"Belə zamanlarda birlikdə olmalı və lazımı yerlərdə sözümü deməliyik - MÖVQE ÖZƏL

"Tovuzda baş verən erməni təxribatı çox ciddi bir məsələdir. Ermənistan Azərbaycanı yeni təxribata çəkmək istəyir və bunun da arxasında təbii ki, başqa qüvvələr durur. Qarabağ müharibənin getdiyi bir bölgədir, işğal olunmuş ərazidir və Azərbaycanda atəşkəs məhz həmin ərazi üçün əldə olunub. Bizim bəzi politoloqlar, hərbçilər deyir ki, atəşkəs pozulub. Bu məsələ atəşkəsin pozulması məsələsi deyil. Məsələni başqa istiqamətə yönəltməyə çalışmasınlar. Yenə ermənilərin nümayəndələri öz bildikləri kimi məsələni şərh etməyə çalışırlar. Burada Azərbayca Respublikasının sərhədləri pozulub". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Ermənistanın burada iki marağı var: "Birincisi bizi fitnəkarlığa çəkməklə bərabər, Rusiyanı da sınağa çəkir. Kollektiv Təhlükəsizlik müqaviləsinin 4-cü bəndinə görə, həmin müqaviləyə daxil olan dövlətlərin sərhəddinə hücum, terror, narkotikə qarşı mübarizə və.s məsələlərin hər biri nəzərdə tutulub. Ermənistan bu addımı atmaqla çalışır ki, məsələyə başqa bir don geyindirsin, guya Azərbaycan sərhəd bölgəsində Ermənistan ərazisinə hücum edib. Yəni, məqsəd təkcə daxilə hesablanmayıb. Həm Rusiyanı provokasiya etməkdir. İkincisi isə bununla Rusiyadan ayrılaraq Qərbə yaxınlaşmaq üçün Ermənistanın hazırladığı ciddi bir provokasiyadır".

Politoloq qeyd edib ki, təəssüf ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin dünəndən bəri fəaliyyəti sıfırdır: "Azərbaycanın Xarici İşlər Nazirliyi bütün gecəni bəyanatlar verməli, dünyaya müraciət olunmalı idi. Azərbaycanın səfirlikləri xüsusilə, ABŞ-da, Rusiyada, Fransadakı səfirləri danışmalı idi. Bir neçə deputatı çıxmaq şərtilə qalan hər biri öz şəxsi işləri ilə məşğuldurlar. Qarabağdan olan deputatlar danışmalı idi. Parlament niyə fövqaladə iclas çağırmır?! Niyə yığışıb bütün dünya parlamentlərinə müraciət etmirlər?! Niyə hər şeyi Müdafiə Nazirliyindən gözləyirlər?! Əsgərin borcu savaşmaqdır. Müdafiə Nazirliyini, Dövlət Sərhəd Xidmətinin siyasi məsələlərə qarışmağa ixtiyarı yoxdur".

C.Nuriyev vurğulayıb ki, Xarici İşlər naziri istefa verib getməlidir: "Heç olmazsa, dünya bilsin ki, bizdə belə bir Xarici İşlər naziri yoxdur. Bu nazir heç bir şey etmək istəmir. Belə bir zamanda ən azında Parlamentin bir neçə komissiyası toplanmalıdır. Dövlət Təlküəsizliyi, İnsan Hüquqları, Beynəlxalq əlaqələr üzrə komissiyalar var. Azərbaycanın AŞPA-da NATO-da nümayəndəliyi var. Bunlar nə ilə məşğuldurlar!? Mediayanı səlahiyyəti olan şəxslər qidalandırmalıdırlar. Sözü olan deputatlar sözlərini deməlidirlər. Başqa vaxt ağızlarına çullu dovşan sığmayanlar indi niyə susurlar!? Millətçilikdən, dövlətçilikdən danışanlar hardadırlar!? Bizim hər birimizin vətəndaş kimi borcumuzdur belə zamanlarda birlikdə olmalı və lazımı yerlərdə sözümü deməliyik".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...