"Xalqımızın firavan yaşayışı üçün çəkdiyiniz zəhməti yüksək qiymətləndiririk" Vətəndaş minnətdarlığı

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər. SİA dövlətimizin başçısına ünvanlanan bir neçə məktubu təqdim edir.

Xocalı rayonundan məcburi köçkün, şəhid atası Baloğlan Allahyarov yazır: “Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım. Mən 28 il bundan əvvəl Xocalıda baş vermiş dəhşətli soyqırımı gecəsi bütün ailə üzvlərimi itirib yurdumdan didərgin düşmüşəm. Hazırda Mingəçevirdə məskunlaşmışam. Bu illər ərzində Sizin diqqətinizi, qayğınızı öz üzərimdə hiss etmişəm. Siz mənə və ailə üzvlərimizə qayğı göstərib bizə yeni həyat vermisiniz, bizi ev-eşik sahibi etmisiniz, Xocalı ağsaqqalı kimi mənə böyük hörmətə layiq görmüsünüz. Hazırda iki oğlum var. Şəhid olmuş oğlumun adını daşıyan Etibar hərbi xidmətdədir. 15 yaşlı Fərhadı isə gələcəyin əsgəri kimi böyüməkdədir. Mən də, oğlanlarım da, həyat yoldaşım da Sizə minnətdarlıq hissi ilə yaşayırıq. Sizin Vətən, xalq, el yolunda sərf etdiyiniz gecəli-gündüzlü zəhmətinizi yüksək qiymətləndirir, bugünkü beynəlxalq bəlanın – koronavirusun ölkəmizdə geni vüsət almaması üçün həyata keçirdiyiniz tədbirlərə görə Sizə və Mehriban xanıma təşəkkürümüzü bildirir, cansağlığı və uzun ömür arzulayıram. Xüsusilə qeyd etmək istəyirəm ki, oğlum Etibarın xidmət etdiyi hərbi hissəyə görüşə gedəndə ürəyim açılır. Bir valideyn kimi məni hörmətlə qəbul edirlər. Hərbi hissədə gördüyümüz nizam-intizam, əsgərlərə göstərilən qayğının hamısı Sizin ciddi tapşırıqlarınızın nəticəsidir. Allah ömrünüzü uzun etsin”.

Salyan şəhəri sakini Babayev Əliqulu ölkə başçısına minnətdarlığını bu sözlərlə fadə edir: “Əziz Prezidentimiz. Xalqımızın firavan yaşayışı üçün çəkdiyiniz zəhməti hamı kimi, biz salyanlılar da yüksək qiymətləndiririk. Siz hər an xalqla birlikdəsiniz. Buna görə də xalq Sizi sevir. Dünyanı bürüyən pandemiyanın qarşısını vaxtında almaq üçün verdiyiniz qərarlar və göstərdiyiniz səylər hesabına bu böyük bəladan üzüağ çıxmaqdayıq.

Siz fəaliyyətiniz dövründə abadlıq-quruculuq işlərinə geniş yer vermisiniz. Salyan rayonu da bunun sayəsində xeyli gözəlləşib, inkişaf edib. Rayonun Qızılağac kəndində 1000 şagird yerlik məktəb binasının tikintisinə başlanılması hamımızı sevindirdi. Hazırda tikinti keyfiyyətlə və sürətlə aparılır. Cənab Prezident, xalq üçün gördüyünüz işlərə görə Sizə və Mehriban xanım Əliyevaya minnətdarıq. Biz həmişə Sizinləyik”.

Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbə sakini Faiq Orucovun məktubunda deyilir: “Hörmətli cənab Prezident. Koronavirus pandemiyası ilə əlaqədar hazırda ölkəmiz sınaq dövrü yaşayır. Bu dövrdə hər bir vətəndaşı diqqətdə saxlayaraq ona qayğı göstərdiyinizə görə Sizə təşəkkür edirəm. Biz müəllimlər Sizin qayğınızı daim hiss etmişik. Son illər sosial vəziyyətimizin yaxşılaşdırılması sahəsində böyük işlər görülüb. Biz bu günlərdə də böyük qayğı ilə əhatə olunmuşuq. Biz də vəzifəmizin öhdəsindən layiqincə gəlmək, onlayn dərslər keçməklə şagirdlərin təhsildən qalmaması üçün çalışırıq. Müəllimlərə göstərilən diqqət və qayğıya görə təhsil işçiləri adından bir daha Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...