"Böyük zəfərlərin carçısı - İlham Əliyev!"

"Böyük zəfərlərin carçısı - İlham Əliyev!"

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında Cənab İlham Əliyevin 2018-ci ildə növbəti dəfə Prezident seçilməsinin bir illik fəaliyyətinə həsr olunmuş "Böyük zəfərlərin carçısı - İlham Əliyev!" adlı tədbir keçirilib. Tədbirdən öncə, iştirakçılar partiyanın inzibati binasının foyesindəki Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək, önünə tər çiçək dəstələri düzüblər. Tədbirdə, ilk olaraq, Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan 11 aprel 2018-ci il prezident seçkilərindən bir il ötür: "Bir il, zaman baxımından az olsa da, bütün sahələrdə əldə olunan uğurların statistikasına diqqət yetirdikdə, bugünə qədərki uğurlu dövrün davamlılığı böyük qürur hissi yaradır.

V.Seyidov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi kurs, bir daha sübut etdi ki, ölkəmizdə islahatlar davamlı xarakter daşıyır.

Tədbirdə çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bildirib ki, 2018-ci ildə ölkəmizdə keçirilən prezident seçkilərində seçicilərin mütləq səs çoxluğu ilə qələbə qazanan Cənab İlham Əliyevin bir illik fəaliyyətini ölkə vətəndaşları yüksək qiymətləndirirlər: "Prezident İlham Əliyevin fəaliyyətini Fransanın nüfuzlu "Opinion Way" şirkətinin sorğusunda görürük. "Opinion Way" 8 blok üzrə suallar müəyyənləşdirib. Birinci dörd blokda qiymətləndirmədə müsbət rəy 90 faizə yaxındır. Digər 4 blokda isə 80 faiz ətrafındadır. Respondentlərin fikrinə görə, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Mən düşünürəm ki, bu bir il bundan əvvəlki seçicinin və bugünkü respondentin Azərbaycandakı ictimai-siyasi prosesə şüurlu yanaşmasının

göstəricisidir. Təbii ki, ictimai-siyasi sabitlik olmadan nə sosial, nə də iqtisadi problemləri həll etmək mümkün deyil".

YAP İdarə Heyətinin üzvü Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov son illərdə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlara nəzər salaraq, əldə olunan uğurlardan danışdı. Qeyd etdi ki, Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır: "Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir".

Tədbirdə Suraxanı rayon sakini, şəhid anası Saray Quliyeva fəal gənclərdən olan Arzu Məmmədli və digərləri çıxış edərək, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılı olduğunu bildirdilər.

Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, qeyd etdi ki, Azərbaycanda son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində, bütün sahələrdə tarixi əhəmiyyətə malik olan möhtəşəm nailiyyətlər əldə olunub: "Dövlət başçısının siyasi iradəsi əsasında müəyyənləşdirilən strateji kursa uyğun olaraq, ölkəmizdə cari ilin əvvəlindən sosial sahədə çox ciddi addımlar atılıb. Həqiqətən də, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə və əhəmiyyətinə görə, heç bir ölkədə müşahidə olunmur. Bu, ilk növbədə, ölkə başçısının, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür".

Sonda tədbir iştirakçıları tərəfindən Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

Tədbir bədii hissə ilə başa çatıb.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə