Ombudsman Bərdədə növbəti ictimai dinləmələr keçirib

Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) respublikamızın hər bir rayonunda təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirməsi məqsədilə silsilə ictimai dinləmələr keçirir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, növbəti ictimai dinləmə Bərdə rayonunda təşkil olunmuş, həmçinin bələdiyyələrin işi də müzakirə edilib.İctimai dinləmədə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatları, KİV-lərin və icmaların nümayəndələri iştirak ediblər.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev tədbiri açaraq, Ombudsmanı salamlayıb, ölkə Prezidentinin dəstək və qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikamızda, o cümlədən bu rayonda abadlıq-quruculuq işlərinin, sosial-iqtisadi inkişaf siyasətinin həyata keçirildiyini, əhalinin vəziyyətinin daha da yaxşılaşdığını və bu sahədə işlərin davam etdirildiyini bildirib. O, son dövrdə rayonda Olimpiya-İdman Kompleksinin, Diaqnostika mərkəzinin və regionda xidmət göstərən Doğum evinin, Musiqi və Şahmat məktəblərinin, Diyarşünaslıq muzeyinin, rəsm qalereyasının, yeni ticarət mərkəzi və avtovokzalın, inzibati binaların, məktəblərin tikildiyini, yeni küçələrin, yaşayış və xidmət massivlərinin, parkların salındığını, heyvandarlığın və çuğundur istehsalının inkişaf etdiyini, yolların çəkildiyini, su xətləri ilə bağlı işlərin aparıldığını, rayonun işıq və qazla təmin olunduğunu, sahibkarlar və fermerlər üçün geniş imkanların yaradıldığını və digər tədbirləri diqqətə çatdırıb.

Məruzəçi habelə insan hüquqlarının müdafiəsinin və MFP-nin əhəmiyyətini qeyd edərək, rayonda bu sahədə görülən işlər, həmçinin vətəndaşların qəbulu, müraciətlərinə baxılması, insanların sərbəst toplaşması üçün açıq və qapalı yerlərin ayrıldığı və digər tədbirlər haqqında ətraflı məlumat verib.

E.Süleymanova Ermənistanın Azərbaycana qarşı təcavüzə başladığı 1988-ci ildə dünyaya gələn və şəhidlik zirvəsinə ucalması 18 iyun – Milli insan hüquqları gününə təsadüf edən Milli qəhrəmanımız Mübariz İbrahimovun şücaətini vurğulayaraq, onun ailəsinə yazdığı son məktubu iştirakçılara çatdırmış, bu igid və milli qəhrəman gizirin gənclərimizə nümunə olduğunu söyləyib. MFP-nin həyata keçirilməsinə rəhbərlik edən E.Süleymanova "İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planının tətbiqi vəziyyəti, ölkədə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər" mövzusunda məruzə edərək, bu sənədin böyük əhəmiyyət kəsb etdiyini və başqa ölkələrə tövsiyə olunduğunu bildirmişdir. O, MFP üzrə görülmüş işlərin təhlil edilərək ümumiləşdirildiyini, yekun konfranslarının keçirildiyini, habelə Ombudsmanın fəaliyyəti, təsisatın həm də barışdırıcılıq missiyasını yerinə yetirdiyi barədə ətraflı məlumat verib.

Həmçinin ölkəmizdə İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) funksiyalarının icrası məqsədilə Ombudsmanın və onun tapşırığına əsasən, Aparatın əməkdaşlarının müntəzəm olaraq azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərinə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına, habelə psixiatriya xəstəxanalarına, ahıllar, əlillər və uşaqlar üçün internat məktəblərinə, uşaq evlərinə və pansionatlara başçəkmələr həyata keçirildiyi diqqətə çatdırılıb.

Müvəkkil qarşıdan gələn Parlament seçkilərini nəzərə alaraq, seçki hüquqlarının, o cümlədən seçmək və seçilmək hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, ölkə Prezidentinin bu sahədə müvafiq Sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini, həmçinin MSK ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu, seçki hüququ ilə bağlı birgə seminarların keçirildiyini vurğulayıb, əhalini seçkilərdə fəal iştirak etməyə çağırıb. O, son bələdiyyə seçkilərindən sonra bələdiyyə üzvü olan qadınların sayının bir neçə dəfə artdığını müsbət hal kimi qiymətləndirib, onlara bu vəzifədə daha məsuliyyətlə çalışmağı, bu qurumların işini təkmilləşdirməyi, icmaları səfərbər etməyi, müsbət xarici və yerli təcrübəni öyrənməyi tövsiyə edib.

Tədbirdə Ombudsman bu rayonda insan hüquqlarının müdafiəsi və MFP-nin icrası, seçki hüquqlarının, o cümlədən seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmin olunması, bələdiyyələrin işinin təkmilləşdirilməsi və digər zəruri məsələləri müzakirəyə çıxarıb. Müzakirələrdə rayon məhkəmə sədri, prokuroru, polis rəisi, bələdiyyə sədrləri, o cümlədən qadın bələdiyyə sədri, "Sevil" Qadınlar cəmiyyətinin rayon bölməsinin rəhbəri və digər iştirakçılar çıxış edərək, rayonda MFP-nin icrası və aparılan işlər, dövlət orqanlarının bələdiyyələrlə, QHT-lərlə əməkdaşlığı, son məhkəmə-hüquq islahatları, ölkə Prezidentinin müvafiq Fərmanı ilə Bakı və regionlarda yeni məhkəmələrin yaradıldığı, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi istiqamətdə bir sıra qanunlara və normativ-hüquqi aktlara dəyişiklik və əlavələr edildiyi, alimentlərin alınması üzrə təcrübə, bələdiyyələrin öz hesabına artezian quyuların və yolların çəkdiyi, qadınların fəallığı, abituriyentlərin yaxşı göstəricilərlə ali təhsil ocaqlarına qəbulu, həmçinin vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmini, maarifləndirmə tədbirləri və digər məsələlər barədə ətraflı məlumat veriblər.Eyni zamanda bir sıra problemlər – rayonda köhnəlmiş içməli su xətlərinin sıradan çıxdığı, kanalizasiya sisteminin olmadığı, həkim mütəxəssislərinə ehtiyac, sahibkarların passiv fəaliyyət göstərdiyi, QHT-lərdə üzvlük haqlarının yığılmasında çətinliklər və s. qeyd edilib.

Ombudsman MFP-nin icrasında, insan hüquqları sahəsində və səsləndirilən problemlərin həllində dövlət orqanları, QHT-lərin, bələdiyyələrin və icmaların səylərinin birləşdirilməsinin, əhalinin bütün qruplarının, o cümlədən qaçqın və məcburi köçkün hüquqlarının müdafiəsinin, məhkəmələrin əhaliyə yaxınlaşmasının, yerli özünüidarəetmə prinsiplərini dərindən öyrənərək, bələdiyyələrin fəaliyyətini təkmilləşdirilməsinin, bələdiyyə sədri və üzvü olan qadınların da fəallığının artırılmasının, QHT-lərin inkişafının, mübahisə və münaqişələrdə barışdırıcılıq prinsiplərinin, habelə əhali arasında hüquqi maarifləndirmənin zəruriliyini vurğulayıb. O, həmçinin VVAQ, hərbi komissarlıq, polis orqanları, bələdiyyələr və icmalarla birlikdə seçici siyahılarının müntəzəm olaraq təkmilləşdirilməsinin, vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunmasının, bu sənədlərin etibarlılıq müddətinin yaş həddi, ünvanların dəyişməsi və s. ilə bağlı vaxtında dəyişdirilməsinin, seçkilərdə əhalinin fəallığının, sərbəst toplaşma azadlığının təmin olunmasının, vətəndaşlara öz seçimini etmək və namizədlərə bərabər imkanlar üçün şəraitin yaradılmasının vacibliyini, seçkilərin azad və demokratik keçirilməsi üçün bu proseslərə hakimiyyət orqanları və polisin müdaxilə etməsinin yolverilməzliyini qeyd edib.

Rayon rəhbərliyi və digər iştirakçılar ictimai dinləmənin təşkilinə, rayon sakinlərinə göstərdiyi diqqətə, səmərəli təklif və tövsiyələrə görə Ombudsmana təşəkkür ediblər.

Tədbirin sonunda MFP-nin nüsxələri, illik nəticələrin müzakirəsi ilə bağlı keçirilmiş yekun konfranslarının kitab şəklində nəşr olunmuş materialları, Ombudsman təsisatı tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər təqdim olunub. Ombudsman səfər çərçivəsində rayon icra hakimiyyətinin başçısı ilə birgə bir sıra obyektlərə baş çəkmiş, rayonda aparılan əsaslı abadlıq-quruculuq işlərinin şahidi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...