Ötən il Azərbaycan xarici dövlətlərlə hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığa dair 2 hökumətlərarası və 3 nazirliklərarası sənəd imzalayıb

Ötən il Azərbaycan xarici dövlətlərlə hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığa dair 2 hökumətlərarası və 3 nazirliklərarası sənəd imzalayıb

Ötən il Azərbaycan xarici dövlətlərlə hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığa dair 2 hökumətlərarası və 3 nazirliklərarası sənəd imzalayıb. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətin parlamentə təqdim etdiyi hesabatında bildirilir.

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 7 yeni istehsal sahəsi yaradılıb., yaradılmış sahələrdə quraşdırılmış texnoloji xətlər 10 adda müxtəlif çaplı patronların və döyüş sursatları üçün 5 növ alışdırıcı kapsulların istehsalının həyata keçirilməsinə imkan verir. Hesabat ilində həmçinin 22 adda məmulatın yaradılması başa çatdırılaraq mənimsənilib.

Eyni zamanda MSN tərəfindən 50,3 mln. manat məbləğində 350 addan çox müdafiə təyinatlı məhsul istehsal edilərək sifarişçilərə təhvil verilib. Təhvil verilmiş məmulatların həcmi 2009-cu il ilə müqayisədə 17% artıb. Hesabat ilində 33 adda müdafiə təyinatlı məmulatın utilizasiyası həyata keçirilib. Təmir işlərinin dəyəri 2009-cu illə müqayisədə 7,6 dəfə, utilizasiya işlərin dəyəri 4,7 dəfə çox olub.

Həmçinin ötən il Azərbaycanın hərbi müəssisələri tərəfindən 11,1 mln. manat (13,9 mln. ABŞ dolları) həcmində məhsul ixrac olunub. Ümumilikdə isə müdafiə tədbirlərinin həyata keçirilməsinə 2009-cu illə müqayisədə 40% artıq vəsait yönəldilib. Cari ildə Dövlət Müdafiə Sifarişi Proqramı çərçivəsində yeni istehsal sahələrinin yaradılması üzrə 18 layihənin həyata keçirilməsi, silahlı qüvvələrin sifarişi ilə müxtəlif minaatanlar və onlar üçün döyüş sursatları, snayper tüfəngləri, avtomat və pulemyotlar, əl qumbaraatanları, detonatorlar, nişangahlar, pilotsuz uçuş aparatları, trenajorlar və s. məhsulların yaradılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə