Qənimət Zahidin Əli Kərimli “sevdası” TƏRS BAXIŞ

Qənimət Zahidin Əli Kərimli “sevdası” TƏRS BAXIŞ

Onlara bu “sevdanı” bağlayan nədir?

Fransada “siyasi mühacir” adı altında xımır-xımır erməni pulu yeyib, üstündən su içən Qənimət Zahidin zaman-zaman AXCP sədri Əli Kərimlini “Youtube” kanalındakı sərsəm proqramlarının canlı yayımlarına çıxarması arxasında yaranan ilk sual belədir: Onun Ə.Kərimliyə olan “sevdası” nə ilə əlaqəlidir? Deyə bilərik ki, Q.Zahid də AXCP funksioneridir və illər boyu adıçəkilən partiyanın mətbuat orqanında fəaliyyət göstərib və s. Buna sözümüz yoxdur. Bəs indi, yəni Q.Zahid Fransada erməni lobbisinin pulundan basıb-yeyir və onun nə yeyib-içməyinin Ə.Kərimliyə aidiyyatının olmadığı halda (bəlkədə var, amma bunu araşdıracağıq) AXCP sədrinin tez-tez Qənimətin verilişlərində nə azarı var?

Olmaya Qənimət Zahid Əli Kərimlinin qara gözünə, qara qaşına, daha nə bilim qara nəyinəsə aşiq olub?

Düzdür, onların hər ikisi uzun illərdir ki, Azərbaycan dövlətinin, dövlətçilik maraqlarının əleyhinə çıxış edirlər, hər ikisi erməni qazanından eyni qaşıqla haram horra içirlər, hər ikisi xainlik, şərəfsizlik, mənəviyyatsızlıq və s. bənzər statusları bir yerdə qalın boyunlarında gəzdirirlər. Amma Ə.Kərimlinin həftə səkkiz mən doqquz Q.Zahidin canlı yayımlarına qatılıb, oxlov udmuş kimi oturaraq “odlu-alovlu” çıxışlar etməsi arxasında nə dayanır? Olmaya Q.Zahid Ə.Kərimlinin qara gözünə, qara qaşına, daha nə bilim qara nəyinəsə aşiq olub? Bax, onu bilmirəm, amma bildiyim budur ki, vaxt var idi onların arasındakı düşmənçilik Ermənistan ermənisi ilə Qarabağ ermənisi arasındakı düşmənçiliyə bənzəyən həddə qədər gəlib-çatmışdı. Məsələn, xatırlatmaq olar ki, bir vaxtlar Soros fondu “Azadlıq” qəzetinə filan qədər pul ayırmışdı və Ə.Kərimli həmin pulu Q.Zahiddən istmişdi, Q.Zahid də bu pulu Ə.Kərimliyə verməkdən imtina etmişdi. Hətta AXCP sədrinin Fransaya minnətçi göndərdiyi şəxsləri belə əliboş yola salaraq, həmin pullar vasitəsi ilə özünə iş quracağını billdirmişdi. Bax, ondan sonra Ə.Kərimli “Azadlıq” qəzetinin bağlanmasında Q.Zahidin xüsusi rolunun olduğunu bəyan edərək, onunla yollarını ayırmışdı, yəni düşmənə çevrilmişdi.

Amma di gəl...

Bu gün Q.Zahidin erməni lobbisinin və xüsusilə Sorosun sifarişi ilə həyata keçirdiyi “Azərbaycan saatı” adlı verilişində milli və dövlətçilik maraqlarımız əleyhinə səsləndirdiyi fikirləri heç də Ə.Kərimlinin fikirlərindən geri qalmır, hətta onun fikirləri daha azğın, quduzluq təsiri bağışlayır. Amma di gəl...

Di gəl ki, Q.Zahid bu gün də düşməni hesab etdiyi Ə.Kərimliyə olan “sevdasını” tükəndirmir. AXCP sədrini zaman-zaman canlı yayımına çağırdıb, onunla birgə qarşılarına qoyduqları kirli məqsədləri həyata keçirməyə çalışır. Bir el məsəlində olduğu kimi, “çevir tatı, vur tatı”, ya da “köhnə hamam köhnə tas” prinsipi ilə “çənə döyürlər”. Fəqət, belə bir “siyasətin”, belə bir “müxalifətçiliyin” 26 ildir ki, heç bir nəticə vermədiyi gözlər önündədir. Bunun da izahı var...

Qənimət Zahid hər canlı yayıma görə Əli Kərimliyə nə isə ödəyirmi?

Artıq Soros fondu Q.Zahidin köhnə və naftalin iyi verən ampluadan çıxmadığını görür, bunu ona pul buraxan digər tərəf – erməni lobbisi də yaxşı görür. Ona görə də, yaxın vaxtalarda Qənimətin qənimət bildiyi qrantların kəsliməsi gözlənilir. Qənimət də qrant krantının bağlanacağından ehtiyatlanaraq, son anda düşməni Ə.Kərimlinin ətəyindən yapışır ki, bəlkə pulburaxanları bunu “yenilik” kimi qəbul edib, “ana müxalifət liderinin” canlı yayıma çıxdığı ilə əlaqələndirsinlər. Ancaq gəlin-görək ki, Q.Zahid hər canlı yayıma görə Ə.Kərimliyə nə isə ödəyirmi? Deyilənə görə, ödəməyinə ödəyir, amma bu ödəmələr Kərimlinin cibinə deyil, onun Londondakı papasının gül balası sayılan Türkelin şəxsi xərclərinə gedir. Onsuz da Ə.Kərimli qazandığının əsas baza hissəsini dumanlı Albiona göndərir, arvadı Samaranın biznesinə, həm də oğlunun yeyib-içmək partilərinə. Qənimətin verdiyi pullar isə əlbəttə ki, bütün bunlara qane olmaz. Ona görə də, “nə oldusa min bərəkət” deyən AXCP sədri tez-tez Qənimətin canlı yayımlarına çıxır. Həm onun, həm də bunun işləri yoluna qoyulur.

Qənimətin erməni aşnalarının da, ilə Soros dayısının da gözləri açılıb

Bax, Qənimət Zahidin Əli Kərimliyə olan “sevdası” qeyd edilən amillərə söykənir. Ancaq bu biznesin də sonunun çatacağı gün uzaqda deyil. Çünki yuxarıda da qeyd edildiyi kimi, artıq Qənimətin erməni aşnalarının da, ilə Soros dayısının da gözləri açılıb. Kor-kor, gör-gör ki, həyata keçirilən heç bir layihə istədikləri nəticələrə cavab vermir. Hətta ən ləyaqətsiz, yalan, şər, böhtan xarakterli çıxışları belə, Azərbaycan hakimiyyətinə heç bir təsir göstərmir. Azərbaycan iqtidarının dayaqları o qədər möhkəmdir ki, deyilən hər bir söz, atılan hər bir iftira yalnız milçək vızıltısının təsirini bağışlayır. Bu isə, pulburaxanların məşum planlarına cavab vermir. Bu baxımdan, Q.Zahid yaxşı olardı ki, Ə.Kərimliyə olan “sevdasını” başa çatdırsın, yoxsa biznesi vaxtından əvvəl bankrota uğrayar...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə