gərəkir ki, o hakimiyyətə güclə yox, guya ki, xalqın istəyi, könüllülüyü ilə gəlmişdi. Guya kütlə bir növ təkidlə Nikol Paşinyandan hakimiyyət kürsüsünü mənimsəməsini xaiş etmişdi. Öz dili ilə desək, guya yalvarmışdı da. İnsanlar arasında əli sarıqlı, beli çantalı gəzərək ən sadə bir vətəndaş imitasiyası yaradaraq hiyləgərcəsinə dövlət çevrilişi edəndə bu küçə nümayişçisi mühafizəçilərə, silahlı quldurlara deyil, xalqa güvəndiyini imitasiya edirdi axı. İndi birdən nə oldu ki, mühafizəsini dəyişdi? İndi nəyə görə mühafizəkarı kimi təqdim etdiyi xalqdan özü mühafizə olunur və bunun üçün qeyri-rəsmi silahlıya ehtiyac duyur? Bu quldurlarla xaldan qorunan bir dırnaqarası “lider” hələ də hakimiyyət xülyasındadır? Özü də xalqın hesabına guya əldə etdiyi hakimiyyətin xülyasında olmaq, həyasızlığın, erməni həyasızlığının pik həddidir desək, yanılmarıq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə