Qabil Orucov: “MSK çox ciddi addımlar atır" MÜSAHİBƏ - SƏS TV

Qabil Orucov: “MSK çox ciddi addımlar atır" MÜSAHİBƏ - SƏS TV

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucovun SİA-ya müsahibəsi:

- Qabil müəllim, artıq namizədliyi təsdiq olunmuş prezidentliyə namizədlərin imza toplama kampaniyasına start verilib. Bu proses necə həyata keçiriləcək?

- Məlum olduğu kimi, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin10-cu fəsli bütövlükdə namizədlərin irəli sürülməsi qaydalarını özündə ehtiva edir. Qanunvericiliyin tələblərinə uyğun olaraq namizədlərin irəli sürülməsi prosesindən sonra Mərkəzi Seçki Komissiyası səviyyəsində namizədlərin təsdiqolunma prosesi baş verir. Həmin prosesdən sonra isə namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanmasına start verilir ki, bu da onların müvafiq seçki komissiyasında qeydə alınması üçündür. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 56 və 57-ci maddələrinin tələblərinə uyğun olaraq namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması prosesi həyata keçirilir və qanunla müəyyən olunmuş müvafiq sənədlər seçki komissiyasına təqdim edilir. Bundan sonra isə namizədin qeydə alınması prosesi baş verir.

- Seçki Məntəqələrində 1000 ədəd veb-kamera quraşdırılacağı bildirilir. Ümumiyyətlə, məntəqələrdə digər texniki məsələlərin həlli istiqamətində hansı işlər görülür?

- Ümumiyyətlə, hər bir seçki prosesində Mərkəzi Seçki Komissiyası tərəfindən istər seçki məntəqlərinin, istərsə də seçki dairələrinin texniki təchizatı ilə bağlı bir çox mühüm proseslər həyata keçirilir. Konkret olaraq bu ilki seçkilərdə 1000-ə yaxın seçki məntəqəsində veb-kameraların quraşdırılması bu məntəqə seçki komissiyalarının texniki təchizatı ilə bağlı irəliyə doğru atılmış bir addım kimi qiymətləndirilməlidir. Bilirsiniz ki, veb-kameraların seçki məntəqlərində quraşdırılması onlayn (online) rejimdə internet vasitəsilə dünyanın istənilən nöqtəsindən həmin səsvermə otağında seçki prosesinin həyata keçirilməsi hərəkətlərinə seçicilərin, həmçinin digər şəxslərin izləmək imkanlarını yaradır. Hesab edirəm ki, bu cür texniki vasitələrdən istifadə etməklə seçki prosesinin həyata keçirilməsi təbii ki, seçki prosesində qanunvericiliyin tələblərinə uyğun olaraq şəffaflığın təmin edilməsinə yönəlik atılan bir addımdır. Artıq 1000 ədəd veb-kameraların Azərbaycan Respublikasında keçirilən seçkilərdə tətbiqi istər Mərkəzi Seçki Komissiyası tərəfindən, istərsə də ölkədə olan mövcud siyasi iradəyə uyğun olaraq seçkilərdə şəffaflığın təmin olunmasına, yəni müşahidəçilik prosesinin daha da səmərəli təşkilinə yönəlik atılan mühüm bir addımdır.

- Veb-kameralar vasitəsilə dünyanın istənilən yerindən bir çox məntəqələrdə seçkini şəffaf şəkildə izləmək mümkün olacaq. Sizcə bu, Azərbaycanı qeyri-obyektiv seçki keçirməkdə ittiham edən bəzi xarici və daxili qüvvələrə seçkilərin şəffaf olacağını sübut edən bir tutarlı fakt deyilmi?

- Biz Mərkəzi Seçki Komissiyası olaraq seçki qanunvericiliyinin tələblərinə uyğun səsvermə prosesində müşahidəçilik institutunun daha geniş tətbiqi ilə bağlı çox ciddi addımlar atırıq. Təbii ki, seçki prosesinin ən mühüm amili də seçkilər prosesində şəffaflığın təmin olunmasıdır. Yəni, müşahidəçilik institutunun tətbiq olunmasıdır. Mövcud veb-kameraların belə geniş dairədə tətbiqi bir daha onu sübut edir ki, artıq səsvermə prosesi bütövlükdə tək müvafiq müşahidəçilər tərəfindən deyil, biz seçkilər prosesinin daha önünə gedərək hətta bütün dünya üçün seçki prosesinin izlənməsini təmin edirik. Hesab edirəm ki, bu da seçki prosesi ilə bağlı səslənən bəzi əsası olmayan fikirlərə tutarlı bir cavabdır.

- Qabil müəllim, prezidentliyə namizədlərin təbliğat və təşviqat kampaniyasına nə vaxtdan start veriləcək. Bu proses hansı formada baş tutacaq?

- Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqat prosesinin həyata keçirilməsi mərhələsi Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunur. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq namizədliyi qeydə alınmış Azərbaycan Respublikası prezidentliyinə və digər seçkili orqanlara namizədlər qanunla müəyyən olunmuş müddətdə seçkiqabağı təşviqat prosesinə başlayırlar. Seçkiqabağı təşviqat hüququnun reallaşdırılması təbii ki, qanunla müəyyən olunmuş qaydada bu hüququn əldə edilməsi prosesindən sonra baş verir.

- Ötən dəfəki prezident seçkilərindən fərqli olaraq bu dəfə hansı yeniliklər tətbiq ediləcək?

- Ümumiyyətlə, biz Mərkəzi Seçki Komissiyası olaraq hər bir seçki prosesində istər seçki qanunvericiliyinin tətbiqi baxımından, istərsə də texnoloji vasitələrin tətbiqi baxımından bir çox mühüm addımlar atırıq. Budəfəki seçkilərdə də məntəqə seçki komissiyalarının, seçki məntəqələrinin, həmçinin dairə seçki komissiyalarının, seçki dairələrinin texniki təchizatı ilə bağlı eləcə də digər seçki qanunvericiliyinin tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsi baxımından bir çox yeniliklər nəzərdə tutulub və artıq bu yeniliklər tətbiq edilməkdədir. Hesab edirəm ki, bu cür yeniliklərin tətbiqi seçki prosesinin qanunla müəyyən olunmuş qaydada yüksək səviyyədə həyata keçirilməsinə töhfə verən amil olacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə