Ermənistan ordusunda daha 300 terrorçu sübutu FAKT+ANALITIK

Ermənistan ordusunda daha 300 terrorçu sübutu FAKT+ANALITIK

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardığı mübarizə yalnız işğalçılara qarşı aparılan savaş deyil, həm də anti-terror əməliyyatları kimi də qiymətləndirilməlidir

İşğalçı Ermənistan hakimiyyətinin Qarabağ cəbhəsinə PKK/YPG terrorçularını cəlb etməsi faktları artmaqda davam edir. SİA xəbər verir ki, cəbhə xətti boyunca ermənilərin silahlı təxribatının qarşısının alınması və əks-hücumlar başlayan andan münaqişə ərazisinə Yaxın Şərqdən olan Suriya, Livan və separatçı kürd silahlı qruplaşmalarına aid terrorçuların cəlb edilməsinə başlanılıb. Bu barədə Türkiyə, İraq və Misir mətbuatı da daha əvvəllər informasiya yaymışdı.

Terrorçular Qəndildə bir araya gəliblər və sonradan Ermənistana, ardınca isə Qarabağa yollanıblar

Bu arada məlum olub ki, PKK terror təşkilatının Suriya qolu kimi tanınan YPG də erməni əsilli silahlı dəstələrin Qarabağ müharibəsinə göndərilməsi mərhələsinə başlayıb. Daha dəqiq desək, PKK ilə illərdir iş birliyində olan erməni terror qrupları bu dəfə də öz qanlı əməllərini davam etdirmək üçün planlarını realizə etməkdədirlər. Türkiyənin “A Haber” media qurumu sözügedən istiqamətdə ilginc faktları üzə çıxarıb. Məlum olub ki, terrorçular Qəndildə bir araya gəliblər və sonradan Ermənistana yollanıblar.

Daha bir informasiyada isə bildirilir ki, YPG-nin ermənilərdən və kürd silahlılarından olan taborları Göyçə gölü yaxınlığında, Basarkeçər ərazisində 300 nəfərə qədər toplaşıblar. Məhz orada hərbi forma geyinərək, silahlanaraq, Azərbaycan Ordusuna qarşı döyüşmək üçün təlimatlarını alaraq Qarabağa doğru istiqamət alıblar.

"Sözlər Avesta” kod adlı Nuriyə Kesbir kimdir?

Növbəti fakt isə sübut edir ki, artıq erməni ordusunda terrorçuların koordinasiya olunmalarına PKK/PJK-KJK terror qruplaşmalarının ən yüksək səlahiyyətli şəxsi - "Sözlər Avesta” kod adlı Nuriyə Kesbir təmin edir. Məhz Türkiyənin kəşfiyyat bölmələrinin əldə etdiyi ilkin məlumatlarına görə, YPG sıralarında 2017-ci ildə öldürülən TKP/ML, TİKKO terror təşkilatının Yaxın Şərq komandiri olaraq tanınan erməni əslli "Nübar Ozanyan” kod adlı Orxan Bakırçıyanın adının verildiyi taborda yer alan terrorçular Suriyanın Qamışlı bölgəsindən qonşu İraqın şimalına keçib. Belə ki, onların Basarkeçər istiqamətinə keçidləri də Qəndilin kadr üzvləri ilə görüşlərindən sonra baş tutub. Beləliklə, bu gün Ermənistan hakimiyyətinin əvvəlki hakimiyyətlərdən fərqli olmayaraq terror və cinayətkar məqsədli dövlət quruluşu olması bir daha sübuta yetirilib.

Rövşən RƏSULOV

P.S. Maraqlıdır ki, ortada bu qədər danılmaz faktların olduğu halda, müvafiq beynəlxalq təşkilatlar təcili araşdırmalara başlamır, erməni tərəfinin cinayətkar rejiminin terrorçularla iş birliyinə getməsi dəlillərini ictimailəşdirmirlər.

Başqa tərəfdən, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardığı mübarizə yalnız işğalçılara qarşı aparılan savaç deyil, həm də anti-terror əməliyyatları kimi də qiymətləndirilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə