Prezident İlham Əliyev: “Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar”
Bu gün Azərbaycan öz inkişaf və tərəqqisi, eləcə də bütün dəyərlərə sadiq olan bir ölkə kimi dünya dövlətləri arasında seçilənlərdəndir. Eyni zamanda, ölkə başçısı İlham Əliyevin yürütdüyü uğurlu müstəqil siyasət faktoru bu amillər sırasında öz dəyişməz mövcudluğunu qoruyub-saxlayır. Belə ki, ölkəmizin bir sıra beynəlxalq layihələrdə təşəbbüskar olaraq aparıcı yer tutması da məhz bu faktorlara söykənir. Lakin erməni lobbisinin maliyyəsi ilə fəaliyyət göstərən bir sıra xarici dairələr və onlara nökərçilik edən daxili qüvvələr şəxsi mənfəətlərini güdərək, mövcud uğurlarımıza qarşı müxtəlif oyunlar oynamağa cəhdlər edirlər. Lakin onların bu cəhdləri əlbəttə ki, xalq-dövlət vəhdəti qarşısında fiaskoya uğrayır. Xüsusilə, insan haqlarının polzulması, söz və ifadə azadlığı və s bu kimi digər bənzər məsələləri şantaj, böhtan yolu ilə Azərbaycanın adına yazmağa çalışanlar uğursuzluğa düçar olurlar. Çünki ölkəmizin qətiyyətli və müdrik dövlət başçısı var və Onun göstərdiyi səylər nəticəsində bu gün Azərbaycan sakitlik və sabitliyi ilə seçilən ölkələr sırasında yer alır. Həmçinin, Azərbaycanda bütün təşkilatların, insanların fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Ölkəmizdə media söz və ifadə, eləcə də internet azadlığı var.
“Biz ictimaiyyətin əhval-ruhiyyəsinə reaksiya veririk və hər bir hökumət, ilk olaraq, ictimai rəyi nəzərə almalıdır”
Əbəs yerə deyil ki, Prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə yekun nitqi ilə çıxışı zamanı məhz bu kimi məsələlərə toxundu, eyni zamanda Avropa təşkilatlarının ölkəmizə qarşı səsləndirdikləri qeyri-ciddi bəyanatları cavablandırarkən mühüm mesajlar səsləndirdi. Xüsusilə, Avropa Şurası rəhbərliyinin son vaxtlar Azərbaycanla təhdid dilində danışmasına cavab olaraq, ölkə başçımız mümüm arqumentlər gətirərək, avropalılara qətiyyətli fikirlərini çatdırmış oldu. SİTAT: “Burada Avropa Şurasından çıxmaq məsələsinə toxunuldu. Siz bizim kütləvi informasiya vasitələrimizi yaxşı tanıyırsınız, çünki hər hansı bir azərbaycanlı rəsminin belə bir fikir bildirməsi ilə bağlı məndə məlumat yoxdur. Lakin media azaddır və istədiklərini yaza bilər. Təbii ki, biz ictimaiyyətin əhval-ruhiyyəsinə reaksiya veririk və hər bir hökumət, ilk olaraq, ictimai rəyi nəzərə almalıdır”.
“Avropa Şurası bu işdə uğursuz oldu, bu iş baş tutmadı və baş tutmayacaq da”
Cənab İlham Əliyev öz növbəsində onu da vurğulayıb ki, əslində, Azərbaycan adıçəkilən quruma üzv olarkən, xalqımız bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli prinsiplər və ərazilərimizin bütövlüyü çərçivəsində həll olunmasına ümid edirdi. Ancaq bunun yerinə ikili standartlar və qərəzlər daha önə çıxdı, Avropa Şurasının Azərbaycana yönəlik fəaliyyəti uğursuz nəticələrlə müşahidə olundu: “Bunun bir neçə səbəbi var. Birincisi, bu təşkilata üzv olarkən bizim gözləntimiz ondan ibarət idi ki, o, bizə Dağlıq Qarabağ münaqişəsinin həllində yardım edəcək. Lakin Avropa Şurası bu işdə uğursuz oldu, bu iş baş tutmadı və baş tutmayacaq da. İkincisi, üzvlüyümüzün əvvəlində mən bizim nümayəndə heyətinin ilk rəhbəri olmuşam. O zaman mən Azərbaycan parlamentinin üzvü idim və 2001-2003-cü illərdə Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmişəm. Yəni onun necə təşkilat olmasını mən bilirəm və orada Azərbaycana qarşı münasibətin də necə olduğundan xəbərdaram. Münasibət olduqca mənfi idi. Biz həmin təşkilata Ermənistanla eyni gündə üzv olmuşuq və biz Azərbaycana qarşı kəskin mənfi münasibətlə Ermənistana olan müsbət münasibəti müqayisə edirdik. Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı”.
Məhz bu kimi qətiyyətli arqumentləri önə sürən dövlət başçımız qeyd edilənlərlə yanaşı, həmin qurumun ölkəmizə qarşı daha qərəzli və demokratik dəyərlərə sığmayan hücumların edildiyi xatırladıb.
“Müxtəlif səbəblərdən Avropa Məhkəməsinin 10 min qərarının icra edilmədiyi bir halda Azərbaycan o qərarları icra edir”
Halbuki, Azərbaycan işğalçı, totalitar diktatura rejimi ilə idarə olunan Ermənistandan fərqli olaraq istər demokratiya, istərsə də bunu ehtiva edən insan hüquqları və söz azadlığının müdafiəsində, inkişaf etdirilməsində daim aparıcı mövqeyə sahib olub. Bunun yerinə isə bəzi avropalı deputatlar Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsindən dəm vurublar. Özü də Avropa Məhkəməsində avropalıların müraciəti əsasında 10 min qərar icra edilmədiyi halda, Azərbaycan adıçəkilən məhkəmənin qərarlarının icrasını yerinə yetirir. SİTAT: “Onlar bizi üzvlükdən məhrum etmək və bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər. Təbii ki, bizim siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər. Birincisi, onlar üzv ölkələrlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 10 mindən artıq qərarının icrasını təmin etsinlər. Ondan sonra Azərbaycanın üzvlükdən çıxarılmasından və ya sanksiyalardan bəhs edə bilərlər. Bu, baş vermiş olsa, bu hal ikili standartların təntənəsi olacaq. Müxtəlif səbəblərdən Avropa Məhkəməsinin 10 min qərarının icra edilmədiyi bir halda Azərbaycan o qərarları icra edir, lazım gəldikdə təzminat ödəyir və ümumilikdə, olduqca konstruktiv davranır. Beləliklə də Azərbaycana qarşı məqsədyönlü hücum məyusluq yaradır və “bizim o təşkilatda nə işimiz var” kimi fikirlər meydana gəlir. Belə fikirlərin üstünlük təşkil etməməsi üçün biz konstruktiv qaydada çalışmalıyıq. Hesab edirəm ki, bunun yollarından biri bizim Avropa Komissiyası və Avropa İttifaqı ilə əlaqələrimizin möhkəmləndirilməsidir. Bizim üçün prioritet budur. Biz artıq 16 ildir ki, Avropa Şurasının üzvüyük”.
“Sizə səmimi, dostcasına deyim ki, Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək”
Prezident İlham Əliyev avropalılara onu da çatdırıb ki, hətta Azərbaycan Avropa Şurasını tərk etsə belə, bunun ölkəmiz üçün heç bir zərəri olmayacaq, ancaq Avropa da bundan səmərə görməyəcək: “Sizə səmimi, dostcasına deyim ki, Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq. Biz bunları hazırda Azərbaycana qarşı həyata keçirilən əsassız hücumun mərkəzində dayanan Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi inkişaf etdirmək məqsədilə edirik”.
"Azərbaycanda azadlıqların təmin olunması və demokratiyanın inkişafı məsələsinə gəldikdə, mən hər zaman həmkarlarımız və dostlarımıza məsələnin mahiyyətinə nəzər salmağı tövsiyə edirəm”-deyə qeyd edən Prezident İlham Əliyev bənzər hallarda Azərbaycanın Avropa və Qərb mediasının kəskin hücumuna məruz qaldığını bildirib və bunun yolverilməz olduğunu vurğulayıb. Daha dəqiq desək, ölkə başçımız Azərbaycanı istəməyən müəyyən dairələrin oyunlarının heç vaxt reallaşmayacağını da avrodeputatların diqqətinə çatdırıb: “Azərbaycan medianın kəskin hücumuna məruz qalmaqdadır. Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar. Onu totalitar, avtoritar, hüquqların tapdalandığı və azadlıqların pozulduğu bir ölkə kimi göstərməyə cəhd edirlər. Bu, bir tendensiyadır. Mən Prezident seçildiyim gündən bu tendensiya bizim hökuməti müşayiət edir. Bunun müxtəlif səbəbləri var".
“Qanunvericiliyimiz demək olar ki, yüz faiz Avropa standartlarına uyğundur”
Beləliklə, Cənab İlham Əliyev bununla nəzərə çatdırıb ki, ikili standartların baş verməsində maraqlı olan tərəflər bilavasitə erməni lobbisinin əlaltıları rolunda çıxış edirlər: “Burada əsas fəaliyyət göstərənlər erməni lobbisi və diasporudur ki, o, Qərbdə böyük siyasi, ictimai və media köklərinə malikdir. Qarayaxmanın böyük hissəsi onların payına düşür, ancaq təkcə onlar deyil”.
Ölkə başçısı bununla daha bir önəmli fikir söyləyərək vurğulayıb ki, Avropada və Qərbdə fəaliyyət göstərən bir sıra QHT-lər Azərbaycanın qətiyyətli və heç kimdən asılı olmayan siyasət yürütməsindən narahatdırlar, planları baş tutmadıqda isə daha da qıcıqlanır, uğurlarımızı həzm edə bilmədiklərini aşkar şəkildə nümayiş etdirirlər: “Müəyyən QHT-lər, bizdən istədiklərini əldə edə bilməyən müəyyən xarici dairələr və Azərbaycanın müstəqil siyasət yürütməsindən, başqalarının işlərinə qarışmamasından və başqalarının da bizim daxili işlərimizə qarışmasına imkan verməməsindən narazı olanlar da bu siyahıdadır. Burada müəyyən digər amillər də ola bilər, ancaq əsas məsələ ondan ibarətdir ki, bizə qarşı böhtan və dezinformasiya kampaniyası aparılır. Lakin mahiyyətə baxsanız görərsiniz ki, Azərbaycan demokratik ölkədir, biz 2001-ci ildən Avropa Şurasının üzvüyük, qanunvericiliyimiz demək olar ki, yüz faiz Avropa standartlarına uyğundur”.
Nəticə olaraq, belə qənaətə gəlmək olar ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev sözügedən görüşdə bütün mahiyyətləri tam əsaslarla və arqumentlərlə açıqlayaraq, avropalı deputatların diqqətinə çatdırıb. Çox yəqin ki, onlar da öz növbələrində bu fikirlərdən doğru nəticə çıxarıb, təmsil olunduqları Avropa qurumlarında Azərbaycan haqqında müfəssəl məlumatlar verib, ikili standartlardan əl çəkəcəklər. Əks halda, uduzan Azərbaycan deyil, məhz Avropa olacaq.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB