“Murtuz Ələsgərovun bütün fəaliyyəti Heydər Əliyev siyasəti kursu ilə bağlı olmuşdur” AÇIQLAMA

“Murtuz Ələsgərovun bütün fəaliyyəti Heydər Əliyev siyasəti kursu ilə bağlı olmuşdur” AÇIQLAMA

“Murtuz müəllim çox fəal və mənalı ömür sürmüş, öz istedadı, intellekti, zəhməti və biliyi sayəsində ad-san qazanmış, bütün ömrünü həsr etdiyi doğma universitetində tələbəlikdən rektorluğa qədər şərəfli bir yol keçmişdir. Respublikanın adlı-sanlı hüquqşünaslarından biri olan professor Murtuz Ələsgərov hüquq elminin müxtəlif sahələrində, xüsusi ilə “Beynəlxalq hüquq”, “Konstitusiya hüququ”, “Dövlət hüququ” sahəsində keçmiş SSRİ məkanında nüfuzlu alimlərdən biri kimi tanınmışdır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, uğurlu elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, Murtuz müəllim həm də fəal ictimai xadim, maarifçi ziyalı kimi də uzun illər “Bilik” cəmiyyətinin xətti ilə Respublikamızın müxtəlif bölgələrində, idarə-müəssisələrində mühazirələr oxumuş, cəmiyyətimizin hüquqi, siyasi cəhətdən maarifləndirilməsində xidmətlər göstərmişdir: “Professor Murtuz Ələsgərovun maarifçilik fəaliyyətinin bir istiqaməti də Azərbaycan Dövlət Televiziyasının “Beynəlxalq icmal” adlı çox populyar bir verilişində nüfuzlu ekspert kimi iştirakı ilə bağlıdır. 1988-ci ildə ermənilərin Qarabağda seperatçılıq fəaliyyətinə qarşı hərəkat başlayanda fəal ictimai xadim kimi professor Murtuz Ələsgərov da bu hərəkatın öncüllərindən biri kimi, dəfələrlə “Azadlıq” meydanında çıxışlar etmiş, xalqı respublikamızın ərazi bütövlüyü uğrunda mübarizəyə səfərbər etmişdir”.

“Müstəqil Azərbaycanın dövlətçilik tarixinin şərəfli səhifələrindən biri olan məşhur “91-lər hərəkatı”nın fəal üzvlərindən olan professor Murtuz Ələsgərovun ömrünün sonunadək bütün fəaliyyəti Heydər Əliyev siyasəti kursu ilə bağlı olmuşdur. Ulu Öndər tərəfindən Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olan Murtuz müəllimə böyük etimad göstərilmiş, o partiyamızın sədr müavini seçilmiş, Ümummilli Lider hakimiyyətə qayıtdıqdan sonra isə Bakı Dövlət Universitetinin rektoru, I-III çağırış Milli Məclisin deputatı və Milli Məclisin sədri olmuşdur” deyən millət vəkili onu da bildirdi ki, görkəmli ictimai-siyasi xadimin oğlu, professor Fuad Ələsgərovun Murtuz müəllimlə vida mərasimində söylədiyi lakonik bir fikir atasının xarakteri və siyasi əqidəsini çox dəqiq ifadə edir: “Atam çox cəsarətli, mərd bir insan olub, prinsipiallığı ilə seçilib və bir yolda olub, onun seçdiyi yol Heydər Əliyev ideyalarının müəyyən etdiyi yoldur". Əlbəttə ki, Murtuz müəllimin övladları Heydər Əliyev ideyaları ətrafında tərbiyə olunub və bu ideyalara daim sadiqdirlər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə