Bəlli olduğu kimi İşğalçı Ermənistan silahlı qüvvələri Fizuli rayonunun Alxanlı kəndini iri çaplı pulyemyotlardan, qumbaraatanlardan və minaatanlardan atəşə tutaraq, biri azyaşlı olmaqla iki nəfərin ölümünə səbəb olub. Bir nəfər isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb. SİA-nın məlumatına görə, baş verən hadisə ilə bağlı açıqlaqma verən Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant və hərbi ekspert Abuzər Əbilov bildirib ki, bir hərbçi kimi o, erməni tərəfinin bu cür təxribat edəcəyindən şübhə etməyib. “Bir müddət davam edən sakitlik uzun şəkildə davam etməyəcəkdi. Mən buna əmin idim”-deyə ehtiyatda olan zabit bildirib.
Abuzər Əbilov: “Bir qadının və körpə uşağın həlak olması faktı erməni tərəfinin hədəfinin daha çox insan öldürməkdən ibarət olduğunu göstərir.
Hərbi ekspertə görə, əslində ermənilərlə Azərbaycanın mövqelərini tutuşdurmasq lazımdır: “Azərbaycanın Silahlı Qüvvələri mülki insanların yaşadıqları ərazilərə atəş açmır. Halbuki, işğal altındakı torpaqların çoxunda ümumiyyətlə, adam yaşamır. Lakin erməni tərəfi məhz mülki insanların yaşadıqları məntəqələri atəşə tuturlar.
Əbilov əmindir ki, işğalçı Ermənistan sözügedən təxribatı törədərkən, panika yaradacağını, eyni zamanda Azərbaycan əsgərinin mübariz ruhunu sındıracağını düşünüb, ancaq bu alınmayıb: “Bununla belə, mülki insanların yaşadığı kəndi atəşə tutmaq, bir qadının və körpə uşağın həlak olması faktı erməni tərəfinin hədəfinin daha çox insan öldürməkdən ibarət olduğunu göstərir. Onları maraqlandırmır ki, öldürdükləri insanlar hərbi formadadırlar, yoxsa yox...”
Polkovnik-leytenant əminliklə bildirib ki, işğalçılar lazımi cavablarını mütləq alacaqlar.
Oleq Jdanov: “Ermənistan tərəfi törətdiyi təxribatlara görə, Azərbaycan Ordusunun on qat artıq cavab verməsi barədə əmr aldığını da yaxşı bilir”
Ukraynanın aparıcı hərbi ekspertlərindən olan Oleq Jdanovun də fikri kifayət qədər maraqlıdır. Onun sözlərinə görə, düşmənin bütün atəş nöqtələrini məhv etmək lazımdır: “Burada İsrailin təcrübəsindən yararlanmaq olar. Onlar müdafiə olunurlar və zamanında əks-hücuma keçərək qarşı tərəfi ani məğlubiyyətə uğradırlar”.
Ekspertə görə, apreldə də eyni taktika işə salınmışdı. Belə ki, düşmənin canlı qüvvəsinin və hərbi texnikasının toplandığı yerləri intensiv atəşə tutaraq onları məhv etmək olar. Həmçnin vurğulanıb: “Ermənistan tərəfi törətdiyi təxribatlara görə, Azərbaycan Ordusunun on qat artıq cavab verməsi barədə əmr aldığını da yaxşı bilir”.
Şair Ramaldanov: “Təxribatlarına son qoymasalar aprel olayları yenidən təkrarlana bilər”
Digər hərbi ekspert, polkovnik Şair Ramaldanov da həmkarlarının fikirlərini dəstəkləyərək bildirib ki, baş verən insident bilavasitə erməni tərəfinin təxribatıdır: “Müharibə davam edir və təmas xəttində elə Azərbaycan yaşayış məntəqələri var ki, həmin məntəqələrə hətta ən adi kiçik çaplı silahdan açılan atəş rahatlıqla çata bilər”.
Onun sözlərinə görə, ötən ilin aprelində Azərbaycan Ordusu mülki vətəndaşların təhlükəsizliyini təmin etmək üçün düşməni geri atmağa məcbur idi: “Azərbaycan hakimiyyəti Ermənistan hakimiyyətinə dəfələrlə xəbərdarlıq etmişdi ki, əgər onlar təxribatlarına son qoymasalar aprel olayları yenidən təkrarlana bilər”.
Şair Ramaldanova görə, əgər ermənilər belə davam edərlərsə, baş verən hadisə birinci və ya sonuncu deyil.
Hərbi ekspert Yaşar Aydəmirov isə bildirib ki, artıq Azərbaycan Silahlı Qüvvələri işğalçıların yaşayış məntəqələrimizə atəş açdıqları mövqelərinə çox ağır və sarsıdıcı zərbələr endirib: “Düşmən qaçmağa məcbur olub və ordumuz bu təxribatlara ardıcıl olaraq cavab verəcək”.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə