"Hərbi qulluqçuların smartfon telefonlardan istifadəsinə qadağa qoyulmalıdır" ÖZƏL-RƏY
"Saxlanılmış erməni kəşfiyyatçının video və fotosunun yayılması ilə bağlı məsələ nəinki Azərbaycan Silahlı Qüvvələri ilə bağlıdır, eləcə də bütün dünya ölkələrindəki ordularda bu tipli addımlar yolverilməz sayılır. Daxili xidmət nizamnaməsinə görə hərbi qulluqçunun Müdafiə Nazirliyinə aid hərbi ərazidən, postdan və s. çəkiliş aparması və sonradan bunun sosial şəbəkələrdə yayımına şərait yaratması yolverilməz sayılır". Bunu SİA-ya açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli deyib.
"Bu məsələ qanunla da tənzimlənir və həmin hərbi qulluqçular cəzalandırılır. Digər tərəfdən məsələnin mənəvi tərəfi də vardır. Erməni hərbçisinin əsir götürülən zaman yəqin elə bir ab-hava yaranıb ki, orada hərbi qulluqçular özləri də bilmədən refleks şəklində bu addımı atıblar. Amma sonradan onun sosial şəbəkələrə yol tapmasında birbaşa günahkardırlar. Ən əsası o videonu çəkən və yayan hərbi qulluqçu günahkardır. Bəllidir ki, ermənilər bizim ərazilərimizi işğal ediblər və minlərlə azərbaycanlını qətlə yetiriblər, işgəncə veriblər. Bizim hamımızın ermənilərə qarşı kinimiz, düşmənçilik fikrimiz və mövqeyimiz var. Amma beynəlxalq konvensiya, beynəlxalq qanunlar var və bunları da nəzərə almaq lazımdır. Əgər Azərbaycan dövləti, dövlət maraqları burada müzakirə mövzusudursa bir qədər ehtiyyatlı olmaq lazımdır. Yəni Azərbaycan dövlətini hesabat verəcək formaya gətirib çıxarmaq olmaz. Düşünürəm ki, bu tipli hadisələrin qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələrinin rəhbər şəxsləri konkret ciddi addımlar atmalıdırlar. Orduda xidmət edən şəxslərin smartfon telefonlardan istifadəsinə birmənalı olaraq qadağan qoyulmalıdır. Çox təəssüf ki, sosial şəbəkələrdə bu məsələlərə başqa don da geyindirilir. Sanki ermənini əsir götürən adamların məqsədli şəkildə ermənini əsir götürdüyünə görə cəzalandırılması və s. kimi formada təqdim etməyə çalışırlar. Əlbəttə ki, bu da cəmiyyətdə çaşqınlıq yaradır. Amma bu əsla belə deyil. Düşünürəm ki, belə hallar bir daha təkrarlanmayacaq”-deyə, R.Məmmədli fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB