“Demokratiya” siyasi partiyalar blokunun 30-a qədər namizədi imza vərəqələrini ala bilməyib

“Demokratiya” siyasi partiyalar blokunun 30-a qədər namizədi imza vərəqələrini ala bilməyib

"Demokratiya" siyasi partiyalar blokunun qarşıdan gələn parlament seçkilərində irəli sürdüyü namizədlərindən 50-yə qədəri imzatoplama kampaniyasını başa çatdırıb. SİA-ya bu haqda məlumat verən Demokratik İslahatlar Partiyasının (DİP) mətbuat xidmətinin rəhbəri Ülkər Abdullayeva 30-a yaxın namizədin imzatoplama kampaniyası mərhələsində olduğunu bildirib. O, DİP sədri Asim Mollazadə və blokun digər təmsilçisi Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının müvafiq olaraq 22 saylı Nəsimi ikinci və 72 saylı Masallı seçki dairələrində namizədliyinin qeydə alındığını söyləyib.

 

DİP mətbuat xidmətinin rəhbəri blokun 30-a qədər namizədinin isə ümumiyyətlə imza vərəqələrini ala bilmədiyini vurğulayıb. Ü.Abdullayeva bunu müvafiq seçki dairələrdə namizədlərin qarşılaşdığı süni əngəllərlə bağlı olduğunu qeyd edib: "Blokun irəli sürdüyü həmin namizədlərindən təlimatda nəzərdə tutulmayan müxtəlif sənədlər istənilir. Halbuki blokun bütün namizədləri üçün eyni sənədlər hazırlanıb. Necə olur ki, başqa dairələrdə namizədliyini irəli sürən şəxslərin sənədləri heç bir sorğu-sualsız qəbul edilir, sözügedən seçki dairələrində isə süni əngəllər yaradılır".

 

Seçki prosesi ilə sırf olaraq seçki institutlarını məşğul olmalı olduğunu söyləyən DİP mətbuat xidmətinin rəhbəri şifahi olaraq Mərkəzi Seçki Komisiyasına pozuntularla bağlı müraciət etdiyini deyib: "Mərkəzi Seçki Komisiyasının səlahiyyətlilərinə, hüquqşünaslara şifahi şəkildə müraciət etmişik. Onların iştirakı ilə ortaya çıxan çətinlikləri aradan qaldırmışıq. Seçki dairələrində çalışanların özləri Seçki Məcəlləsini, seçki prosesini tam mənimsəməlidirlər. Onlar bilməlidir ki, hansı sənədi tələb etmək olar, hansılarını yox. Ümid edirik ki, yerli icra strukturlarının seçki prosesinə müdaxiləri ortadan qalxacaq və seçki prosesi ilə yalnız seçki institutları məşğul olacaq".

 

Qeyd edək ki, DİP və VHP-nin üzvü olduğu "Demokratiya" siyasi partiyalar bloku ilkin olaraq 117 seçki dairəsi üzrə 120 namizəd irəli sürmüşdü. VHP Siyasi Şurasının üzvü Samir Əsədli agentliyimizin əməkdaşına bir neçə gün bundan əvvəl verdiyi açıqlamasında bildirib ki, namizədlərdən 2-nin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdiyindən onların sənədləri qəbul olunmayıb. O, namizədlərdən birinin də namizədlikdən imtina etdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə