Ali Məhkəmənin növbəti Plenumu keçirilib. SİA-nın xəbərinə görə, Ali Məhkəmənin sədri Ramiz Rzayev plenum iclasını açaraq bildirib ki, 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə Ali Məhkəmənin Kollegiya sədrləri və Kollegiyalara yeni hakimlər təyin olunub. Onun sözlərinə görə, ölkəmizdə bütün sahələri əhatə edən inkişaf məhkəmə-hüquq sahəsində də davam etdirilib. Belə ki, hakimlərin maddi təminatı yaxşılaşdırılib, informasiya texnologiyaları bazası möhkəmləndirilib.
Eyni zamanda Ali Məhkəmədə baxılan işlərin keyfiyyəti və əvvəlki illərlə müqayisədə 2010-cu il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib. Ali Məhkəmənin sədri, həmçinin qanunun aliliyinin və məhkəmə hakimiyyətində şəffaflığın təmin olunması, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində məhkəmələrin qarşısında duran vəzifələrdən danışıb.
Daha sonra Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2010-cu ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib. Qeyd edilən məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr və təhlillər aparılıb. Məruzə edən kollegiya sədrləri 2010-cu ildə kollegiyaların fəaliyyətində nəzərə çarpacaq irəliləyiş olduğunu qeyd ediblər. Ali Məhkəmənin hərbi kollegiyası istisna olmaqla mülki, inzibati-iqtisadi və cinayət kollegiyalarında 2010-cu ildə daxil olan işlər və baxılmış müraciətlər 2009-ci ilin müvafiq dövrü ilə müqayisədə artıb. Mülki kollegiyada 6,4 faiz, inzibati- iqtisadi kollegiyada 33,7 faiz, cinayət kollegiyasında isə 15,4 faiz artma müşahidə olunub. Hərbi kollegiyada isə 7 faiz azalma qeydə alınıb.
Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 10,1 faiz artıb. Əgər 2009-cu ildə Ali Məhkəmədə cəmi 4 min 862 işə baxılmışdırsa, 2010-cu ildə 5 min 354 işə baxılıb. Bu da 2009-cu ildə baxılan işlərlə müqayisədə 492 (10,1 faiz) iş çoxdur. Ali Məhkəmənin Plenumunun 2010-cu ildə 7 iclası keçirilib, 48 qərar çıxarılıb. 2010-ci ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılıb.
Ali Məhkəməyə edilən müraciətlərdə azalma müşahidə olunub. 2009-ci ildə Ali Məhkəməyə 21 min 162 müraciət edilmişdirsə, 2010-cu ildə 18 min 918 müraciət edilib ki, bu da 2 min 244 (10,6 faiz) müraciət azdır. Əlavə kassasiya şikayəti ilə bağlı müraciətlər isə 8,5 faiz azalıb.
Plenumda qeyd edilib ki, bütün bunlar aşağı instansiya məhkəmələrinin əvvəlki illərə nisbətən çıxardıqları qərarlarda qanunvericiliyin daha düzgün tətbiq edilməsi və iş prinsipinin sabitliyi sayəsində mümkün olub. Plenumda Ali Məhkəmənin 2011-ci ilin I yarısına dair iş planı təsdiq edilib. Plenumda Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri müzakirə edilib, konkret cinayət və mülki işlərə baxılıb.
Plenum müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB