Vərəm haqqında bilikləri artırmaq məqsədi ilə hazırlanan çap və video materialları ictimaiyyətə təqdim olunub - TƏDBİR

Vərəm haqqında bilikləri artırmaq məqsədi ilə hazırlanan çap və video materialları ictimaiyyətə təqdim olunub - TƏDBİR
Bu gün Azərbaycan Səhiyyə Komunikasiyası Assosiasiyası (ASKA) tərəfindən ictimaiyyətin vərəm haqqında biliklərini artırmaq məqsədi ilə hazırlanan video materialların təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, bu materiallar Total E&P Azərbaycan B.V. şirkətinin dəstəyi ilə, Vərəm Əleyhinə Milli Proqram ilə əməkdaşlıqda "Azərbaycanda vərəmin səmərəli profilaktikası və effektiv müalicəsi üçün kommunikasiya materiallarının hazırlanması" adlanan bir illik layihə çərçivəsində hazırlanıb.

Təqdimat mərasimində ASKA-nın idarə heyətinin sədri Nurlan Əliyev, Total E&P Azərbaycan B.V. şirkətinin rəhbəri Marc Feuillade, Elmi-Tədqiqat Ağ Ciyər Xəstəliklər İnstitutunun direktoru Elcan Məmmədbəyov, ASK-nın eksperti Cəmilə Əzizova iştirak edib.

Tədbiri giriş sözü ilə açan ASKA-nın idarə heyətinin sədri Nurlan Əliyev bildirib ki, İki İctimai Xəbər Elanı (İXE) və qısametrajlı sənədli film, və həmçinin də liflet, plakat və kitabçalar, həm ümumi əhali, həm də vərəmli xəstələrin vərəmin simptomları, ona yoluxma yolları, xəstələrin tibbi məsləhət üçün vaxtında müraciət etməsi və müalicənin kəsilməməsinin zərərləri barədə məlumatlandırmaq məqsədi ilə hazırlanıb: "Bu günə gədər müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə artıq 200 000 nüsxə liflet və 20 000 posterlər əhali arasında paylanılıb. İXE-lər üç milli televiziya kanalında nümayiş etdirilir (Space, ATV və ANS)".

Daha sonra çıxış edən Total E&P Azerbaijan B.V.-nın rəhbəri Marc Feuillade bildirib ki, "Azərbaycanda vərəmin səmərəli profilaktikası və müalicəsi üçün kommunikasiya materiallarının hazırlanması" layihəsi şirkət tərəfindən maliyyələşdirilən ikinci böyük kommunikasiya layihəsidir. Onun sözlərinə görə, əvvəlki "HİV-nin qarşısının alınması" layihəsi 2007-ci ildə keçirilib: "Total E&P Azerbaijan B.V. 14 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. Şirkət daima ölkədə təhsil, səhiyyə və digər sahələr üzrə layihələrin həyata keçirilməsində iştirak edir. İnanıram ki, birlikdə hazırlanan video materiallar Azərbaycanda vərəmə qarşı görülən işlərə öz töhfəsini verəcək".

Tədbirin davamında çıxış edən Elmi-Tədqiqat Ağ Ciyər Xəstəliklər İnstitutunun direktoru Elcan Məmmədbəyov isə bu layihəyə 1 il öncə başlandığını deyib. Onun fikrincə, Azərbaycanda bu vaxta kimi belə bir səviyyədə iş yox idi, buna görə də nəinki ictimaiyyət, həm də əhali bu problemi bilməlidir: "Bu layihəni həyata keçirməkdə də məqsədimiz ondan ibarətdir ki, əhali bu xəstəlik barəsində daha çox məlumatlı olsun. İnsanlar bilməlidir ki, bu xəstəlik sağalandır və bundan can qurtarmaq olar. Vərəm yoluxucvu xəstəlikdir. Ağ ciyər vərəmi elə bir xəstəlikdir ki, onunla varlı, yaxud yoxsul olmağından asılı olmayaraq hər kəs xəstələnə bilər".

Tədbirin davamında qonaqlar jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə