Tural Abbaslı: “Müsavatdan kiminləsə məsləhətləşməyə ehtiyac yoxdur” AÇIQLAMA

"AĞ Blokun partiyaya çevirilməsi istiqamətində işlərimiz hələ də davam edir. Əslində bu məsələdə təşkilati-texniki və hüquqi-siyasi yöndə işlərimizi intensivləşdirmişik. May ayında artıq Qurultayımızı keçirib siyasi səhnədə yeni adla fəaliyyətə başlamaq niyyətindəyik". Bu fikirləri SİA-ya açıqlamasında Müsavatın keçmiş Divan üzvü, "Ağ Blok"un təsisçisi Tural Abbaslı deyib.

Bu proseslərin ağır və zaman tələb edən olduğunu deyən Tural Abbaslı əsas güclərini hüquqi məsələlərin həllinə yönəltdiklərini bildirib: " Biz partiyamızın rəsmi dövlət qeydiyyatından keçmiş tamhüquqlu bir partiya olmasını istəyirik. Bu istiqamətdə də artıq bəzi işlər görülüb. Sadəcə olaraq indiki mərhələdə bunların elan olunması məqsədəuyğun deyil. Eyni zamanda Qurultayın təşkilati məsələləri də davam etdirilir, əsasən üzvlər və Qurultayın kütləviliyi sahəsində işləyirik".

Tural Abbaslı onu da qeyd edib ki, onlar AĞ partiyanın yaranması və gələcəkdəki fəaliyyəti ilə bağlı Müsavat rəhbərliyindən heç kimlə danışmayıb yaxud da məsləhətləşməyiblər: "Düşünürəm ki, belə bir məsləhətləşməyə ehtiyac yoxdur. Ancaq Müsavatdakı dostlarımızla isti münasibətlərimiz qalır. Bizim məqsədimiz Müsavatla mübarizə deyil. Hansı partiya bizimlə necə münasibətdə olacaqsa, biz də elə olacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...