Xarici işlər nazirinin müavini Xələf Xələfov İsveçrədə bir sıra görüşlər keçirib
2010-cu ilin 30 sentyabr tarixində Bern şəhərində AR xarici işlər nazirinin müavini Xələf Xələfovun və İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirliyində Dövlət katibi P.Maurerin rəhbərliyi altında nümayəndə heyətlərinin iştirakı ilə növbəti siyasi məsləhətləşmələr keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, İki ölkə arasında siyasi, iqtisadi, ticari, mədəni, humanitar münasibətlərə dair geniş fikir mübadiləsi aparılmış, dövlətlərimiz arasında siyasi dialoqun inkişafından və əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib.
İqtisadi sahədə əməkdaşlıq üçün geniş potensialın olması fikirini bölüşən nazir müavinləri İsveçrə şirkətlərinin Azərbaycanın qeyri-neft sektorundakı fəaliyyətinləri yüksək qiymətləndiriblər. Bu xüsusda, enerji sektorunda əməkdaşlığın genişləndirilməsi məsələsinə xüsusi diqqət yetirilib.
Hazırda Respublikamızda çoxlu sayda İsveçrə şirkətləri fəaliyyət göstərir. Dövlət katibi P.Maurer Azərbaycan şirkətlərini İsveçrəyə sərmayə yatırmağa dəvət edib.
Görüş çərçivəsində, regionda vəziyyət, qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər müzakirə olunmuş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə ətraflı fikir mübadiləsi aparılıb.
Nazir müavini X.Xələfov həmkarı P.Maureri məsləhətləşmələrin növbəti mərhələsinin keçirilməsi üçün Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul edilmiş və Dövlət katibi 2011-ci ildə ölkəmizə səfər etməyə razılığını ifadə edib.
Səfər zamanı, Nazir müavini X.Xələfov İsveçrə Konfederasiyasının yeni seçilmiş vitse-prezidenti, federal xarici işlər naziri xanım M.Kalmi-Rey ilə görüşüb.
Görüşdə iki ölkə arasında münasibətlərin inkişaf dinamikasından razılıq ifadə edilmiş, yüksək səviyyədə aparılan siyasi dialoqdan məmnunluq bildirilmiş və bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi zərurəti vurğulanıb. Eyni zamanda, regionda mövcud olan vəziyyət və dövlətlərimiz arasında münasibətlərin inkişaf perspektivləri geniş şəkildə müzakirə edilib.
Xanım nazir Azərbaycan Respublikasının regionda önəmli rolunu xüsusilə vurğulamış və ölkəmizin vacib tərəfdaş olduğunu bildirib. Nazir müavini X.Xələfov Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır nəticələri barədə danışaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmadan regionda davamlı sülhün və sabitliyin mümkün olmadığını qeyd edib.
Görüşlərdə AR-in İsveçrə Konfederasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri M.Nəcəfbəyli iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB