ÜAK-ın bağlanması - Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlik! ANALİTİKA+FAKT
Sirr deyil ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər daim yüksək səviyyədə olub, bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri inkişaf edib. Əlbəttə, bu kimi amillərdə hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səylərini vurğulamaq yerinə düşərdi. Belə ki, həmin səylər nəticəsində Azərbaycan-Rusiya prezidentləri arasındakı qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərib, bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Bu baxımdan, onu da qeyd etmək olar ki, Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alaraq, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirilmiş və sözügedən məcrada qarşılıqlı dəstək ruhu hökm sürüb.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımları atmışlar və bu siyasət hazırda da uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, Azərbaycanda yaşayan rus icması heç zaman özünü yad hiss etməyib, əksinə, ölkəmizin ictimai həyatında yaxından iştirak edərək, tolerantlıqdan, multikultural dəyərlərdən yararlanıblar.
Rusiyanın ədliyyə sistemində yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verməkdədir
Lakin təəssüflə qeyd etməliyik ki, Rusiyanın bəzi anti-Azərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini ardıcıl olaraq davam etdirirlər. Xüsusilə, son zamanlar Rusiyanın ədliyyə sistemində yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verməkdədir. Belə ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv edib. Bunun üçün göstərilən "əsaslar" tam subyektiv olmuş (məsələn, "təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi", yaxud "rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması"), hər hansı qurumun ləğvi üçün yetərli olmayan "dəlillərdir".
Çox yəqin ki, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını məhz bu kimi əsassız iddialarla reallaşdırmağa çalışırlar. Hansı ki, Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır, onlar Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Eyni zamanda, Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergiödəyiciləridir. Bu baxımdan, Rusiyanın azərbaycanlı icmasının iki ölkə arasındakı siyasi, iqtisadi, mədəni münasibətlərində körpü, bu əlaqələrin sağlam məcrada saxlanmasının rəhni kimi də qiymətləndirmək olar.
Nəticədə sadalanan faktlar qarşısında sözügedən qərarın verilməsi Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlik və onların ciddi narazılığına səbəb olacaq səhv addım kimi qiymətləndirə bilərik.
ÜAK Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin xeyir-duası ilə yaradılmış təşkilatdır və onun qeydiyyatının ləğvi iki ölkə arasında münasibətlərin ruhuna ziddir
O cümlədən, Azərbaycan icmasının ən böyük ictimai birliyini qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir. Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən addımdır. Çünki Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin xeyir-duası ilə yaradılmış təşkilatdır və onun qeydiyyatının ləğvi iki ölkə arasında münasibətlərin ruhuna ziddir. Ona görə də məhkəmənin belə qərar qəbul etməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə kölgə salır, onları zədələyir.
Rusiya üçün yaxşı vəd verməyən qərardan doğan suallar və cavablar...
Bu zaman belə bir suallar yaranır ki, ümumiyyətlə, ÜAK-ın bağlanması Rusiyaya hansı təsirləri göstərə bilər? Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, nəyə görə Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir? Rusiya kimi ölkədə hansısa texniki məsələlər buna əsas ola bilərmi?
Həmin sualların cavablarını isə mərhələli şəkildə qeyd edə bilərik:
1. İlk növbədə, belə bir qərarın qəbul edilməsi Rusiyanın regiondakı fəaliyyətinə problem yaradacaq və onun bitərəf mövqeyinə kölgə salmış olacaq.
2. Məhz Azərbaycana qarşı belə bir qərəzli münasibətin göstərilməsində erməni lobbisinin rolu və fəaliyyəti artıq heç bir şübhə doğurmur.
3. Rusiya regionda və dünyada öz siyasi dəsti-xətti ilə seçilən bir dövlət olduğu üçün, "texniki məsələlərin" ÜAK-ın bağlanmasına səbəb olacağını düşünmək sadəlöhvlük olardı.
Bu qərar Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə salır
Onu da xatırlatmaq yerinə düşərdi ki, bu yaxınlarda Rusiya Erməniləri İttifaqının sədri A.Abramyanın 60 illik yubileyində Rusiyanın bütün hakim elitası, o cümlədən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov iştirak edib, həmçinin Prezident Vladimir Putin ona təbrik məktubu göndərib.
Digər tərəfdən isə Rusiya hökuməti Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etdirir. Bu birtərəfli və əsassız yanaşmanın səbəbi nədir?
Belə bir addım həm Rusiyadakı erməni lobbisinə diqqətin gücləndirilməsi, həm də Ermənistana hərbi yardımın artırılması fonunda baş verirsə, demək Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə düşür.
Artıq, Azərbaycandakı rus icması, Azərbaycan diaspor təşkilatları, ölkə ictimaiyyəti, media qurumları və QHT-lər Rusiya hökumətinin düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırırlar. Lakin təəssüflər olsun ki, Rusiya hətta Azərbaycanda yaşayan rus icmasının da müraciətini saya almayaraq, o cümlədən, Azərbaycanla əldə edilən qarşılıqlı inkişafa durğunluq gətirə biləcək yanlış addımını atmış oldu. Çox yəqin ki, Şimal qonşumuz gec, ya da tez bunun fərqinə vararaq, hansı siyasi və kobud səhvə yol verdiyini bir daha nəzərdən keçirməli olacaq.
Rövşən NURƏÖDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB